Naxçıvan Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və milli dövlətçilik məsələləri" mövzusunda Respublika konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.
Respublika konfransı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi dünyaya göz açdığı qədim Naxçıvan torpağında da yüksək səviyyədə, silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb.
Müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edən səlahiyyətli nümayəndə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Belə ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olunub, irimiqyaslı iqtisadi layihələrin icrasına başlanılıb.
"Dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik dövlətimizin əsas dayaqlarını təşkil edir", - deyə bildirən Fuad Nəcəfli Ulu Öndərin Azərbaycanın inkişaf strategiyasında Naxçıvanın roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsilə böyük nailiyyətlərə qovuşduğunu qeyd edib.
İkinci dəfədir Ulu Öndərin vətəni Naxçıvanda olduğunu bildirən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətindən bəhs edib. Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyev ideyalarının və siyasətinin dayandığını bildirən Hafiz Paşayev diqqətə çatdırıb ki, əgər Ulu Öndər Heydər Əliyev olmasaydı, Azərbaycan ötən əsrin 90-cı illərində yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirə bilərdi. Məhz ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanla Ermənistan arasında atəşkəsin imzalanması Ulu Öndərin çox böyük səyləri və uzaqgörənliyi sayəsində baş tutub. Bunun nəticəsində isə ölkədə hərtərəfli inkişafa nail olunub.
Hafiz Paşayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasəti həm də bu gün Azərbaycanı dünyaya qalib, zəfər qazanmış bir ölkə kimi təqdim edir. Belə ki, biz dahi şəxsiyyətin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinə II Qarabağ müharibəsində bir daha şahid olduq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
Bu cür mötəbər konfransın təşkilinə və dəvətə görə minnətdarlıq edən Hafiz Paşayev Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, müəllifi olduğu kitabları Naxçıvan Universitetinə hədiyyə edib.
Naxçıvan Universitetinin rektoru dosent Anar Kazımov konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, Ulu Öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən, onun Naxçıvanın inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib. A.Kazımov bu mötəbər elmi toplantının da bu məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.
Ümummilli Liderin 100 illiyinə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor, ümumilikdə konfransa 20 ali təhsil və elmi-tədqiqat müəssisəsindən 240-dan çox məqalənin daxil olduğunu diqqətə çatdırıb, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.
Azərbaycan Dövlət İqtisad