Ermənistanın və havadarlarının yenilməz, keçilməz dedikləri və hədsiz dərəcədə güvəndikləri istehkam xətlərinin dəf edilməsi, erməni ordusunun məhv olunması, silah-sursatının ələ keçirilməsi, əsgərlərinin və zabitlərinin döyüşü tərk edib qaçması, ordusunun dağılması, fərariliyin artması, tarazlığının pozulması ermənilərin döyüş əzmini və qərarlılığını birdəfəlik yox etdi. Erməni xalqının, dövlətinin psixoloji olaraq çökməsinə səbəb oldu. Qarabağı 28 il boyunca analarının laylalarında Vətən, millət, bayraq kəlmələrini dinləyərək böyüyən nəsil, döyüşçü ruhlu, rəşadətli ordu azad etdi. Tarixi ədalət qələbə çaldı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Əzəli və əbədi torpaqlarımızı işğalçılardan azad edən igidlərin cərgəsində Adəm Əmirov da inamla addımlayıb, şəhidlərimizin qanı tökülən yurd yerlərini qəsbkar erməni caynağından xilas etmək üçün döyüşlərə atılıb.
Yeri gəlmişkən qeyd edək ki, Ağdam rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğı göstərilir, onlarla görüşlər keçirilir, üzləşdikləri problemlər həll edilir. Ağdam rayonunun Bənövşələr qəsəbəsində Vətən müharibəsi şəhidi Adəm Elçin oğlu Əmirovun ailə üzvlərinin yaşadığı ev Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən əsaslı təmir olunub və evin önündə şəhidin xatirə lövhəsi qoyulub. Avqustun 25-də şəhid Adəm Əmirovun ailəsinin yaşadığı ev ailə üzvlərinə təhvil verilib, xatirə lövhəsinin açılışı olub.
Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra şəhid Adəm Əmirovun xatirə lövhəsinin üzərindən ağ örtük götürülüb, önünə gül dəstələri düzülüb, şəhidin ruhuna dualar oxunub. Sonra rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov mərasimdə çıxış edərək, 44 günlük Vətən müharibəsi zamanı şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından, Silahlı Qüvvələrimizin rəşadətindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin fədakar xidmətindən, prinsipiallığı və qətiyyətindən söz açıb.
Qeyd edək ki, Adəm Əmirov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 20-də qəhrəmanlıqla həlak olub. Rayonun Quzanlı qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Salman ALIOĞLU,
"Respublika".