Yurdumuzun dilbər guşələrindən biri olan Zəngilan rayonu 28 ilə yaxın Ermənistanın işğalı altında qalıb. Əhalisi məcburi köçkünə çevrilib, bir şəhər, 5 qəsəbə və 79 kənd işğalçılar tərəfindən dağıdılıb, əhalinin var-dövləti qarət edilib, evlər, tarixi abidələr tamamilə uçurulub, infrastruktur sıradan çıxarılıb. Coğrafi mövqeyinə və strateji əhəmiyyətinə görə Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan İran, qərbdən isə Ermənistanla həmsərhəddir. Qeyd edək ki, Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Ərazisi 707 kvadratkilometrdir, Kiçik Qafqaz dağlarının cənubunda Arazboyu hissədə yerləşir. Tarixi çox qədimlərə söykənən Zəngilanda zəngin qızıl yataqları (Vejnəli) var. Rayon ərazisindən dörd çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay. Vaxtilə rayonda 21 dəmiryol müəssisəsi və 6 dəmiryol vağzalı fəaliyyət göstərib. Göründüyü kimi, Zəngilan həm də mühüm nəqliyyat qovşağı olub. Bəsitçay hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Həmin təbii çinar meşəsi ərazisinə görə planetdə ikinci, Avropa qitəsində isə birincidir. Ermənistanın işğalı nəticəsində Zəngilanın təbiətinə ciddi ziyan vurulub, təbii çinar meşəsi kütləvi şəkildə qırılaraq məhv edilib. Vətən müharibəsində ən uğurlu döyüş əməliyyatlarından biri də Zəngilan uğrunda gedən döyüşlər olub və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. 2020-ci il oktyabrın 20-də Zəngilan işğalçılardan azad edilib. Dekabrın 23-də Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. İşğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri ilk dəfə Zəngilan rayonundan başlanıb. Zəngilanda birinci “Ağıllı kənd” pilot layihəsi həyata keçirilir. Hazırda Ağalı kənd sakinlərinin Şərqi Zəngəzura, doğma yurd yerlərinə qayıdışı davam edir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlar barədə bildirib ki, Zəngilanın davamlı gələcəyinə birbaşa töhfə verəcək beş əsas inkişaf istiqaməti müəyyən edilib: kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat və logistika, turizm və yaşıl enerji. Hazırda Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xətti üzrə işlərin 40 faizi, avtomobil yolunda isə 70 faizi tamamlanıb. Şərqlə Qərb ölkələrini birləşdirəcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti işləri uğurla davam edir. Zəngilan Hava Limanı istifadəyə verilib. Şərqi Zəngəzurun yenidən qurulması prosesində kifayət qədər çətinliklər olsa da, eyni zamanda böyük imkanlar da var. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi qarşımızda duran əsas vəzifədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müəyyən etdiyi quruculuq strategiyası uğurla və dəqiq plan əsasında həyata keçirilir. Yenidənqurma səylərinə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsidir. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir.
Qeyd edək ki, Zəngilan şəhərinin Baş Planı təsdiq edilib, dövlətimizin başçısı İlham Əliyevin xeyir-duası ilə bir çox xidmət sahələrinin təməli qoyulub. Şəhərin mərkəzində salınacaq məhəllədə ilk yaşayış binası inşa edilir. Ümumi sahəsi 2. 06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması nəzərdə tutulub. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək. Bundan başqa, Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binası da inşa edilir. Şəhərin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1, 6 hektardır. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq.
Zəngilan rayonunun gələcək inkişafında kənd təsərrüfatı və heyvandarlıq mühüm yer tutacaq. Məhz buna görə də Zəngilandakı “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. “Ağıllı kənd təsərrüfatı” texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida istehsalı əsasında fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Ən əsası isə kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək. Ötən il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri çərçivəsində rayonda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı oldu. Yuxarıda qeyd etdiyimiz kimi, aqropark rayonun iqtisadi inkişafında mühüm rol oynayacaq. Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilir. “Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış heyvanlardan alınan ət məhsullarının paketlərinin üzərinə “made in Qarabağ” etiketləri vurulur.
Aqroparkın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdirilir. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək.
Şərqi Zəngəzura Böyük Qayıdış başlayıb, keçmiş məcburi köçkünlər bu tarixi hadisəni illər uzunu gözləyib, ümidlərini heç zaman itirməyib, öz liderlərinə, Qalib Ali Baş Komandana ürəkdən inanıb və etibar ediblər. Prezident-xalq birliyi sarsılmaz xarakter alıb. Dövlət başçısının Zəngilana növbəti səfəri zamanı Mehriban xanım Əliyevanın paylaşdığı bir video trendə çevrildi. Həmin videoda Prezidentimizin Bəsitçayın kənarında əyləşərək düşündüyü anlar öz əksini tapıb. Əlbəttə, bu görüntülərin dəyəri çox qiymətlidir, iki il bundan əvvəl həmin çayın ətrafında gərgin döyüşlər gedirdi, qəhrəman oğullarımız yağı düşməni torpaqlarımızdan qovurdu. Onlar öz qanları bahasına yurd yerlərimizi işğaldan azad etdilər. Çox təsirli, dəyərli və tarixi bir an yaddaşlara yazıldı...
Salman ALIOĞLU,
“Respublika”.