Azərbaycanın müstəqil siyasət kursu fonunda qərbin ikili standartları
Digər xəbərlər

Azərbaycanın müstəqil siyasət kursu fonunda qərbin ikili standartları

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına müsahibə verib. Dövlət başçısının müsahibəsi iyulun 22-də "China Global Television Network" televiziya kanalında yayımlanıb. Ölkə başçımız müsahibəsində bildirib ki, Çin-Azərbaycan münasibətləri yüksək səviyyədədir və bu, ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Çinli jurnalist isə bu tərəfdaşlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkib. Dövlət başçımız da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaradıb. Eyni zamanda İlham Əliyev bildirib ki, əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Dövlət başçısı müsahibəsində Azərbaycan-Çin əlaqələri ilə yanaşı, digər vacib məsələlərə də toxunub. İlham Əliyevin qərbin ikili standartları ilə bağlı dedikləri isə xüsusilə diqqət çəkib: "Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik. Fikrimcə, bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Rights Watch", "Amnesty International" və "Freedom House" müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar. Onlar yiyələri ilə razılaşdırmadan bir addım belə sağa, yaxud sola ata bilməzlər. Lakin bilirsiniz, biz bu mühitdə yaşamağa öyrəşmişik. Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir!".

Əslində, Prezident İlham Əliyev mütəmadi olaraq qərbin ikili planlarını ifşa edir. O, martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında da bildirmişdi ki, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Aydın məsələdir ki, Azərbaycanın dinamik inkişafını, regionun lider dövlətinə çevrilməsini, beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsini, dünyada söz sahibi olmasını istəməyən, müstəqil siyasət aparmasını həzm edə bilməyən anti-Azərbaycan qüvvələr, onların təsiri altında olan media qrupları ölkəmizə qarşı kampaniya aparırlar. Qatı ermənipərəst "Freedom House", "Amnesty International" və "Human Rights Watch" kimi üzdəniraq təşkilatlar da bu kampaniyanın əsas oyunçularıdırlar. Təsadüfi deyil ki, onlar 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı, I Avropa Oyunları ərəfəsində və oyunların davam etdiyi müddətdə Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışıblar.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası beynəlxalq münasibətləri tənzimləmək, dövlətlər arasında hərbi toqquşmaya yol verməmək və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə malikdir. Qısaca desək, BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 5-i daimi olmaqla, (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) 15 üzvü var. Digər 10 qeyri-daimi üzvü 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar 9 üzv səs verdikdə qəbul olunmuş sayılır. 5 daimi üzvün hamısı veto hüququna malikdir. Adətən, ABŞ, Fransa və Böyük Britaniyanın maraqları üst-üstə düşür. Çinlə Rusiya isə bu və ya digər şəkildə bir çox məsələyə veto qoya bilirlər. Bu da onu göstərir ki, BMT Təhlükəsizlik Şurası həm də monopoliyadır.

Azərbaycan da selektiv yanaşmadan və ikili standartlar siyasətindən son 30 ildə ən çox əziyyət çəkən ölkələrdən biridir. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğu bütün dünyaya bəllidir. Lakin Azərbaycana gəldikdə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı. BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində 822 saylı qətnamə qəbul etdi, Ermənistan qoşunlarının Kəlbəcərdən qeyd-şərtsiz geri çəkilməsini tələb etdi. 29 iyul 1993-cü ildə qəbul edilən 853 saylı qətnamə və həmin ilin 14 oktyabrında qəbul edilən 874 saylı qətnamə də atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi ərazilərdən geri çəkilməsini tələb edirdi. Qarabağ münaqişəsi ilə bağlı 1993-cü il noyabrın 12-də qəbul edilmiş 884 saylı dördüncü qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatlar nəticəsində atəşkəs pozulmaları qınanılır, Ermənistandan ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. 2020-ci ildə isə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi.

Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar" siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Aparıcı beynəlxalq təşkilatlar cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etməməsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi qurumların obyektivliyinə və prinsipiallığına kölgə salır. Etimadın olmadığı sferada isə ölkələr arasındakı qarşılıqlı fəaliyyət səviyyəsi azalır. Bu da regional müharibələrlə nəticələnir. 44 günlük müharibə də Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyaya səbəb oldu. Azərbaycana məğlub olan Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Azərbaycan faktiki olaraq konfrontasiya geosiyasi xəttini sındırıb regionu əməkdaşlıq və təhlükəsizlik müstəvisinə çıxardı. Bununla da Vətən müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət tamamilə dəyişdi. Uzun illər ərzində qlobal geosiyasətin ən həssas məkanlarından birinə çevrilən regionda sabitlik bərpa olundu. Bütün bunların davamı kimi, hazırda Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Region dövlətləri arasında mövcud olan çoxtərəfli əməkdaşlıq formatları da Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasının qoyulduğunun əyani sübutudur. Azərbaycan isə yeni nizamın geostrukturuna uyğun siyasət aparır və uğurlu meqatrendlərə istinad edir.

Jalə QASIMZADƏ,

"Respublika".