Bu Firəngistan ki var...
Digər xəbərlər

Bu Firəngistan ki var...

Son zamanlar Fransanın Azərbaycana qarşı ədalətsiz mövqe tutması qəbuledilməzdir. Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi qətnamə tamamilə qərəzlidir və açıq şəkildə Ermənistanın maraqlarına xidmət edir. Ən gülünc məqamlardan biri də Makronun: "Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidir. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlə həmrəydir və belə də qalacaq", - deyə çıxış etməsidir. Əlbəttə ki, bu sözlər Azərbaycan cəmiyyətində hiddət və qəzəbə səbəb oldu. Və haqlı sual doğurur. Azərbaycan Ermənistanın hansı ərazilərini işğal edib? İşğal etmişdisə əgər, 44 günlük müharibə nəyin uğrunda aparılırdı? Və yaxud da ATƏT-in keçmiş Minsk Qrupunun illərlə bölgəyə səfəri nəyə əsaslanırdı?

Uzun illər ATƏT-in keçmiş Minsk Qrupunun həmsədrlərindən biri olmuş Fransa 44 günlük Vətən müharibəsi dövründə də ermənipərəst mövqeyini nümayiş etdirdi. Hətta Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı cəza tədbirləri keçirilməsi üçün səy də göstərdi. Əlbəttə ki, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi heç bir nəticə vermədi. 30 il ərzində Fransa və onun kimi anti-Azərbaycan ruhlu dövlətlərin biganəliyindən, məkrli planlarından səbir kasası dolan Azərbaycan, nəhayət, torpaqlarını öz gücü hesabına işğaldan azad etdi. Aydın məsələdir ki, bu da Fransa kimi erməni sevdalı böyük bacının xoşuna gəlmədi. Beləcə, Vətən müharibəsində Azərbaycan Ermənistanı məğlubiyyətə uğratmaqla yanaşı, Parisi də dağıtmış oldu. Necə ki, hələ XIX əsrdə Zaqafqaziyaya gəlmiş, Qarabağın florasını öyrənən fransız təbiətşünası Aleksis Jordan bölgədə işini çör-çöp yığmaqla bitirmiş oldu. Makronun isə işi-gücü sözbazlıq etməkdir ki, o da ancaq ermənilərin işinə yarayır. O zaman Jordan ağanı dağılmış Parisə dərviş Məstəli "yola saldı". Bu gedişlə cənab Makronun və yaxud da Firəngistanın aqibəti necə olacaq, deyə bilmərik. Ancaq onu deyə bilərik ki, Makron deyəsən bir az barıtını çox edib.

Fransa və onun kimi ermənipərəst dövlətlər unutqan ola bilər. Amma biz unutmamışıq. 30 illik müddətdə Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğalda saxladı. Bu illər ərzində Qarabağın yeraltı və yerüstü bütün təbii sərvətlərini talayıb, mədəni abidələrini viran, xaraba qoydu. 1 milyon qarabağlını öz torpağından didərgin saldı. Minlərlə azərbaycanlı qətlə yetirildi, itkin düşdü. Hələ də yüzlərlə vətəndaşımızın aqibəti məlum deyil. Ermənistan azərbaycanlılara qarşı növbəti soyqırımı törətdi. Xocalı faciəsi kimi dünya miqyasında bənzəri olmayan bir dəhşəti bizlərə yaşatdı. Bütün baş verənləri dünya dövlətləri heyrətlə izləyib, münasibət bildirən zamanlar da Fransa Ermənistana qarşı heç bir fikir söyləmədi. Ona görə ki, işğalçılıq, cinayətkar əməllər baxımından hər iki dövləti bağlayan xüsusiyyətlər var. Başqasına məxsus torpaqları işğal etmək baxımından Fransanın tarixdə böyük təcrübəsi var. Fransa müstəmləkə siyasəti apararaq uzun illər 132 il ərzində 1,5 milyon əlcəzairlinin qətlinə səbəb olmuşdur. Təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. Anlaşılan odur ki, hər iki dövlətin ortaq xüsusiyyətləri və ənənələri var. Ancaq Fransa ilk növbədə anlamalıdır ki, Azərbaycan haqq mübarizəsi aparır. Öz torpaqları, sərhədlərinin bərpası və bütöv Azərbaycan uğrunda.

Ramidə YAQUBQIZI,

"Respublika".