Ötən əsrin 90-cı illərinin əvvəlində baş verən hadisələr, AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəetməsi, torpaqlarımıza qarşı erməni hərbi təcavüzü, qaçqınlıq, məcburi köçkünlük, iqtisadiyyatın dağılması, vətəndaş müharibəsi təhlükəsi, anarxiya, xaos, dövlət çevrilişlərinə qəsd, uzun-uzadı çörək növbələri, ərzaq qıtlığı insanların başı üzərinə qara bulud kimi çökmüşdü. Həmin illərdə Azərbaycanın enerji təsərrüfatı tamamilə çökmüş, əhali işıq üzünə həsrət qalmışdı. Rayon mərkəzlərində cəmi 2-3 saat işıq yanırdı, kəndlərin çoxu qaranlığa bürünmüşdü, insanlar şam işığına möhtac olmuşdular. Xalqımızın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çökdürülmüş ölkəni xilas etmək üçün böyük fədakarlıqlar göstərdi, qayda-qanunu bərpa etdi, enerji təsərrüfatının dirçəldilməsi üçün lazımi qərarlar qəbul edildi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan bütün təhlükələrdən xilas edildi, qarşıda inkişaf yolu açıldı, tərəqqinin üfüqləri göründü. Ən əsası isə hakimiyyət aparatı möhkəmləndirildi, naşı və təcrübəsiz kadrlar kənarlaşdırıldı.
Ümummilli liderin axıra çatdıra bilmədiyi işləri həyata keçirmək üçün 20 il bundan əvvəl böyük bir mücadilə başlandı, inkişaf strategiyası müəyyən edildi, müasir texnologiyaların tətbiqi iqtisadiyyatın davamlı inkişafına yol açdı. 2003-cü ilin payızında seçicilərin böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev hər şeydən əvvəl vətənpərvər olduğunu, torpaq, millət sevgisini, hər bir vətəndaşın Prezidenti olacağını ilk fəaliyyəti dövründə büruzə verdi.
Diplomatik səylər, torpaqların sülh yolu ilə azad edilməsi, atəşkəs çağırışları Ermənistan tərəfindən hiyləgərliklə rədd edilirdi. Bütün ziddiyyətlərə, təəssübkeşliyə, ikili standartlara, biganəliyə qarşı dövlətimizin başçısı mübarizə aparır, həvəsdən düşmür, bütün görüşlərində torpaqlarımızın azad ediləcəyini qəti şəkildə bildirirdi. Sözün həqiqi mənasında onun liderlik ruhu, nikbinliyi, inamı, qətiyyəti, siyasi məharəti Azərbaycanın ən böyük problemi olan erməni işğalına son qoyacağına ümid yaradırdı. Və bu tarixi an və həqiqət baş verdi, 30 ildən sonra Azərbaycan döyüş meydanında qələbə qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bir çox yeni reallıqlar yaradıb, ən əsası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə aparılır, qarşıya qoyulan hədəflərə çatmaq üçün böyük mücadilə edilir. Ən qısa müddətdə, Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı başlayıb. Bu nəhəng quruculuq işlərinə və doğma yurd yerlərinə ləyaqətli qayıdışa cənab Prezident şəxsən özü rəhbərlik edir. Həqiqətən, şərəfli günlər yaşayır, ən böyük tarixi hadisələrin şahidi oluruq. 2030-cu ilə qədərki dövr üçün müəyyən olunmuş beş milli prioritetdən biri də məhz işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışdır və bu proses sürətlə davam edir. Qarabağda və Şərqi Zəngəzurda iqtisadi fəaliyyətin canlanması, sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub. Eyni zamanda, dövlətimizin başçısı adıçəkilən iqtisadi rayonların yaşıl enerji zonasına çevriləcəyini elan edib. Bu istiqamətdə mühüm dövlət sənədləri təsdiq edilib. Bu, heç də səbəbsiz deyildir, güclü strateq kimi Prezidentimiz gələcəyi düşünür, dünyanı təhdid edən problemlərə diqqətlə və məsuliyyətlə yanaşır. Məlum olduğu kimi, qlobal iqlim dəyişikliyi ciddi narahatlıq doğurur, həyəcan təbili çalınır və dünya alimləri, ekoloqları bildirirlər ki, bununla bağlı təcili addımlar atılmalıdır. Hələ bu çağırışlara qədər Azərbaycanın bərpaolunan enerji mənbələrini inkişaf etdirmək qərarı dövlətimizin başçısının enerji təhlükəsizliyi ilə bağlı cəsarətli, düşünülmüş qərarı və strateji bir addım idi. Bu, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, "yaşıl" iqtisadi artım üçün çox böyük təşəbbüs idi. Bir daha vurğulayaq ki, Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yol xəritəsi illər əvvəl cızılıb. Vaxtilə başqa ölkələrdən enerji idxal edən Azərbaycan indi dünyada enerji ixracatçısı kimi tanınır. Gərgin zəhmət, tərəfdaşlıq, işbirliyi, etibarlılıq Prezidentimizin gündəlik fəaliyyətinin impulslarıdır, nəhəng layihələrin icra edilməsini həyata keçirmək coşqusudur. Əcnəbi tərəfdaşlar möhtərəm İlham Əliyevin şəxsiyyətinə, sözünə, əməlinə, səmimiyyətinə çox güvənirlər və məhz buna görə də respublikamızda 300 milyard ABŞ dolları dəyərində investisiya layihələri icra olunur.
