Tarixi mənbələr göstərir ki, Azərbaycan türklərinin qədim yaşayış yerlərindən olan Zəngəzur mahalında vaxtilə ermənilər yaşamamışlar. Onlar köçəri tayfalar kimi Qərbi Azərbaycana İrandan, Türkiyədən və dünyanın digər ölkələrindən köçüb gəlmiş, özlərini həmişə kimsəsiz, yazıq, köməyə ehtiyacı olan bir millət kimi göstərmişlər.
Zəngəzurun bir parçası olan Qarakilsədə (Sisyan) erməni vandalları həmişə türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanmışlar. Qarakilsə rayonunun ərazisi 1719 kvadratkilometr olmuşdur. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşirdi. Mərkəzi şəhər tipli Qarakilsə qəsəbəsi idi. 1940-cı ilin mart ayına kimi rayonun adı Qarakilsə olmuş, sonra isə daşnakların xəyanəti ilə bu ad dəyişdirilmişdir.
Qarakilsə cənubdan Ermənistan Respublikasının Gorus, cənub-qərbdən Qafan, şimal-qərbdən Əzizbəyov (keçmiş Paşalı) rayonları ilə, habelə Azərbaycan Respublikasının Naxçıvan MR və Laçın rayonu ilə həmsərhəddir. Rayon ərazisi bir tərəfdən Zəngəzur dağları, digər tərəfdən isə Bərgüşad sıra dağları ilə əhatə olunmuşdur. Ən yaxın dəmiryolu stansiyası Naxçıvan və Qafan olmuşdur.
Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 217 kilometrdir. Bazarçay çayı və qolları olan Loradzor, Şəki, Əyri çayları Qarakilsənin ərazisindən axır. Bulaqlarının yarısı mineral sulardır. Minlərlə soydaşımız bu müalicəvi sudan şəfa tapıb. Hələlik bu sular hayların nəzarətindədir. Gün gələcək ki, bu yerlərin əsl sahibləri bulaq başında həmişəki kimi kef məclisləri quracaq, "Zəngi" səsi dağı-daşı lərzəyə salacaqdır.
Qarakilsənin Şəki və Angeğaqat kəndlərindəki bazalt daşı ehtiyatının 7 milyon kubmetr olduğu hesablanmışdır. Ərəfsə, Sofulu və Lernaçen kəndlərində böyük qranit daşı ehtiyatı vardır. Ümumiyyətlə, rayonun ərazisi Zəngəzur mahalının üçdəbirini təşkil edir.
1886-cı ildə Qarakilsənin indiki ərazisində 21072 nəfər, 1922-ci ildə 21583 nəfər, 1986-cı ildə isə 34000 nəfər əhali (türklər və ermənilər) yaşamışdır.
Rayonun indiki ərazisində XX əsrin əvvəllərində 76 kənd olmuş və bu kəndlərin 58-də azərbaycanlılar yaşamışlar.
1813-cü ildə Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Qarakilsə rayonunun ərazisi də daxil olmaqla Zəngəzur mahalı Rusiyanın tərkibinə daxil edilmişdir. 1822-1830-cu illərdə İranın Xoy, Salmas və başqa bölgələrindən minlərlə erməni (hay) ailəsi köçərək Qarakilsədə məskunlaşmışdır. Qarakilsə rayonunun ərazisi 1920-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının tərkibində idi. Həmin dövrdə ermənilər bu ərazilərdə qanlı faciələr törətmiş, müsəlmanlar xüsusi amansızlıqla qətlə yetirilmiş və ata-baba yurdlarından qovulmuşdur.
1930-cu ildə müstəqil rayon olmuş Qarakilsənin əhalisi əsasən azərbaycanlılar və ermənilərdən ibarət idi. Xristian olan əhalinin isə heç də hamısı hay deyildi. Onların əksəriyyəti yerli xristian türklər idi. Sonradan Türkiyədən və İrandan bu əraziyə köçürülən ermənilər çoxluq təşkil etdiklərindən yerli xristian türklər də onların təzyiqinə məruz qalaraq erməniləşmişlər. Xristian türklərin istifadə etdikləri alban kilsəsinin idarəçiliyi XIX əsrin 30-cu illərində çar tərəfindən erməni kilsələrinə tabe edilmiş və yerlərdə çar hökuməti tərəfindən rus-tatar məktəbləri kimi rus-erməni məktəbləri də açılmışdır. Rus-erməni məktəblərində tədris dili yerli xristianların dilində deyil, əsl ermənilərin dilində olduğundan xristian türklərin bu məktəblərdə oxuyan uşaqları 2-3 nəsildən sonra öz dillərini unudaraq gəlmə xristianların dilində danışmağa başlamışlar.
