Faşizm ideologiyasının Cənubi Qafqazdakı müasir davamçıları
Digər xəbərlər

Faşizm ideologiyasının Cənubi Qafqazdakı müasir davamçıları

Ermənistanda keçirilən beynəlxalq turnirdə Azərbaycanın Dövlət bayrağını yandıran məxluqun hər cür şərəf və ləyaqətdən uzaq olan bir toplum tərəfindən "qəhrəman" kimi  qələmə verilməsi onların hansı təfəkkürdə olmasından, hansı ideyalarla yaşamasından xəbər verir. Bütün dünya hər il faşizm üzərindəki qələbəni qeyd edib bunu bəşəriyyət üçün böyük nailiyyət adlandırsa da, Cənubi Qafqazda Ermənistan adlı dövlətdə faşizmin qalıqları hələ də yaşamaqdadır. XX əsrin ortalarında milyonlarla insanın ölümünə səbəb olan nasizm ideologiyasının davamçıları (ermənilər) nə zaman sülhlə bağlı çağırışlar olursa, həmin ərəfələrdə dünya miqyasında bir təxribata əl atırlar.

Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Dövlət bayrağımızın yandırılması əslində, illərdir Ermənistanı dəstəkləyən beynəlxalq təşkilat və qurumların əməyinin "bəhrəsidir". İllərdir qlobal güclərin bu ölkəyə verdikləri  dəstək onları həddindən artıq cəsarətləndirib. Dünyanın aparıcı qurumları erməniləri belə bir çirkin əməllərinə görə  çətin ki, cəzalandırsın. Çünki XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı cinayət törədənlər bu günə qədər cəzasız qalıblar. Azərbaycanın BMT çərçivəsində tanınan əraziləri 30 il qəsb olunduğu zaman da bu ölkə heç bir sanksiyaya və qınağa məruz qalmadı. Dünyanın  qabaqcıl nüfuzlu idman komitələrindən hələ ki, bu məsələ ilə bağlı hər hansı bir tədbir görülməsə də, erməni cəmiyyətinin daxilindən bayrağımızı yandıran və bu əməli dəstəkləyənlərə cavab verildi. Ermənilərin törətdikləri insanlıqdan kənar əmələ elə bu ölkənin deputatı reaksiya vermişdir. "Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm", - söyləyən erməni millət vəkili xalqının müəyyən qisminə tam olaraq uyğun ad verib. Vəhşi və adamyeyən...

Ermənistanın məsul şəxsləri bu yarışla bağlı öz üzərinə müəyyən məsuliyyət götürmüşdü və belə xoşagəlməz hadisələrin baş verməməsi üçün zəruri təhlükəsizlik tədbirləri görmək də onların borcu idi. Lakin onlar buna ciddi yanaşmayıblar. Yarışın açılış mərasimində hansısa yarışın təşkilatçılarından olan Aram Nikolyan bayrağımızı yandırmaqla Azərbaycana heç nə edə bilmədi. Əksinə, öz xalqını, rəhbərini və ölkəsini rüsvay etdi. Bu əməli törətməklə məsuliyyətsizliklərini və bacarıqsızlıqlarını nümayiş etdirmiş oldular. Onlara ən gözəl cavabı isə türkiyəli idmançılar verdilər. Qardaş ölkə hər zaman olduğu kimi, bu dəfə də olmadığımız yerdə bizi layiqincə təmsil edib qazandıqları medalları Azərbaycana həsr etdilər. Qorxduqları başlarına gələn haylar Azərbaycanın Dövlət Himninin səslənməsindən ehtiyat etdikləri bir vaxtda İrəvanda Türkiyənin Dövlət Himninin səslənməsinə mane ola bilmədilər. Ermənilərin bu qıcığının əsas səbəbi məlumdur. İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra özlərinə yer tapa bilməyən düşmən məğlubiyyətinin revanşını ölkələrində bayrağımızı yandırmaqla, silahsız hərbçimizə qarşı qeyri-insani davranışla və zaman-zaman şərti cəbhə boyu atəşkəsi pozmaqla almaq istəyir. Vətən müharibəsində qarşı-qarşıya gəlməkdən çəkinən düşmən döyüş bayraqlarını sahibsiz qoyaraq geriyə qaçırdılar.  Hətta, 11 min fərarisi olan bir ölkənin hələ də yeni müharibəyə can atmaq istəyi heç bir məntiqə və ağıla sığmır. Əslində, düşmənin özü bütün reallıqları görür, sadəcə, bunu qəbul etmək istəmir. Onlara ağır gələn 30 ildən sonra məğlub olmalarıdır. Azərbaycanın zəif və gücsüz rəhbərliyindən istifadə edib, torpaqlarını işğal edərək silahsız insanları üzərində törətdikləri vəhşi davranışlarının qisasını hərb meydanında alan Azərbaycan Ordusu azad olunmuş əraziləri üçrəngli bayrağımızla bəzədilər. İndi bu şanlı bayrağımız Ermənistanla həmsərhəd ərazilərdə və ən əsası Şuşa qalasında dalğalanır. Ermənilər isə Laçın-Xankəndi yolundan keçərkən Şuşa qalasında dalğalanan bayrağımıza baxıb dərindən ah çəkməkdən başqa heç nə edə bilmirlər. Ancaq bu dəfə hansısa alçaq bir addımı atmağa cəsarətləri çatmaz.

Musa BAĞIRLI,

"Respublika".