Ermənistanda siyasi mənzərə uzun müddətdir davam edən rəqabət və iğtişaşlarla səciyyələnir. Müxalif qüvvələr xalqın düşdüyü vəziyyətə görə günahı baş nazir Nikol Paşinyanda görür. Belə ki, 2018-ci ildə "məxməri inqilab" kimi tanınan geniş etirazlardan sonra keçmiş jurnalist və fəal Nikol Paşinyanın hakimiyyətə gəlişi siyasi və iqtisadi islahatlara ümid yaratsa da, işğalçı ölkəni idarə etmək bir o qədər də asan olmadı.
Paşinyanın əleyhdarları iddia edirlər ki, onun hökuməti iqtisadi tərəqqi və həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədi, birlik və sabitliyin təmin olunması əvəzinə, ölkə daxilində parçalanmaları daha da gücləndirdi, sonda siyasi iğtişaşlara və sosial gərginliyə gətirib çıxardı. Müxalifət partiyaları Paşinyan hökumətinin onlarla əlaqə qurmaması nəticəsində ölkədə problemlərin, o cümlədən işsizlik və yoxsulluq səviyyəsinin yüksəldiyini, idarəçilikdə şəffaflığın olmadığını bildirirlər. Müxalifət Nikol Paşinyanı Qarabağ münaqişəsinin həllində və bunun fonunda düzgün xarici siyasət yürütməməkdə, beynəlxalq müstəvidə maraqlı tərəflərlə səmərəli danışıqlar aparmamaqda, ölkə üçün əlverişli şərtləri təmin etməməkdə günahlandırır. Müxalifət iddia edir ki, Paşinyanın 2020-ci ildə altıhəftəlik müharibəyə son qoyaraq üçtərəfli Bəyanat imzalamaq qərarı ölkənin milli təhlükəsizliyinə və ərazi bütövlüyünə xələl gətirən kapitulyasiya idi. Paşinyanın strateji uzaqgörənliyinin olmamasının Ermənistanın "ərazi itkiləri" ilə üzləşməsinə səbəb olduğunu, onilliklər ərzində nəzarətində olan ərazilərin Azərbaycana "verildiyini" iddia edən müxalifət baş naziri xəyanətkar adlandırır.
Həmçinin üçtərəfli Bəyanatın Qarabağdakı etnik erməni əhalisinin hüquqlarını və təhlükəsizlik problemlərini təmin etmədiyini bildirir. Müxalifətə qoşulan radikallar da Paşinyan administrasiyasını korrupsiyaya qarşı mübarizədə, idarəetmədə, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün heç bir iş görmədiyinə və hakimiyyətdən sui-istifadə hallarına görə tənqid edirlər.
Bəllidir ki, Ermənistan tarix boyu Azərbaycan və Türkiyəyə düşmən mövqeyində olub. Qərb qonşumuzun ölkəmizin ərazi bütövlüyünü pozması ilə münasibətlər daha da gərginləşib və düşmənçilik səviyyəsinə çatıb. Bu səbəbdən Türkiyənin Ermənistana tətbiq etdiyi blokada düşmən ölkənin iqtisadi inkişafını ciddi şəkildə məhdudlaşdırıb və o, regionda reallaşdırılan bütün layihələrdən təcrid olunub. Bu gün ölkənin keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, dini lideri Njde Qaregin kimi millət qanına susamış radikallar bu məsələlərdə baş naziri hədəf seçməklə məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Belə ki, müxalifətə, eyni zamanda radikallara görə, Paşinyan hökuməti regional çağırışların öhdəsindən gələ bilmir və Ermənistanın mənafeyini qorumur. Onlar hesab edirlər ki, daha güclü diplomatik səylər və strateji addımlarla Ermənistanın maraqlarının müdafiəsini təmin etmək olar. Lakin qeyd etmək lazımdır ki, Ermənistanın üzləşdiyi vəziyyət, siyasi iğtişaşlar, iqtisadi gerilik və regional amillər yalnız Paşinyan hakimiyyətinə deyil, ondan əvvəlki rəhbərlərə də birbaşa aiddir, sadəcə Paşinyan onların siyasətini "uğurla" davam etdirir.
İkinci Qarabağ müharibəsində düşmənin kapitulyasiyası, Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlarsız geri qaytarması Ermənistanın daxilində siyasi və sosial əks-səda doğurdu və bu, müzakirələr mövzusu olaraq davam edir. Buna görə müxalifət Paşinyanın qərar qəbul etmək və danışıqlar aparmaq bacarığının Ermənistanın milli maraqlarını qorumaq üçün yetərli olmadığını bəyan edir. Radikallar iddia edirlər ki, Paşinyanın qarşıdurma yaratması və bölücü ritorikası mövcud fikir ayrılıqlarını daha da gücləndirib və vacib islahatların aparılmasına mane olur. Keçmiş prezidentlər Paşinyanı hakimiyyətdə əsas kadrları dəyişdirməklə demokratik prinsiplərə məhəl qoymamaqda ittiham edir, bunun ölkə daxilində sabitliyin pozulmasına, demokratik dəyərlərin aşınmasına səbəb olduğunu qeyd edirlər. Serj Sarkisyan, Robert Köçəryan Paşinyanı səhv idarəçilikdə tənqid edir, onun hökumətini korrupsiya ilə mübarizə, vergi islahatları və biznesin inkişafı kimi struktur problemləri effektiv şəkildə həll etməməkdə günahlandırır, baş nazirin siyasi təcrübəsizliyini, institusional normalara məhəl qoymamasını vurğulayırlar