Dövlət sturukturunun əsas müddəalarından biri siyasi sistemin daim təkmilləşdirilməsini hədəfləyən islahatların aparılmasıdır. Hüquqi bazanın möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin fəallığının artırılması, ictimai nəzarətin gücləndirilməsi mövcud sxemin daha da möhkəmləndirilməsinə xidmət edir.
2023-cü ilin əvvəlində Azərbaycanda parlamentdə təmsil olunan əksər partiyaların müraciəti əsasında hazırlanan "Siyasi partiyalar haqqında" yeni Qanun qəbul olundu. Yeni qanunun qəbulundan sonra respublikamızda siyasi partiyaların qanunvericilik çərçivəsində fəaliyyətlərinə nəzarət gücləndirilmiş, mövcud tələblərə cavab verməyən bir sıra partiyalar isə fəaliyyətini dayandırmışdır. "Siyasi partiyalar haqqında" Qanun reallaşdırılan islahatların növbəti təzahürü olaraq siyasi partiyaların fəaliyyətinin səmərəli qurulmasına, daha sağlam siyasi mühitin formalaşmasına və siyasi qüvvələr arasında qarşılıqlı faydalı dialoqun genişləndirilməsinə xidmət edir.
Ədliyyə Nazirliyi tərəfindən "Siyasi partiyalar haqqında" Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı kifayət qədər üzvlərin olmaması vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair halların müəyyən edilməsi bəzi partiyaların fəaliyyət prinsipini qəti şəkildə pozduğunu göstərmişdir.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə müasir siyasi sistemin təkmilləşdirilməsi baxımından yeni qanunun hazırlanması mövcud partiyaların tələb və müzakiləri əsasında reallaşıb. Bu baxımdan, siyasi müstəvidə fəaliyyət göstərən bir çox partiyalar, eləcə də onların Milli Məclisdə təmsil olunan nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət etmişdilər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi qeyd edilmiş, Azərbaycanda bütün sahələr üzrə uğurlu siyasi islahatların həyata keçirilməsinin yeni siyasi konfiqurasiyanın formalaşmasını da şərtləndirdiyi vurğulanmışdır. Bu amil siyasi münasibətlərin və dialoq mühitinin inkişafına əhəmiyyətli təsir göstərir. Belə bir şəraitdə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi yerində atılmış addım olaraq qiymətləndirilir.
Əfsuslar olsun ki, siyasi partiyaların bağlanması müxtəlif dairələr tərəfindən başqa cür də şərh edilir. Hazırda partiya rəhbərlərinin birbaşa müraciəti ilə fəaliyyətinə son verilən siyasi partiyalara heç bir məcburetmə mexanizmi tətbiq edilmir. Sözügedən məsələdə bir sıra məqamlar var ki, bunlardan biri də partiyaların yeni qanuna uyğun olaraq fəaliyyətini davam etdirmək iqtidarında olmamasıdır. Yeni Qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilir. Digər bir məqam isə, qanunazidd olaraq bəzi partiyalar vəfat etmiş şəxslərin uçotunu müntəzəm qaydada Ədliyyə Nazirliyinə təqdim etməmişdir. Qeyd edilən faktlar, Ədliyyə Nazirliyi tərəfindən əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı üzə çıxıb. Əsasən üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair hallar müəyyən edilib. Partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi təklif olundu.
Xatırladaq ki, müstəqilliyimizin ilk illərində 5-6 nəfər üzvdən ibarət "partiyaların" yaradılması geniş vüsət almışdı. Hazırda da onların bəzilərinin yenidən qeydiyyatdan keçmək üçün qanunla tələb olunan 5 min üzvü reyestrdən keçirməsi real görünmür. Bunun üçün də müxtəlif vasitələr var ki, sözügedən partiyalar fəaliyyətini davam etdirsin. Müvafiq partiyalarla vahid məqsədə xidmət etmək yetərsayın əldə edilməsi üçün əsaslı çıxış yolu ola bilər. Əks halda, partiyaların bağlanması, ləğv edilməsi prosesi labüddür. Həqiqətən də, siyasi partiyalar sırasında sadəcə adı olan və heç bir fəaliyyəti olmayan partiyalar mövcud idi. Bu partiyaların üzvləri, əsasları və s. yox idi. Belə partiyaların olmasındansa, bir neçə partiyanın birləşərək eyni mərama xidmət etməsi və ya ləğv edilməsi daha məqbuldur.
Qeyd edək ki, avqust ayına qədər 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat vermişdir. Bu ay isə bağlanan partiyaların sayı 13-dür. Ədliyyə Nazirliyinin məlumatına görə, bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib.
Nurlan ABDALOV,
"Respublika".