Vətən müharibəsində qazandığımız Zəfərdən sonra keçmiş məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtdığı bir ərəfədə Qərbi azərbaycanlıların da ata yurdlarına geri dönüşünün təmin olunması üçün dövlət başçısının tapşırığı ilə səmərəli addımlar atılır.
Mayın 20-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Qeyd etmək lazımdır ki, bu məktub Qərbi Azərbaycan İcmasının BMT-də yayılan üçüncü rəsmi sənədidir. Qərbi Azərbaycan İcması bildirib ki, UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanlanan məktub, icmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Qeyd olunub ki, sözügedən müraciətin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycanda dağıdılan mədəni irsimizlə bağlı məsələnin beynəlxalq gündəliyə gətirilməsində mühüm rol oynayan bir addımdır.
"Bu sənədin yayılması ilə həm də BMT-yə üzv dövlətlər indiki Ermənistan ərazisində məhv edilmiş və ya başqa ölkələrə məxsus imiş kimi təqdim edilən irsimiz barədə daha ətraflı məlumat almış olur. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir", - deyə icmanın sözcüsü bildirib.
Xatırladaq ki, 2023-cü ilin yanvar ayında Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaymışdı. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin bütün rəsmi dillərində dərc olunaraq qeyd olunan əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yer alıb.
2023-cü ilin mart ayında Qayıdış Konsepsiyası ilə bağlı BMT-nin Baş katibinə ünvanlanan məktub da BMT-nin rəsmi sənədi kimi yayılmışdı. BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlanan məktubda Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsi xahiş edilib. Məktubda qeyd olunur ki, azərbaycanlıların Ermənistanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb və etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib. Azərbaycanlıların Ermənistandan qovulması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə alsaq, misli görünməyən ədalətsizlikdir... Məktubun sonunda isə bildirilib ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına məhəl qoymamaq ədalətsizliyin davam etməsidir. Bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına heç cür yardım etmir. Odur ki, sizdən xahiş edirik ki, BMT-nin Baş katibi kimi xoş niyyətlərinizlə bizim işimizə dəstək olasınız və aşağıdakı vəzifələri yerinə yetirə biləcək BMT-nin qurumlararası missiyasını Ermənistana göndərəsiniz.
Qərbi azərbaycanlıların dünyanın yeganə monodövləti olan Ermənistana geri qayıtması onların üzərindəki bu damğanı da götürməyə imkan yaradacaq. Müasir dünyamızda irqi ayrı-seçkilik salmaq kimi düşüncəyə yer qalmayıb. <