Xaçmaz rayonunun ümumtəhsil məktəblərində pedaqoq adını böyük məsuliyyət hissi və şərəflə daşıyan, yüksək tədris təcrübəsinə malik fənn müəllimləri çoxdur. Onlardan biri də bu yaxınlarda ölkə Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş Mərdanova Rəhilə Tahir qızıdır.
Onun barəsində əvvəlcə Quba Regional Təhsil İdarəsinin Xaçmaz sektorunun müdiri İnqilab Musayevlə söhbət etdik. O bildirdi ki, Rəhilə müəllimi çoxdan tanıyıram. Bir neçə il eyni məktəbdə çalışmışıq. Onun yüksək tədris metodikası var. Şagirdlərlə çox gözəl işləyir. Dərs üslubu tamamilə fərqlidir. Odur ki, tədris etdiyi fənləri şagirdlərinə sevdirə bilir. Onun tədris etdiyi kimya-biologiya fənləri üzrə ali məktəblərə daxil olan məzunlarımızın sayı çoxdur.
Rəhilə Mərdanovanın çox sadə tərcümeyi-halı var. 1997-ci ildə Bakı Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirib. Düz 25 ildir ki, kimya-biologiya fənlərinin tədrisi ilə məşğuldur. Ailəlidir. Həyat yoldaşı da müəllim işləyir. 2 övladı var. Övladlarının hər ikisi respublikamızın nüfuzlu ali məktəblərinin tələbəsidir.
Pedaqoji fəaliyyətinə rayonun Müzəffər oba kənd tam orta məktəbində başlayıb. Daha sonra Köhnə Xaçmaz kənd tam orta məktəbində çalışıb. 2016-cı ildən indiyə kimi pedaqoji fəaliyyətini Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbində davam etdirir. Müəllimin tədrisdə ən çox üstünlük verdiyi cəhətlərdən biri müəllim-şagird münasibətlərinin düzgün qurulmasıdır. Öz ixtisasını ürəkdən sevən, onu dərindən bilən Rəhilə müəllim hər bir şagirdə (güclü, orta, zəif) öz qabiliyyətinə görə yanaşır. Proqram materiallarını elə sinifdəcə mənimsəmələrinə diqqət edir. O, istedadlı şagirdlərə daha çox vaxt ayırır. Onlar üçün əlavə məşğələlər təşkil edir. Odur ki, onun şagirdləri Respublika Fənn Olimpiadalarında uğurla çıxış edirlər.
Rəhilə Mərdanova daim öz üzərində çalışır. Müntəzəm yeni ədəbiyyatları vərəqləyir. Yenilikləri öyrənir və gündəlik işində tətbiq edir. Onu da qeyd edək ki, qabaqcıl pedaqoq Müəllimlərin Diaqnostik Qiymətləndirmə (MDQ) sertifikasiyasında və Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında yüksək nəticələr əldə etmişdir.
Rəhilə xanım ən əvvəl şagirdləri arasında, daha sonra isə pedaqoji kollektivdə nüfuz sahibidir. Ona bu nüfuzu qazandıran əməksevərliyi, öz bacarığı və işinə olduqca tələbkar yanaşmasıdır. Dərs dediyi şagirdlər arasında hazırda yüksək vəzifələrdə çalışan, ali məktəblərdə oxuyan müxtəlif peşə, sənət sahibləri vardır. Şagirdlərindən ikisi bu gün onunla çiyin-çiyinə bir məktəbdə çalışır. Rəhilə xanım deyir ki, ən böyük mükafatım şagirdlərimin uğurlarıdır. O, şagirdlərinə təkcə elm, təhsil öyrətmir. Eyni zamanda həyatın enişli-yoxuşlu yollarında büdrəməmələri üçün onlara həm də həyat dərsi keçir. Çalışır ki, yetirmələri vətənpərvər, sağlamdüşüncəli, cəmiyyətə layiqli vətəndaşlar kimi yetişsinlər.
İnsan öz çətin zəhmətinin şirin bəhrəsini görəndə özünü xoşbəxt sayır. Çətinlikləri unudur, irəli baxır, daha yaxşı işləməyə çalışır. Yüksək mükafat bu müəllimi əsla arxayınlaşdırmır. Əksinə, onu daha yaxşı işləməyə, böyük uğurlara ruhlandırır. Qadınlar bayramı münasibətilə Rəhilə müəllimi təbrik edir, ona möhkəm cansağlığı, şərəfli işində daha böyük müvəffəqiyyətlər arzulayırıq.
Ziyafəddin BAYRAMOV.