Qərb işğalçı ölkənin yanlış siyasətini dəstəkləməkdə davam edir
Siyasət

Qərb işğalçı ölkənin yanlış siyasətini dəstəkləməkdə davam edir

Dünya dövlətləri arasında böyük nüfuz qazanan, iqtisadiyyatı gündən-günə güclənən Azərbaycan ikitərəfli və çoxtərəfli əlaqələrini şaxələndirməklə beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.

Cənubi Qafqazın lider dövləti olan ölkəmizin humanist addımları, sülhə, birgəyaşayışa verdiyi töhfələr beynəlxalq aləmdə təqdir olunur, irəli sürdüyü təşəbbüslər, verdiyi qərarlar rəğbətlə qarşılanır. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan, ölkələrin daxili işlərinə müdaxilə etmədən yürüdülən uğurlu siyasət dövlətçiliyimizin möhkəmlənməsinə, inkişaf etdirilməsinə və milli mənafelərin qorunmasına xidmət edir. Qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində lider olan ölkəmiz beynəlxalq münasibətlər sistemində çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılması nəticəsində regional güc kimi qəbul edilir, beynəlxalq təşkilatlarla təmaslar möhkəmləndirilir.

Təhlükəsizliyə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, eləcə də iqtisadi-ticari əlaqələrin inkişafına mühüm töhfələr verən müstəqil Azərbaycanın beynəlxalq aləmdə əhəmiyyəti daha da artır. Həyata keçirilən uğurlu daxili və xarici siyasəti, zəngin enerji potensialı, güclənən iqtisadiyyatı, əlverişli coğrafi mövqeyi ölkəmizi beynəlxalq aləmdə diqqət mərkəzində saxlayan əsas amillərdir. Eyni zamanda, müharibələrin, münaqişələrin deyil, sülhün, əmin-amanlığın tərəfdarı olan dövlətimiz öz milli maraqlarını qorumaqla beynəlxalq hüquq normaları əsasında uzlaşdırılmış münasibətlər sistemi yaradır.

Azərbaycan İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü bərpa etməklə gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bundan sonra qərbin ölkəmizə qarşı ikili standartları özünü daha aydın şəkildə büruzə verdi. Müstəqil siyasət yürüdən dövlətimizin qüdrətlənməsi, dünyada artan nüfuzu, yerləşdiyi regionda söz sahibinə çevrilməsi güc mərkəzlərini sözün əsl mənasında narahat etdi. 70 il rus imperiyasının boyunduruğunda olan dövlətimizin müstəqilliyini bərpa etdikdən sonra qısa zaman kəsiyində bu templə inkişaf etməsi, beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də icraçısı olması, irimiqyaslı layihələrin həyata keçirilməsində ölkəmizin fikirlərinə hörmətlə yanaşılması ümumilikdə qərbin "siyasətinə" uyğun deyil. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərini, Cənub Qaz Dəhlizi, Tanap, Tap layihələrini reallaşdıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Qərbə inteqrasiyaya çalışsa da, qərb işğalçı Ermənistanı müdafiə etməyə, yanlış siyasətini dəstəkləməyə davam edir.

Heç bir ölkədən yardım almadan 30 il Ermənistanın işğalı altında qalan ərazilərini azad edən ölkəmizə qarşı ikili münasibətlər, əsassız iddialar, ümumiyyətlə anti-Azərbaycan meyilləri son 3 ildə daha da artıb. Ermənistana havadarlıq edən bir sıra qərb dövlətləri ölkəmizin möhtəşəm zəfərini həzm edə bilmir, Cənubi Qafqazda yerləşmək üçün Ermənistandan siyasi alət kimi istifadə edirlər. Qonşusunun ərazi bütövlüyünü pozan, bir milyondan çox vətəndaşını məcburi köçkün vəziyyətinə salan, günahsız insanları vəhşiliklə qətlə yetirən bir ölkənin yanında olmaq, onun bu siyasətinə dəstək vermək qərbin ikiüzlülüyünün, azərbaycanofob, islamofob siyasətinin təzahürüdür.

Erməni yalanlarına həqiqət donu geyindirməklə saxtakarlığa, iftiralara haqq qazandıran Amerika Ermənistanın mənafeyindən çıxış etməklə illər boyu ölkəmizlə qurduğu hərtərəfli münasibətlərə zərbə vurur. Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilən dinləmələrdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın səsləndirdiyi birtərəfli və qərəzli fikirlər iki dövlət arasında mövcud münasibətlərə xələl gətirir. Belə ki, İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanın imzaladığı kapitulyasiya aktının müddəalarına əməl etməməsini, o cümlədən müharibə bitdikdən sonra silahlı birləşmələrini ölkəmizin ərazilərindən çıxarmamasını, yeraltı-yerüstü sərvətlərimizi qanunsuz şəkildə istismar etməsini görməzdən gələn Amerika Birləşmiş Ştatları bu il sentyabrın 19-da keçirilən lokal antiterror tədbirlərində guya ölkəmizin etnik təmizləmə siyasəti aparması ilə bağlı əsassız ittiham irəli sürür. Halbuki, ölkə başçımız İlham Əliyev ABŞ rəsmiləri ilə keçirilən görüşlərdə dəfələrlə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasına çağırışlar etmiş və qanunsuz silahlı qüvvələrin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olmasına təhdid olduğunu bildirmişdir. Qalib Azərbaycanın sülh təklifinə bu günə qədər müsbət cavab verməyən, sərhədlərin delimitasiya və demarkasiyasının aparılması ilə razılaşmayan, imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əsasən açılmalı olan kommunikasiya xətlərinin işə düşməsinə maneə törədən Ermənistanın sülh prosesini ləngitməsinə etinasız yanaşan ABŞ-ın bütün bunların fonunda bu ölkəni dəstəkləməsi ikili standartların, selektiv yanaşmanın nümunəsidir. Sözsüz ki, bu yanaşması ilə ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçiliyinə də son qoya bilər. Noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi fikirlərə Azərbaycanın Xarici İşlər Nazirliyindən münasibət bildirilib: "ABŞ-ın belə birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir".

Fransa kimi, ABŞ-ın da Ermənistanı dəstəkləməsi açıq şəkildə Cənubi Qafqazda sülhü təhdid edir. Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etmək və regionda sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək göstərmək əvəzinə, işğalçı ölkənin haqsız mövqeyini müdafiə etməklə ikitərəfli əlaqələrə zərbə vuran ABŞ unutmamalıdır ki, hər bir münasibət qarşılıqlı olur və sözsüz ki, Azərbaycan da bütün bunlara adekvat münasibət sərgiləyəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".