Rəsmi Paris müəyyən öhdəliklər daşımalıdır
Digər xəbərlər

Rəsmi Paris müəyyən öhdəliklər daşımalıdır

Bu gün Fransada illərdir ki, davam edən, həmçinin artan sosial-iqtisadi problemlər ölkəni ağuşuna alıb. Makron xalqın böyük əksəriyyəti tərəfindən rədd edilir və onun növbəti dəfə ölkəsinə prezident seçilməsi, hətta erməni lobbisinin dəstəyi ilə də qeyri-mümkün görünməkdədir. Bununla yanaşı, Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərini qəzəbləndirib.

Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Daxili çəkişmələr azmış kimi, ermənipərəst mövqeyi ilə də gündəmə gələn rəsmi Paris, Korsika adasındakı 400.000 insanın hüquqlarını bərpa etmək yerinə Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarının da "qeydinə" qalır. Bu mövzuda media seçki, yerli özünüidarəetmə, informasiya əldə etmək, konstitusiya hüququ və insan hüquq və azadlıqları sahəsini əhatə edən kitablar müəllifi, hüquqşünas Ələsgər Məmmədli deyib:

"Milli və etnik qrupların həm kimliklərinin, həm də dillərinin qorunması, habelə, bunun inkişafı baxımından qlobal güclər öhdəlik daşıyırlar. Beynəlxalq hüququn müəyyən müddəaları bu prosesi rəsmən dəstəkləyir. Yaxın perspektivdə Fransa tərəfindən Korsikada ana dilinin qadağan edilməsi ilə bağlı qərar qəbul olunursa, Avropa Şurası və Avropa Məhkəməsi nəzdində milli azlıqların hüquqlarının qorunması ilə bağlı konvensiya çərçivəsində zidd məqamların aradan qaldırılması üçün rəsmi Paris müəyyən öhdəliklər daşıyır. Fransanın tərkibindəki hər bir milli azlıq hansı ki, müəyyən dildə danışır və bunu inkişaf etdirmək istəyirsə buna şərait yaradılmalıdır.

Digər tərəfdən, Fransanın Azərbaycana qarşı siyasi mövqeyi tam fərqlidir. Biz dəfələrlə beynəlxalq təşkilatların və qurumların Ermənistanı dəstəkləmək məqsədi ilə Azərbaycan əleyhinə bəyanatlar verdiyinin şahidi olmuşuq. Bu sənədlərin də öz növbəsində heç bir əsası yoxdur. Buradakı əsas məqsəd Ermənistanı həvəsləndirmək və birlik nümayiş etdirməkdir. Bu dəstəyi isə bu gün Ermənistan ən çox Fransadan görür. Fransanın Cənubi Qafqazdakı davranışı beynəlxalq hüququn bütün aspektlərindən, ölkə ərazisinin bütünlüyünün qorunması baxımından, habelə etnik azlıqların hüquqlarını bərpa etməsi çərçivəsindən kənardır. Çünki Fransa Qarabağ bölgəsi ilə bağlı Ermənistan ilə tərəfdaşdır. Bunu Emmanuel Makron da təsdiq edir. Bu addım Fransada yaşayan erməniləri şirnikləndirmək üçün atılır. Bunun üçün də Parlamentdə və ölkə gündəmində bu məsələ həmişə olacaq.

Nurlan ABDALOV,

"Respublika".