Cəbrayılın xoş günləri irəlidədir
- Tam səmimiyyətlə deyirəm, doğma yurdumuz Cəbrayılın xoş günləri irəlidədir. Lap qısa zaman kəsiyində bu füsunkar yerlərdə həyat bərpa olunacaq, cəbrayıllılar öz isti ocaqlarına qayıdacaqlar.
Doğma kəndi Əmirvarlıdan yenicə qayıdan Əyyub Quliyev səfər təəssüratına bu sözlərlə başlayır. Əyyub müəllim uzun illər Cəbrayıl rayonunda rəhbər vəzifələrdə işləyib. İndi təqaüddədir. El arasında deyildiyi kimi, rayonu beş barmağı kimi tanıyır.
- Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə, 97 kənddən ibarət idi. İşğal zamanı Cəbrayıl rayonuna 13. 928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kvadratkilometri əhatə edən, 52 min nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Qarbağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 27 sentyabr 2020-ci ildə düşmən hücumuna əks-cavab verərək ağır zərbələr endirən Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçdi. Yağı düşmən bütün istiqamətlərdə darmadağın edildi. Bu gün cəbrayıllılar cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində 30 illik işğala son qoyan şanlı Ordumuzun döyüşçülərinə dərin minnətdarlıq hissi ilə yaşayırlar.
Əyyub müəllim davam edir:
- İndi kimin bu tərəflərə yolu düşürsə, genişmiqyaslı yenidənqurma, quruculuq işlərinin şahidi olur. Yol infrastrukturu yenidən qurulur, dəmiryolu bərpa edilir, elektrik enerjisi, su təchizatı sistemləri həyat vəsiqəsi alır. Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra digər bölgələrimiz kimi, qısa bir zamanda Cəbrayıl rayonunda da bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilib. Bu gün artıq ərazilərimizdə yenidənqurma işləri intensiv şəkildə reallaşır. Dövlət başçısının işğaldan azad olunan ərazilərə mütəmadi səfərləri çərçivəsində yeni layihələr həyata keçirilir. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq edilir. Həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimizdə, o cümlədən Cəbrayılda dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastrukturlar tezliklə yenidən qurulacaqdır. Elə indicə mətbuatdan şad bir xəbər oxudum; Ağalı kəndində meyvə bağlarından bağbanlar nübar ərik yığımına başlayıblar. Cəmisi il yarım bundan əvvəl salınan ərik bağında bol məhsul yetişdirilib. Bu, bizim zəngin, bərəkətli, məhsuldar torpaqlarımızın əyani göstəricisidir.
Əyyub müəllim haqlıdır. Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə tezliklə yeni işıqlı həyat başlanacaq. Azərbaycan sosial layihələri uğurla reallaşdırır və işğaldan azad olunan ərazilərdə silsilə və kompleks tədbirlər həyata keçirilir. Cəbrayılda da Azərbaycanın işğaldan azad olunan digər ərazilərində olduğu kimi, yaşayış məskənləri dağıdılıb, tarixi-memarlıq abidələri erməni vandalizminə məruz qalıb. "Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi", - deyə cənab Prezident bildirib. Dövlət başçısı qeyd edib ki, işğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq biganə qalırdılar. Bu gün Cəbrayıl şəhəri demək olar ki, yerlə-yeksan olub. Dövlət başçısının vurğuladığı kimi, cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər