Azərbaycan dövlətinin xarici siyasətinin əsas prinsipləri ölkənin müstəqilliyini, suverenliyini və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirmək, mənafeyi Azərbaycanın dövlətçilik və milli mənafeləri ilə uyğun gələn dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibəti yaratmaq, həmçinin xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və geniş informasiya mübadiləsini təmin etməkdir.
Azərbaycan üçün belə ölkələrdən biri də Gürcüstan Respublikasıdır. Azərbaycanın şimal-qərbində yerləşən bu ölkə ilə əlaqələrin sıx olmasının əsas səbəbi geosiyasi mövqe, 70 il müddətində eyni imperiyanın tərkibində olmaları, bu ölkənin ərazisində yüz minlərlə azərbaycanlının yaşaması və s. amillərdir. 1918-ci il mayın 27-də - Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları Tbilisidə fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurası yaradıldıqdan bir gün sonra məhz bu ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulmuşdur. SSRİ-nin parçalanması ilə hər iki dövlətin yenidən müstəqilliyini bərpa etməsindən sonra Cənubi Qafqazda baş verən hadisələr ölkələr arasındakı əlaqələrə təsirsiz ötüşməmişdir. Bakı ilə Tbilisi əlaqələrinin ən böyük dayağı iqtisadi amillər olsa da, bununla yanaşı elmi, sosial, mədəni, səhiyyə və digər sahələrdə də artan dinamika ilə inkişaf etmişdir.
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb və 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına və iki ölkə arasında əlaqələrin inkişafına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında bağlanan müqavilə siyasi, iqtisadi və hərbi, kommunikasiya sahələrini əhatə etmiş oldu. Ümummilli liderin hakimiyyətə gəlişindən sonra Azərbaycan-Gürcüstan münasibətləri dərinləşərək möhkəmləndirilmiş və dövlətlərarası əlaqələrimizin zəngin tarixi irsinə sadiqlik nümayiş etdirilərək "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra da iki ölkənin dövlət və hökumət başçıları qarşılıqlı səfərlər təşkil edərək dövlətlərinin maraqlarına xidmət edən sazişlər bağlamışdır. Bu illər çərçivəsində "Azərbaycan Respublikası və Gürcüstan Respublikasının arasında birgə bəyannamə", "Təhsil sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb. 2022-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisiyə səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etmişdir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycanın zəngin enerji resurslarının dünya bazarlarına çıxmasından sonra Gürcüstanın bir dəhliz rolunu oynaması partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarıb. Daha çox iqtisadi tərəfdaş kimi tanınan bu iki ölkə qlobal və regional məsələlərin həllində eyni mövqedən çıxış edərək mədəni-maarif sahəsində də əlaqələrini geniş inkişaf etdirib. Gürcüstanda ARDNŞ və Heydər Əliyev Fondu ardıcıl olaraq xeyriyyəçilik və sosial-mədəni layihələr həyata keçirir. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasirtipli yeni məktəb binaları