Regional əməkdaşlıqda yeni mərhələ -
Siyasət

Regional əməkdaşlıqda yeni mərhələ -"3+3" formatı

Azərbaycanın regiona gətirdiyi yeni reallıqlara əsasən Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri arasında sıx əlaqələri, inteqrasiyanı nəzərdə tutan "3+3" formatı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Cənubi Qafqazda 6 ölkənin iştirakını nəzərdə tutan yeni əməkdaşlıq formatının regiona inkişaf və tərəqqi gətirməsi ilə yanaşı, qonşuluq münasibətlərinin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu əməkdaşlıq formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır. Qeyd edək ki, "3+3" formatı çərçivəsində Ermənistan və Azərbaycan arasında danışıqlara dünən İran evsahibliyi edib. XİN rəhbərləri səviyyəsində keçirilən görüşdə, İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri də iştirak ediblər. Qeyd edək ki, Gürcüstan görüşdə iştirak etməyib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il üçtərəfli Bəyanat regionda sülhün, sabitliyin və təhlükəsizliyin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə əsaslanan qarşılıqlı hörmət və birmənalı dəstəkdən çıxış edərək 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallıqların möhkəmləndirilməsinə, sülh və sabitliyin inkişafına yönəlmiş səylərin birləşdirilməsinə töhfə verir. Qərbin çoxüzlü yanaşmasının fonunda regional oyunçuların bu platforma ətrafında birləşməsi olduqca əlamətdardır. Mövcud vəziyyətdə Ermənistan təcavüzkar və pozuculuq mövqeyinə görə bir çox regional layihələrdən kənardadır. Bu səbəbdən platformanın Ermənistanı regional layihələrə cəlb etməsi sülh və sabitliyin yaranmasında önəmli rola sahib olan Cənubi Qafqaza əlavə oyunçuların müdaxiləsinin qarşısını alır.

Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində bölgə üçün çox önəmli olan "3+3" formatının önəmini vurğulamış, bu təşəbbüsü sülhün təminatı kimi qiymətləndirmişdi. Türkiyə ilə Azərbaycanın dəstəklədiyi bu təşəbbüs Ermənistan-Azərbaycanın münasibətlərinin normallaşması, o cümlədən İran üçün də yeni bir iqtisadi dönəmin başlanmasına imkan yaradır. Dövlət başçısının da qeyd etdiyi kimi, bu, sadəcə olaraq siyasi təşəbbüs deyil, burada konkret layihələr də müzakirə oluna bilər. Ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsi olduqca vacib amillərdir. Azərbaycan regional lider olaraq öz tarixi missiyasını yerinə yetirdi. Bundan sonra regionda sülh və əmin-amanlığın bərqərar olması prioritetdir.

İrəli sürülən təşəbbüsün gələcək perspektivləri olduqca yüksəkdir. Effektiv bir format kimi irəli sürülmüş bu platforma həm Cənubi Qafqaz ölkələri, həm də bölgəyə yaxın, kifayət qədər böyük siyasi və iqtisadi gücə malik olan Rusiya, İran, Türkiyə kimi ölkələrin də eyni zamanda bu platformaya qoşulması artıq onun təməlinin möhkəm olacağı proqnozunu verir. Burada diqqət yetirilməli məqamlardan biri də Qərbin Ermənistanı bu platformada iştirakdan yayındıra biləcəyi ehtimalıdır. Sirr deyil ki, son vaxtlar Ermənistan-Rusiya münasibətlərində soyuqluq yaşanır. Buna paralel olaraq, İrəvanın Qərb ölkələri ilə onsuz da yaxşı olan münasibətlərinin daha da istiləşməsi müşahidə olunur. Lakin mövcud vəziyyətdə Ermənistanın platformada iştirakı Cənubi Qafqazın sabitliyi üçün önəmlidir. Regiona müdaxilədə Ermənistandan maşa kimi istifadə edən qüvvələrin bu tip yanaşmalardakı məkrli mövqeyi regionda sabitliyin bərqərar olması üçün əsaslı təhdid yaradır. Məhz platformanın Ermənistanla qonşuluq əlaqələrinin formalaşması ehtimalı qərb dairələrini olduqca narahat edir. Xatırladaq ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına yersiz müqavimət göstərməsi yolun İrandan keçməsini reallığa çevirdi. Nəticədə qlobal logistik nəqliyyat yolunun qazandıracağı iqtisadi gəlirlərdən Ermənistan məhrum oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvana səfəri zamanı qeyd etdiyi kimi, son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət yaranıb. "Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Biz bu borcu yerinə yetirməkdə qətiyyətli və səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir", - deyən Türkiyə dövlətinin başçısı vurğulamışdı ki, bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bunu təsdiqləyir. Onun sözlərinə görə, irəli sürülən platforma regional mexanizmin yaradılması ideyasını dəstəkləyir. Məhz bu çərçivədə Rusiya düşünür ki, formatın reallaşması planının praktik müstəviyə keçirilməsinin vaxtı gəlib çatıb.

"3+3" formatının fəaliyyətə başlaması regionda sülh və sabitliyə böyük töhfə verəcək. Platforma təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə "3+3" formatına daxil olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatı deməkdir. Bu format 331 milyon nəfər əhalisi ilə dünyada üçüncü, ərazisinə görə isə birincidir. Formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir. "3+3" formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarı olacaq Rusiya, Türkiyə və İranla ticarət əlaqələrinin möhkəmlənməsi və inkişafı, sözsüz ki, platformanın yaratdığı ən əlverişli imkanlardan biridir.

Artıq Azərbaycanın sülh və inkişaf imperativlərinin səmərəliliyi qlobal güclər tərəfindən təsdiq edilir, hərtərəfli, dərin diplomatik fəaliyyət nəticəsində Azərbaycanın ədalətli mövqeyi dəstəklənir. Ölkəmizin bu təşəbbüsündə Türkiyənin tam dəstəyi və digər qonşuluqda olan ölkələrlə Azərbaycanın xoş qonşuluq münasibətində olması formatın uğurlu olacağına işarədir.

Nurlan ABDALOV,

"Respublika".