Dövlətimizin başçısının "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" 2021-ci il 3 may tarixli Sərəncamı uğurla yerinə yetirilir. Mütəxəssislər hesab edirlər ki, Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq. Bərpaolunan enerji növlərinin inkişafı da həmin məqsədə yönəldilib. Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür. Belə ki, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi aparılır. Araz çayı üzərindəki "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək. Bundan başqa, Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın külək və enerji gücləri potensialı olduğu müəyyən edilib. Ehtimal edilir ki, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çox olacaq. Təsadüfi deyil ki, dövlət başçımız Qarabağı və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan edib və təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək əminliklə bildirib ki, azad edilmiş ərazilər "yaşıl enerji" zonası kimi inkişaf edəcək. Qeyd edək ki, "yaşıl enerji" zonasının yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb, baş plan tərtib olunub. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı vəziyyətinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar və işlər aparılır. Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası yenidən bərpa olunur. Artıq onların çoxu istifadəyə verilib. Qeyd edək ki, enerji bölgənin gələcək inkişafının əsas açarıdır, məhz buna görə də birinci yerdə enerji təsərrüfatının qurulması dayanır. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı inkişaf etdirilir. Tanınmış siyasi şərhçilər, dünyanın məşhur analitikləri birmənalı şəkildə bildirirlər ki, müharibədən cəmi üç il keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi, minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin qayıdışı Azərbaycan dövlətinin gücünü, iradəsini, gələcək uğurlarını göstərir.
Azərbaycanda müasir və dayanıqlı enerji siyasəti aparılır. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpaolunan 20 MVt gücündə dörd su elektrik stansiyası istismara verilib. 8 MVt gücə malik "Güləbird", ümumi gücü 7,8 MVt olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə "Kəlbəcər-1" kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində işlər davam etdirilir. Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik "Xudafərin", "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası da uğurla irəliləyir. "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVt olan "Xudafərin" və 80 MVt gücündə "Qız Qalası" su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması nəzərdə tutulur. Bu barədə Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi onların gücü 270 meqavata çatdırılacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da "yaşıl enerji"yə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq "yaşıl enerji" zonası elan olunub.
2030-cu ilədək Azərbaycan "yaşıl artım" ölkəsinə çevriləcək. Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpaolunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaradır. Təhlillərə görə, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Azərbaycanı etibarlı enerji ölkəsi kimi tanıdan, xalqımıza şanlı qələbə sevinci yaşadan liderimiz İlham Əliyevin 20 illik fəaliyyətində mühüm yer tutan enerji təhlükəsizliyi ilə bağlı qeydlərimiz dəryada bir damlaya bənzəyir. Hələ bundan sonra daha böyük nailiyyətlərin şahidi olacağıq.
Salman ALIOĞLU,
"Respublika".