İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İki günlük səfər zamanı İ.Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib. Bu səfərin Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından əhəmiyyəti böyükdür.
"Biz səfərdən sonra müsbət dinamikanın şahidi olacağıq". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə bildirib. Dövlətimizin başçısı deyib: "Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik". Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Həmçinin səfər zamanı iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi, həmçinin İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbir də keçirilib.
Diqqətçəkən məqamlardan biri bu səfərə dünya və İsrail mediasında geniş yer ayrılmasıdır. Belə ki, İsxak Hersoqun müsəlman ölkəsi olan Azərbaycana iki günlük səfəri Prezident İlham Əliyevin dediyi kimi, tarixi səfər adlandırılır. "Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm". Bu fikirləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatında bildirib.
Rəsmi İsrail Bakını özü üçün etibarlı tərəfdaş kimi görür. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, İsrail ilə hər zaman müsbət əlaqələr qurub, münasibətləri artan dinamikada inkişaf etdirir. Bu yaxınlarda İsrailin xarici işlər naziri Eli Kohen də Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqət çəkirdi.
Qeyd edək ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyinə hərtərəfli dəstək göstərib. Bu gün Azərbaycan-İsrail münasibətləri siyasi, iqtisadi, mədəni və hərbi əməkdaşlıq sahəsində ən yüksək səviyyədə inkişaf edir. İsrail bölgədə Azərbaycanın təhlükəsizlik, güc və söz mərkəzi kimi mövqeyini təşviq edir. Azərbaycan da öz növbəsində İsrailin Yaxın və Orta Şərq bölgəsi, eləcə də Qafqazda maraqlarının qorunmasına töhfələrin verir. İkitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir. Azərbaycan və İsrail iki dost, qardaş ölkədir. Azərbaycanla İsrail arasındakı isti münasibətlər, səmimiyyət və doğmalıq zamanın sınaqlarından şərəflə çıxıb. Azərbaycan xalqı ilə yəhudi xalqı əsrlərlə doğma qardaş, etibarlı dost kimi iç-içə yaşayıblar.
Azərbaycan ilə müasir İsrail arasında diplomatik əlaqələrin əsası 30 il əvvəl qoyulsa da, dost ölkədə səfirliyimiz təzəliklə açılıb. Tel-Əvivdə Azərbaycanla bağlı tədbirlərin, diplomatik və mədəni layihələrin sayı getdikcə artmaqdadır. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri də təkan verib. 29 avqust 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüşüb və onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımi köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Qarabağ m