2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Rusiya Federasiyasına məxsus sülhməramlı kontingent Azərbaycan və Ermənistanın razılığı ilə beş il müddətinə Azərbaycan ərazilərinə yerləşdirilib. Lakin bölgəyə gəldikləri gündən etibarən onların ard-arda etdiyi yanlışlıqlar haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradıb. Adından da məlum olduğu kimi, məramı sülh olanın tək məqsədi münaqişədə hər hansısa bir tərəfin maraqlarına deyil, sabitliyə və dincliyə töhfə verməkdir.
Qarabağda yerləşdikləri ilk gündən açıq-aşkar ermənipərəst mövqe sərgiləyən rus sülhməramlı kontingentinin suveren ərazilərimizə gəlmələrinin səbəbi sanki baş verə biləcək toqquşmaların qarşısını almaq deyil, ermənilərə kömək olmaqdır.
Qeyd olunduğu kimi, sülhməramlıların tərəflərə neytral yanaşma sərgiləməsi onların əsas iş prinsipi olsa da, buna tam əməl olunmadığından Rusiya sülhməramlıları Azərbaycan ərazisində qalmaq haqlarını hər ötən gün bir az da itirirlər. Çünki onlar üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirmir, mandatlarının tam əksinə fəaliyyət göstərir və bu qanunsuzluqları günü-gündən artırırlar.
Qarabağda yerləşən qanunsuz erməni hərbi birləşmələri hələ də ərazilərimizi tərk etmirlər. Halbuki, üçtərəfli Bəyanata əsasən bu günə kimi bir əlisilahlı erməni əsgəri də torpaqlarımızda qalmalı deyildi. Bu isə öz növbəsində regionun və ölkəmizin təhlükəsizliyi üçün ciddi narahatlıq doğuran amildir. Son vaxtlarda intensiv olaraq sülhməramlı kontingentin yerləşdiyi ərazilərdən ermənilər tərəfindən atəşkəs rejiminin pozulması üçtərəfli Bəyanata kölgə salan hallardan biridir. Ermənilər belə hərəkətlərə yol verməklə kapitulyasiya aktının mahiyyətini unutdurmağa çalışırlar. Sanki 2020-ci ildə Azərbaycan Ordusunun önündə diz çöküb təslim olan onlar deyildi.
Erməni hərbçilərin təxribatçı addımları isə Azərbaycan Silahlı Qüvvələrini antiterror əməliyyatları keçirməyə vadar edir. Onda sual olunur ki, Qarabağa münaqişəni tənzimləməyə gələn Rusiya sülhməramlıları nə işə baxır? Yaxud da nəyə görə Rusiya Müdafiə Nazirliyi hərbi kontingentinin yarıtmaz fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparmır?
Əgər Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlılarına vəzifə borclarını xatırlatmayacaqsa, ermənilərin qanunsuz hərbi birləşmələrini ərazilərimizdən rədd etməyəcəksə belə çıxır ki, növbəti günlərdə də digər təxribat hallarına rast gəlinəcək. Belə olan halda isə Azərbaycan tərəfi uzun müddət səbir göstərə bilməz. Çünki sülhməramlı kontingent ermənilərin qanunsuz əməllərinə göz yummaqla yanaşı, həm də onlara dəstək verir. Ölkəmizin sərhədləri daxilində separatizmi dəstəkləyən, onları silahlandıran hərbi kontingentin "sülhməramlı" adında beş il sonra yenidən fəaliyyət göstərmələri heç bir şəkildə məntiqə uyğun deyil.
Qeyd edək ki, bu günə qədər ermənilərin Azərbaycan ərazilərindəki qanunsuz fəaliyyətlərinin bir qisminin dövlətimiz tərəfindən qarşısı alınıb. Bu istiqamətdə aparılan işlərdə sülhməramlı qüvvələr heç bir halda Azərbaycan tərəfinə yardım etməyib. Əksinə, harada erməni təxribatı ifşa olunubsa, onun pərdəarxası məqamlarında rus hərbçilər dayanıb. Qarabağda fəaliyyət göstərən qondarma rejimin silahlanmasında birbaşa "lokomotiv" rol oynayan rus hərbi kontingenti, uzun müddət Laçın dəhlizindən məhz bu məqsədlə istifadə ediblər. Yalnız cari il aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə dəhlizdən sui-istifadə hallarının qarşısı alındı. Düzdür, hələ də Xankəndi istiqamətində alternativ yollarla silah-sursat və hərbi texnikaların daşınması müşahidə olunur və dəfələrlə hər iki tərəfə bu haqda xəbərdarlıq edilsə də, görünür adəti üzrə rus və erməni hərbçiləri yeni silahlı münaqişənin təməlini qoymaqda iddialıdırlar.
Rusiya dövləti Qarabağda yerləşən sülhməramlı kontingentin hansı oyunlardan çıxmasından xəbərdar olsa da, hələ ki, bu istiqamətdə ciddi bir tədbir görmür. Lakin bunun əvəzində, Rusiya Xarici İşlər Nazirliyi ölkəmizə qarşı əsassız iddialarla çıxış edir. Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulan Laçın postunun müvəqqəti bağlanmasını "blokada" adlandıran Rusiyanın bəzi dövlət idarələri iki ölkə arasındakı mehriban qonşuluq prinsiplərinə ciddi zərbə vurur.
Son günlərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən açıqlamalar verməsi şimal qonşumuzun Azərbaycan-Ermənistan münaqişəsinə ədalətsiz yanaşmasını göstərir.
Rusiya tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə "gərgin humanitar vəziyyət" yarandığı iddiaları həqiqətlə uzlaşmır. Azərbaycan tərəfinin Laçında sərhəd-buraxılış məntəqəsi yaratması onun suveren hüququdur və buna heç kim müdaxilə edə bilməz. Bu postun quraşdırılmasında tək məqsəd qanunazidd fəaliyyətlərin qarşısını almaq və reinteqrasiya prosesini sürətləndirməkdir. Lakin burada hər hansı bir problem yaranıbsa, tək günahkar Ermənistan və onun hərbi-siyasi rəhbərliyidir.
Ermənilərin təxribatlarına baxmayaraq, Azərbaycan hər zaman olduğu kimi, erməni sakinlərin gediş-gəlişinə heç bir maneə yaratmır, bu məntəqədən keçidi təmin edir. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkünlüyü də bəlli məsələdir.
Danılmaz faktların ortada olduğu bir vaxtda Rusiya Federasiyası XİN tərəfindən qeyd edilən erməni sakinlərin "hüquq və təhlükəsizliyi" məsələsinə gəldikdə, bu məsələ Azərbaycanın milli qanunvericilik çərçivəsində həll olunacaq və buna kənar dövlətlərin qarışması heç bir halda yolverilməzdir.
Musa BAĞIRLI,
"Respublika".