Uğurlarımızın əsasında dövlət başçısının yürütdüyü prinsipial siyasət dayanır
Azərbaycan Ermənistan üzərində qələbəni 44 günə təmin etdi!.. Bu ifadəni tez-tez işlədirik. Bəli, İkinci Qarabağ müharibəsi 44 gün çəkdi, ancaq qələbəyə doğru uzun-uzadı bir yol qət etdik. Azərbaycanın 2003-cü ildən başlayaraq apardığı böyük qələbəyə hazırlıq kursu burada xüsusi qeyd edilməlidir. Çünki ölkə rəhbəri ilk gündən Azərbaycan xalqının və dövlətinin erməni işğalı ilə barışmayacağı faktından çıxış edərək, ardıcıl və sistemli şəkildə dövlətin və cəmiyyətin gücünü artırmaq istiqamətində fəaliyyət göstərib.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 17 il ərzində çıxışlarında bu barədə açıq danışıb, bütün yüksək səviyyəli görüşlərdə, ali toplantılarda, beynəlxalq təşkilatların tədbirlərində, BMT-nin yüksək tribunasında çıxış edəndə belə Prezident işğal altındakı əraziləri hərbi yolla azad etmək variantını heç vaxt istisna etməyib. O, əsas məqsədi də dəqiq ifadə edib: "Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istəyimizə nail olduq".
Bu müstəvidə "ərazi bütövlüyünü bərpa etmək tarixi ədaləti bərpa etməkdir" fundamental tezisinin əsaslı siyasi, geosiyasi, tarixi və mədəni aspektləri vardır. Siyasi aspekt Azərbaycanın dövlətçilik ənənəsinin ümumi fəlsəfəsi ilə bağlıdır və dövlət siyasətində ədalət prinsipi isə mərkəzi yer tutur. Dövlət başçısının prinsipial siyasi xətti elə ilk prezident seçkisindən dərhal sonra özünü büruzə verməyə başladı. YAP-ın VII qurultayındakı çıxışında ölkə rəhbəri bununla bağlı deyib: "Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatdıq".
Bəli, Azərbaycan Prezidenti öz hədəflərinə çatır, çünki prinsipial mövqe nümayiş etdirir və mövqeyindən dönmür. Vətən müharibəsindən sonra sülh danışıqlarına başlanması, sülh müqaviləsinin bağlanması istiqamətində də öz mövqeyini ortaya qoyub. Sülh müqaviləsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq üçün 5 maddədən ibarət sülh paketi təklif edib.
Məlumdur ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası əsas məsələlərdən biridir. O cümlədən, Zəngəzur dəhlizinin işləməsi prinsipial əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti kontekstində iki tezis üzərində dayanılır. Birincisi Zəngəzur dəhlizinin açılmasının 10 noyabr Bəyanatından irəli gəlməsi ilə əlaqəlidir. İkincisi, regionda nəqliyyat-kommunikasiya imkanlarının inkişafının, davamlı sülhün və tərəqqinin təmin edilməsinə imkanlar açılmasına yeni təkan verəcəyi ilə bağlıdır. Deməli, Zəngəzur dəhlizi yalnız əhəmiyyətli iqtisadi-kommunikasiya faktoru deyil. O, daha çox geosiyasi və geoiqtisadi kontekstdə əməkdaşlıq, davamlı sülh və tərəqqi məsələsi ilə əlaqəlidir. Eyni zamanda, Zəngəzur dəhlizi əhəmiyyətinə görə regional miqyası aşaraq qlobal səviyyədə faydalı layihələrin reallaşmasında vacib rol oynamalıdır. Dövlət başçısı YAP-ın qurultayında: "İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik", - fikrini səsləndirərkən, Prezident uzun illər səbirlə, sistemli şəkildə və ardıcıl surətdə beynəlxalq vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsinə yönəlmiş siyasətin yaratdığı reallığa güvənir.
Azərbaycanın postmüharibə dövründə xarici siyasət kursu dəyişməz olaraq qalır və ölkə başçısının dediyi kimi: "Müharibə dövrü və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu,