Sənə Zəfər yaraşır, Azərbaycan!
Gündəm

Sənə Zəfər yaraşır, Azərbaycan!

Hər şey o gündən başladı. İllərlə köz bağlayan yaralarımıza, torpaq itkimizə, yurd həsrətimizə son qoyulacaq tarixə doğru addımladıq. Bu yolda, ilk növbədə, xalqımız Ali Baş Komandanın, ordunun arxasında birlik nümayiş etdirdi. Çünki xalq, millət olaraq bu günü çoxdan gözləyirdik.

2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin cəbhəboyu təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Bir yumruq kimi birləşən xalqımız düşmənin layiqli cavabını verdi. Hər günü bir tarix olan Vətən müharibəsi cəmi 44 gün çəkdi. Amma 44 ilə, qərinəyə, əsrə, bəlkə də minilliklərə meydan oxudu. Tarixin dərin qatlarından zəmanəmizə gəlib çatan qəhrəmanlıq dastanlarına yeni Zəfərlər yazıldı. Nə axan qanlar bizi qorxutdu, nə də verdiyimiz şəhidlər. Ermənistan cəbhə bölgəsindən, döyüş meydanından çox-çox uzaqda yerləşən şəhərlərimizi də ağır artilleriyadan atəşə tutsa da, bu, bizim gözümüzü qorxutmadı. Gəncəyə, Bərdəyə, hətta Beyləqana atılan kassetli bombalar belə insanları bir addım olsun yerindən-yurdundan geri çəkmədi. Hər bir Azərbaycan vətəndaşı düşmənlə mübarizə apardı.

Azərbaycan əsgəri şəhidlik zirvəsinə ucaldı, müqəddəslik, alilik qazandı. Çünki o, haqq savaşında, ədalət uğrunda mübarizədə döyüşürdü.  Düşmənlə mübarizədə istək, sevgi hər bir əsgər və zabitimizi qələbədən-qələbəyə apardı. Milli qeyrət, heysiyyat və təəssüb hissi bu milləti Qalib xalq zirvəsinə yüksəltdi. 44 günlük Vətən müharibəsində 200 illik müddətdə itirilən torpaqlar, ərazilər düşmən tapdağından azad edildi.

Məğlubedilməz ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dünya hərb tarixinə isə yeni bir səhifə açaraq, gücünü və haqlı tərəf olduğunu sübuta yetirdi. Əgər Vətən müharibəsində qələbənin əsas hərəkətverici qüvvələrindən biri müasir hərbi texnika idisə, digəri də  əsgər və zabitlərimizin Vətən sevgisi idi. 30 il yaşadığımız torpaq itkisinin acısını, ağrısını yalnız Qələbə hissi əvəzləyə bilərdi. 8 noyabr 2020-ci il Vətən müharibəsindəki Zəfərimiz Qarabağ dərdimizə məlhəm oldu. Bu mənada, Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlətimizin və xalqımızın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. İkinci Qarabağ müharibəsi xalqın uzun illər itirilmiş inam hissini özünə qaytardı. Bu qələbə hər bir vətəndaşın həyatında dönüş nöqtəsinə çevrildi. Artıq məcburi köçkün, qaçqın sözləri leksikonumuzda yoxdu. Qalib dövlətin vətəndaşı azad edilmiş yurduna-yuvasına dönəcəyi günün sevincini yaşadı.

Azərbaycan dövləti bu istiqamətdə də işlərini intensiv və planlı şəkildə həyata keçirdi. Bu gün şəhidlərin canı, qanı bahasına azad edilən Vətən torpaqlarında yeni həyat canlanır. Arzular çiçək açır, ümidlər qanadlanır, sevincdən yaşaran gözlər işıq saçır. Ürəklər minnətdarlıq hissi ilə döyünür. Azad Qarabağda kəndlər, şəhərlər yeni, daha müasir və modern üslubda inşa edilib sakinlərin ixtiyarına verilir. Bəli, 44 günlük Vətən müharibəsi təkcə 30 illik arzularımızı yerinə yetirmədi, həm də yeni arzulara, istəklərə yol açdı. İndi hamı qarabağlı olmaq, Qarabağda, Şərqi Zəngəzurda yaşamaq istəyir. Var olsun bu hissi millətə yaşadan yenilməz Azərbaycan ordusu və Ali Baş Komandan.

Müharibənin başladığı ilk gün ölkə başçısı İlham Əliyev televiziya vasitəsilə xalqa müraciətində bildirdi ki, Ermənistan silahlı qüvvələri cəbhənin bir neçə istiqamətindən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Mülki əhali və hərbçilər arasında itkilər, yaralılar var. Ali Baş Komandan Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə zərbələr endirdiyini və qarşı tərəfin silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edildiyini də açıqladı. Elə ilk gün ordumuz düşmənin illərlə qurduğu keçilməz müdafiə xətlərini yararaq bir sıra kənd və strateji mövqeləri azad etdi. Bu isə əsgərlərimiz kimi, xalqımıza da böyük stimul verdi. Ordunun arxasında bir yumruq kimi birləşən xalqın "hamı cəbhə üçün" şüarı ön xəttə döyüşən əsgərin gücünə güc qatdı. Bununla da Azərbaycan ordusu öz gücünü, vətənpərvərliyini, cəsurluğunu bütün dünyaya göstərdi. Məğlubedilməz ordunun zəfərini Ali Baş Komandan siyasi müstəvidə qazandığı qələbə ilə yekunlaşdırdı. Bütün cəbhələrdə düşmən biabırçı məğlubiyyətə uğradı. 30 il davam edən düşmənin işğal siyasətinə son qoyuldu. Qələbədən sonra daha güclü, qüdrətli Azərbaycan formalaşdı.

Ramidə YAQUBQIZI,

"Respublika".