Şəhid Məhəmməd Məmmədov dəfn olundu
Digər xəbərlər

Şəhid Məhəmməd Məmmədov dəfn olundu

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun komando qüvvələrinin giziri Məmmədov Məhəmməd Bilal oğlunun nəşi anadan olduğu Biləsuvar rayonuna gətirilib. Biləsuvarın Ağalıkənd kəndində şəhidimizlə vida mərasimi keçirilib.

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Məhəmməd Məmmədovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi. Vida mərasimindən sonra şəhid Məhəmməd Məmmədov torpağa tapşırılıb.

Şəhidin atası Bilal Hüseynov oğul itkisinin ağır olmasına baxmayaraq, Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.

Məmmədov Məhəmməd Bilal oğlu 15 dekabr 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdu. 2020-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb. 2021-ci ilin dekabr ayından Azərbaycan ordusunun komando qüvvələrində gizir rütbəsində çalışırdı. Şəhidin tabutu üzərində olan üçrəngli Azərbaycan bayrağı ailəsinə verilib.

Ərəstun ABDULOV,

"Respublika".