XX əsrin əvvəllərində rayonun ərazisində 76 kənd olmuşdur ki, onun da 58-də azərbaycanlılar yaşamışdır. Qarakilsənin azərbaycanlı əhalisi həmişə olduğu kimi, Sovet hakimiyyəti illərində də ermənilərin xəyanəti ilə üzləşmiş, gənc azərbaycanlı kadrların məsul vəzifələrə irəli çəkilməsinə sipər çəkilmişdir. Gizlin də olsa daşnak tör-töküntüləri öz məkrli niyyətlərini həyata keçirirdilər.
Böyük Vətən müharibəsinin odlu-alovlu illərində Zəngəzur mahalının bütün azərbaycanlıları kimi, Qarakilsənin şahin, igid oğulları da silaha sarılaraq cəbhəyə yollanmış, çoxları qəhrəmanlıqla həlak olmuş, neçə-neçə cəsur oğullar döyüşlərdən orden və medallarla qayıtmışlar.
Qarakilsə torpağının yetirməsi olan Azərbaycanın Xalq yazıçısı Əli Qara oğlu Vəliyev İkinci Dünya müharibəsində Sovet ordusu sıralarında Krım cəbhəsində yazıçı-jurnalist kimi fəaliyyət göstərmiş, 1947-ci ildə Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, partiya və hökumət qarşısında xidmətlərinə görə "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenlərinə və bir çox mükafatlara layiq görülmüş, sanballı əsərləri oxucuların stolüstü kitabına çevrilmişdir.
Ermənistan dövlətinin ideologiyası faşizm üzərində qurulmuşdur. Məhz buna görə də ermənilər tərəfindən 1948-1953-cü illərdə xəyanət toru hazırlanmış, 1943-cü ildə üç dövlətin (SSR, ABŞ və İngiltərə) Tehran konfransında sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ xarici işlər naziri V.Molotova müraciətlə xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə versinlər. İ.V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir.
Q.Harutyunov bu fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar Qərbi azərbaycanlıların Ermənistandan zorla köçürülməsi barədə qərar verilməsinə nail olur. Çox keçmir ki, Qərbi Azərbaycandan 150 min soydaşımız "könüllülük" prinsipi əsasında ata-baba yurdlarından Azərbaycanın Kür-Araz ovalığına və digər ərazilərinə köçürülür.
Köçürülmə Zəngəzur mahalından, Qarakilsə rayonundan da yan keçmədi. Onlar zülm və işgəncə ilə qədim Oğuz ellərindən ayrıldılar... Bu köçürülmə prosesi xaricdən gələn erməniləri yerləşdirilməklə əlaqələndirilsə də, əsas məqsəd azərbaycanlıları Ermənistan ərazisindən təmizləmək idi.
İ.Stalinin ölümündən sonra köçürülmə dayandırıldı. Zəngəzur mahalının bir çox sakinləri yenidən öz doğma yurdlarına qayıtdılar.
1970-1980-ci illərdə artıq SSRİ imperiyası getdikcə zəifləyir, xalq arasında kommunizm utopiyasına inam azalırdı. İllərdən bəri formalaşmış inzibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü. Ölkədə tüğyan edən təsərrüfatsızlıq, şişirtmə rəqəmlərlə özünü və cəmiyyəti aldatma bu xəstə imperiyanın dağılmasına gətirib çıxardı. M.Qorbaçovun maymaqlığı ucbatından ölkədə siyasi böhran hökm sürürdü. Ermənilər yenə də fürsəti əldən vermədilər.
Moskvadakı ermənipərəst qüvvələrin dəstəyi ilə Qərbi Azərbaycandakı soydaşlarımız deportasiyaya məruz qaldılar, 1988-ci ilin şaxtalı günlərində 300 min azərbaycanlı doğma ata-baba torpaqlarından zorla qovuldu. Qarakilsə rayonunun sakinlərini zaman yenidən sınağa çəkdi, ev-eşikləri erməni vandalları tərəfindən dağıdıldı, onlar zülm və işgəncə ilə üzləşdilər...
Artıq 35 ildir ki, Zəngəzur mahalının Qarakilsə rayonunun Ağudi, Bazarçay, Comərdli, Sofulu, Üz, Vağudi, Ağkənd, Dərəbaş, Mələklər, Məzrə, Saybalı, Sisyan, Təzəkənd, Şıxlar və digər kəndlərin sakinləri erməni xəyanəti nəticəsində doğma el-obalarından ayrı düşüblər. O yurdun bütün insanları, xüsusilə yaşlı nəslin nümayəndələri Vətən həsrəti çəkirlər. Zaman xeyrimizə işləyir, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallaşacaq, yurd həsrətli insanlar doğma yurdlarına qayıdacaqlar.
Qədir ASLAN,
"Respublika".