Sudan qanunsuz istifadə halları aşkarlanıb
Digər xəbərlər

Sudan qanunsuz istifadə halları aşkarlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 16 mayda yaydığı məlumatında bildirilir ki, Bakı - Quba yolunda yerləşən Las Vegas restoranında suyun talanması faktı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan restorana  çəkilmiş 32 mm diametrli boru ilə sudan qanunsuz istifadə edib. Oxşar vəziyyət Asfaltzavod adlanan ərazidə fəaliyyət göstərən daş sexində də aşkarlanıb. Bu obyektin sahibi də texniki şərt almadan, müqavilə bağlamadan sudan uçotsuz istifadə edib. Çerkassi küçəsində yerləşən avtomobil təmiri sexinin sahibi də fərdi xəttini özbaşına şəbəkəyə qoşub. 

Nəzarət tədbirləri zamanı kommersiya obyektləri ilə yanaşı, fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə halları aşkarlanıb. Xəzər bağları adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su şəbəkəsinə qeyri-qanuni birləşmələr verərək mənzilləri içməli su ilə təmin edib.

Aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. Bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

“Respublika”.