Qlobal dünyanın etibarlı qaz tədarükçüsü
İqtisadiyyat

Qlobal dünyanın etibarlı qaz tədarükçüsü

Azərbaycanın istər regional, istərsə də qlobal proseslərdəki əvəzsiz rolu danılmazdır. Regionda baş verən proseslərdə birmənalı şəkildə bölgənin rifahı üçün çalışan ölkəmiz reallaşdırdığı meqalayihələrlə öz liderlik mövqeyini daha da möhkəmləndirir. Məhz bu çərçivədə Avropa İttifaqına üzv dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.

Azərbaycan beynəlxalq miqyasda etibarlı imici ilə fərqlənir və qərbin enerji tələbatının ödənilməsinə mühüm töhfə verir.

Dünyanın diqqət mərkəzində olan enerji resurslarımız etibarlı tərəfdaşlıqda önəmli yer tutur. Qeyd etmək lazımdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu enerji siyasəti Cənubi Qafqazın ilk neft istehsalçılarından olan Azərbaycanı beynəlxalq arenada əsas oyunçuya çevirmişdir.

1996-cı ildən başlanan Aİ (Avropa İttifaqı) ilə əməkdaşlıq 2004-cü ildən Avropa Qonşuluq Siyasəti və 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində daha da güclənmişdir. Ölkəmiz Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Aİ ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəm təməllər üzərində qurulması ölkədaxili iqtisadiyyatın güclü olmasından qaynaqlanır. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmuşdur. Son 20 il ərzində Ümumi Daxili Məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb.

3 ildir ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. Ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağa nail olmuşdur. Qlobal enerji probleminin hökm sürdüyü bir dövrdə Avropanın etibarlı tərəfdaşı məhz Azərbaycandır. Ölkəmizin enerji sektorunda əldə etdiyi uğurlara nəzər yetirsək görərik ki, Azərbaycan vahid iqtisadi enerji planı üzrə uğurla irəliləyərək böyük nailiyyətlərə imza atmışdır. Hələ 2004-cü ildə "Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarının işlənməsi üzrə Mərhələ 3-ün təsdiq edilməsi ilə Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə başlanması, 2005-ci ildə Səngəçal terminalında xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulması və "Azəri Faza 1" layihəsi üzrə "Mərkəzi Azəri" yatağından neft hasilatına start verilməsi Azərbaycanı regionun lider enerji təminatçısına çevirdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan enerjisinin Avropaya ötürülməsi 2014-cü ildən sonra mümkün olmuşdur. Həmin il Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda, 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Qeyd edək ki, Trans-Anadolu Boru Kəməri Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə kimi, Trans-Adriatik Boru Kəməri (TAP) isə Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən başlamaqla Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatdırır. Ümumi dəyəri 12 milyard dollar təşkil edən hər iki nəhəng layihənin reallaşdırılması cənab İlham Əliyevin birbaşa təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təbii qaz ixrac edərək enerji potensialını dünya miqyasında sübut etmişdir.

Cənub Qaz Dəhlizi siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsinə və dərinləşməsinə xidmət edən layihədir. Bununla yanaşı, Avropaya nəql olunan qazın hasil edilməsində "Şahdəniz" yatağının əhəmiyyəti olduqca böyükdür. Belə ki, yataq istismara veriləndən 1 dekabr 2023-cü il tarixinədək buradan 206,7 mlrd. kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz"dən hasil edilən qazın 146,4 mlrd. kubmetri ixrac edilib. Əminliklə deyə bilərik ki, "Şahdəniz" qaz-kondensat yatağının istismara verilməsi Azərbaycanı nəinki qonşu ölkələrə, hətta Avropaya qaz ixrac edən ölkəyə çevirməyə əsaslı şərait yaradıb.

Bu il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorun açılış mərasimi keçirildi. İnterkonnektorun açılışından sonra Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 9-a çatdı. Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radevin iştirak etdiyi mərasim bir daha Avropanın enerji təminatında ölkəmizin rolunu diqqət mərkəzinə gətirdi. Prezident İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışına həsr olunmuş tədbiri dostluq və strateji tərəfdaşlıq mərasimi adlandırması bir daha bunu təsdiq edir. Qeyd edək ki, Serbiya-Bolqarıstan interkonnektoru Bolqarıstandan Serbiyaya hər il 1,8 milyard kubmetr, əks istiqamətdə isə 0,15 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Təbii qaz tədarükü marşrutlarının şaxələndirilməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına və qaz təchizatının təhlükəsizliyinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan bir çox Avropa ölkələrinin qaz istehlakının 80, digərlərinin isə 15-20 faizini təmin edir. Qeyd edək ki, boru kəmərinə Nişdən əlavə, Bela Palanka, Pirot və Dimitrovqradda daha üç ölçmə stansiyası da daxil olacaq. Bu da həmin şəhərlərdə yaşayan sakinlərə, eləcə də məktəblərə, xəstəxanalara və digər müəssisələrə istilik və sənaye istehsalı üçün qaz təchizatı əldə etməyə imkan verəcək.

Məlum olduğu kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Şübhəsiz ki, Abşeron, Qarabağ, Ümid, Babək və Azəri-Çıraq-Günəşli Dərin Qaz layihələrində əlavə qaz həcmlərinin hasil ediləcəyi təqdirdə, Avropaya qaz ixracatının həcminin gələcəkdə daha da artırılması planlaşdırılır.

Nurlan ABDALOV,

"Respublika".