Azərbaycan 3 ildən çoxdur ki, öz qalibiyyəti ilə artıq siyasi və hərbi sahədə öz sözünü deyib. Qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq sülh istəyimizi daim ön planda tutmuşuq. Sülhyaratma prosesində bir çox tərəflər vasitəçilik etsə də, biz xeyli addımlar atsaq da danışıqlar heç bir nəticə vermir. Bunun əsas səbəbi, Ermənistanın mövqesizliyi və nə istədiyini bilməməsidir. Qeyri-müəyyən yanaşması ilə sülhün və təhlükəsizliyin təminini ləngidən Hayastan şübhəsiz ki, öz xarakterinə uyğun hərəkət edir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Ölkəmiz sülh üçün istənilən şəraiti yaradıb.
Həqiqətən də sülh sazişinin prinsiplərini müəyyən edən, beynəlxalq hüquq normalarına əsaslanan tərəf məhz elə Azərbaycan olub. Üçtərəfli bəyannamədə üzərimizə düşən bütün öhdəliklərə əməl etmişik. Qarabağdakı ermənilərə illərdir reinteqrasiya üçün təkliflər edilir. Onlar Azərbaycan vətəndaşlığını alsalar, digər vətəndaşlarla bərabərhüquqlu yaşayacaqlar. Amma onlar bu qədər güzəşt qarşısında belə öz iyrənc əməllərindən əl çəkməyərək dünya ictimaiyyətini Azərbaycan əleyhinə yönləndirirlər.
Biz qalib ölkəyik və istəsək bu təklifi verməyə də bilərik. Lakin Azərbaycan daima öz ədalətli mövqeyini qoruyub beynəlxalq və regional faktorlarla uğurlu, davamlı münasibət qurub. Odur ki, indi sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistan hakimiyyətində isə siyasi iradə yoxdur. Deyəsən, Hayastan bundan sonra hansısa möcüzənin baş verməsini gözləyir.
Zaman-zaman sülh müqaviləsinin imzalanmasına bir sıra dövlətlərin müdaxiləsi də müşahidə olunur. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların "qapısını döyür. Təbii ki, regionda marağı olan bəzi ölkələr, hətta region ölkələri Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona "dayaq" olduğunu göstərməyə çalışır. Dünyanın müxtəlif yerlərində olduğu kimi, Cənubi Qafqazda da sülhün bərqərar edilməsini istəməyən, hətta bu prosesi açıq şəkildə əngəlləyən siyasi dairələr Ermənistanın ağlını başından alır. Ermənistan öz gələcəyini milli maraqlarına əsasən deyil, Qərbin ambisiyaları üzərində planlaşdırır. Bununla proseslərə mane olmağa çalışan qüvvələr məsələni neytrallaşdırırlar. Qərbin bu niyyətinə zəmin yaradan Ermənistan isə görünür ki, öz halından məmnundur. Əks təqdirdə, heç bir ölkə yüzlərlə kilometr uzaqlıqdakı dövlətin forpostu olmaq istəməz. Ermənistanı məğrur, haqqı tapdanmış, həmçinin iqtisadiyyatını öz gücünə gücləndirmiş dövlət kimi qələmə verən Qərb özü də çox yaxşı fərqindədir ki, həqiqət heç də belə deyil. Onlar dünənə qədər sülh uğrunda mübarizə sərgiləyirdilər, bu gün isə ermənipərəst mövqe nümayiş etdirirlər.
Bizim istəyimizdən asılı olmayaraq vasitəçilər bir çox məqamlarda elə mövqe nümayiş etdiriblər ki, danışıqlar prosesində ciddi nəticələr əldə olunmur. Məhz bu səbəbdən Azərbaycan Ermənistana vasitəçisiz danışıqlar aparmağı təklif edir. Bu müqavilə iki müstəqil dövlətin imzaladığı sülh sazişi olacaq. Artıq burada heç bir zaminə və yaxud da tərəfdaşa ehtiyac yoxdur. Sırf buna görə, bəzi ölkələr bizə rəqib qismində çıxış edir. Ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri qlobal məsələyə çevrilməməlidir. Çünki bu proses iki ölkə arasında olan məsələdir.
Ermənistana sivil prinsiplər əsasında qonşuluq etməyi və əmin-amanlıq şəraitində yaşamağı təklif edirik. Çox təəssüf ki, qarşı tərəf bu humanist çağırışlara hələ də müsbət cavab vermir. Lakin ilin sonuna qədər sülhün əldə olunması gözləniləndir.
Röya RÜSTƏMLİ,
"Respublika".