İşğaldan azad edilən Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri haqlı olaraq hər birimizdə qürur hissi yaradır və inanırıq ki, yaxın gələcəkdə qədim yurd yerimiz olan Qərbi Zəngəzurun da taleyinə Günəş doğacaq.
Qarabağda olduğu kimi, Şərqi Zəngəzurda da ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələr icra olunur, bölgənin enerji təsərrüfatı yenidən qurulur, hava limanları inşa olunur, yeni yollar çəkilir, yaşayış məntəqələri tikilir, keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə həmin ərazilərdə etibarlı və layiqli məskunlaşması üçün hər cür şərait yaradılır. Ən əsası isə Zəngəzur nəqliyyat və enerji dəhlizinə çevrilir. Şərqi Zəngəzur iqtisadi rayonunda ən əhəmiyyətli layihələrdən biri də dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq avtomobil yollarının tikintisi və Horadiz-Ağbənd dəmir yol xəttinin çəkilməsidir. Bir sözlə, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün bütün işləri ardıcıllıq və yüksək keyfiyyətlə davam etdirir.
30 illik işğal dövründə Ermənistan qəsdən, bilərəkdən Şərqi Zəngəzuru xarabalığa çevirib, bölgənin bütün sərvətlərini amansızcasına talan, qarət edib, bu yerləri həyat işartısı olmayan ölü zonaya çevirib. Bütün bu erməni vəhşilikləri münaqişənin aradan qaldırılması ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin gözləri qarşısında baş verib, hətta Azərbaycan torpaqlarını zəhərləməkdə ermənilərə havadarlıq ediblər. 44 günlük müharibədə qazanılan tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinə başlanılıb və hazırda uğurla davam etdirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da gələcək məskunlaşma ilə bağlı olaraq çox böyük infrastruktur layihələr həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyev mayın 4-də Şərqi Zəngəzura səfəri zamanı Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlqoyma mərasimində iştirak edib və qəsəbənin ilk təməl daşını qoyub. Qeyd edək ki, həmin qəsəbə xalqımız üçün tarixi əhəmiyyət daşıyan və yaşı əsrlərlə ölçülən qədim Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Bərgüşad və Həkəri çaylarının qovuşduğu yerdə yerləşən Qubadlı rayonunun Zilanlı kəndinin də təməli qoyulub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Zilanlıya ilk mərhələdə 772 nəfərin köçürülməsi kəndin bir il yarıma tikilib təhvil verilməsi nəzərdə tutulur. Qeyd edək ki, kəndin yerləşdiyi ərazidə kəhrizlər var və buradan iki çay keçir. Hara baxsan, çay daşları göz oxşayır. Həmin daşlardan istər dizayn məqsədilə, istərsə də tikinti materialı olaraq istifadə olunacaq. Ümumiyyətlə, tikinti-quruculuq işləri Qubadlının şəhər mərkəzində, Xanlıq və Kürdmahruzlu kəndlərində də başlayıb.
Dağların qoynunda yerləşən Laçın şəhərinin yenidən qurulması, modern şəhər təsərrüfatının yaradılması, milli memarlıq üslubunda tikilən evlər gələcəyin aydın üfüqlərini əks etdirir. Şəhər sakinlərinin doğma şəhərə qayıdışına sayılı günlər qalıb. Şəhərsalmada ən vacib əhəmiyyət kəsb edən telekommunikasiya şəbəkəsinin qurulması üçün magistral xətlər çəkilib və paylayıcı qurğularla təmin edilib. Laçın şəhərində "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON şəbəkəsinin tətbiq olunması üçün işlər bu yaxınlarda yekunlaşacaq. Bu xidmətlərdən Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndlərinin sakinləri də yararlanacaq. Xidmətlərin konkret ünvanlara təhvil verilməsi isə tələbata uyğun olaraq planlı şəkildə icra ediləcək.
Hazırda Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, eləcə də işğaldan azad olunan digər şəhər və rayonlarda, kəndlərdə telekommunikasiya xidmətlərinin bərpası istiqamətində layihələndirmə, texniki şərtlərin hazırlanması, kabellərin çəkilməsi işləri planlı şəkildə həyata keçirilir. Əhalinin məskunlaşma proqramına uyğun olaraq bərpaedilən bütün yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin ediləcək.
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi - minaların təmizlənməsi, həyat