Separatçı rejim iyulun 14-də Xankəndidə aksiya keçirib. Qeyd edək ki, Xankəndidə bundan öncəki mitinqin təşkilatçısı olan Qarabağ separatçılarının fəallarından biri, eyni zamanda, "təhlükəsizlik şurasının keçmiş katibi" Vitali Balasanyan həbs edilib.
Onun evində axtarış aparıldıqdan sonra oğlu ilə birgə xüsusi xidmət orqanlarına aparılıb. Onlar separatçı rejimin "xidmət orqanının nümayəndəsinə" və ya onun yaxın qohumuna xidməti vəzifələrinin icrası zamanı zor tətbiq etməkdə ittiham olunurlar. Budəfəki aksiyanı isə separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan təşkil edib. O, ötən gün axşam yayımladığı videomüraciətdə hamını meydana çıxmağa çağırıb. Nersisyanın sözlərinə görə, "xalq hərəkatı" bundan sonra hansı addımların atılacağını müəyyənləşdirəcək. Bu aksiyanı əhəmiyyətli edən məqam isə onun Brüssel görüşündən öncə baş verməsidir. Qeyd edək ki, 21 iyulda nəzərdə tutulan görüşün vaxtı irəli çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş 15 iyul tarixində Brüsseldə keçiriləcək. Bu məqamı xüsusilə vurğulayan siyasi şərhçi Asif Nərimanlı bildirir ki, aksiya keçirilməsinin qərarını Brüsselə getməmişdən öncə baş nazir Nikol Paşinyan vermiş ola bilər.
"Bu aksiya və Nersisyanın çıxışı isə 1988-ci ildə erməni separatizminin başlanılmasını xatırladır. Əslində, onların məqsədi öz mövcudluqlarını qorumaqdır. Amma bir məsələdə yanılırlar ki, buna 35 il öncəki ssenarini təkrarlamaqla nail olmaq mümkün deyil. Bu baxımdan, qondarma "xalq hərəkatı"nın hansısa nəticəsinin olması ehtimalı azdır. Aksiyanı xəbər əhəmiyyətli edən məqam həm də Brüssel görüşündən öncə təşkil olunmasıdır. Məlumdur ki, Baş nazir Brüsseldə qondarma "Xankəndi-Bakı" formatının və "ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmin" yaradılması iddiasını səsləndirməkdə maraqlıdır. Xankəndidəki aksiya da məhz onun iddialarını əsaslandırması üçün zəmin formalaşdırmağa xidmət edə bilər. Amma istənilən halda, bu qanunsuz aksiyalar görüşün keçirilməsinə, prosesin Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun şəkildə irəliləməsinə mane ola bilməyəcək. Çünki rəsmi Bakının bu mövzuda yanaşması dəyişməyəcək, həm də Azərbaycanın Qarabağla bağlı tələbləri artıq qlobal sferada qəbul olunub. Bir neçə gün öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın "Stepanakert" yox, məhz Xankəndi ifadəsini işlətməsi də bunun sübutudur. Odur ki, sifarişçinin kimliyindən asılı olmayaraq, atılan bu təxribatçı addımlar nəticəsiz qalacaq".
Jalə QASIMZADƏ,
"Respublika".