Astara rayonunun Siyaku kəndi adlı-sanlı alimləri, ziyalıları, sadə, zəhmətkeş insanları ilə tanınır. Neçə-neçə nəslin elm, bilik, tərbiyə aldığı Siyaku kənd tam orta məktəbi hər bir ailə üçün əziz, doğma ünvana çevrilib.
Təhsil ocağının yaşı 70-i ötüb. 2013-cü ildə məktəb üçün 360 şagird yerlik ikimərtəbəli yaraşıqlı bina tikilib. Burada 25 sinif kompleksi müasir avadanlıq və təzə inventarlarla təchiz olunub. İnformatika kabinetində 20-dən çox kompüter internet şəbəkəsinə qoşulub. Fizika, kimya fənləri zəngin laboratoriyalarda tədris olunur.
Məktəbin direktoru Teymur Fətullayev rayonun bacarıqlı, qabaqcıl, yenilikçi təhsil işçilərindən biridir. İxtisasca tarix müəllimidir. 2013-cü ildə respublika üzrə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2014-cü ildə təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Hazırda işlədiyi Siyaku məktəbi “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsinin qalibidir.
Teymur müəllim dördüncü ildir ki, Siyaku kənd tam orta məktəbinə rəhbərlik edir. Pedaqoji kollektivin nailiyyətlərindən, müəllimlərin peşəkarlığından söhbət açaraq deyir:
-Məktəbimizdə 553 nəfər şagird təhsil alır. Kollektivdə 49 müəllim çalışır. Şagirdlərin müsabiqə və olimpiadalarda, buraxılış və ali məktəblərə qəbul imtahanlarında nəticələri ilbəil yüksəlir. Bunun nəticəsidir ki, təhsil ocağına şagird axını artıb. 2013-cü tədris ili ilə müqayisədə şagirdlərin sayı 73 nəfər çoxalıb. Qonşu Vaqo, Rinə, Şağlazüzə, Miki kəndlərindən də gələn şagirdlər var. Dərslər iki növbədə keçirilir. Tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilir.
Pedaqoji kollektiv işlərin öhdəsindən bacarıqla gəlir. Məzunlar hər il yüksək balla respublikamızın ali məktəblərinə qəbul olunurlar. 2021/2022-ci dərs ilində məktəbi bitirmiş 22 məzundan 17-si tələbə adına layiq görülüb. Məzunlardan Nuray Şahnamazova, Nəsrin Calalova, Rozanna Məlikova, Sunay Fətəliyeva, Vəfa Heydərova yüksək balla ali məktəblərə daxil olublar.
Uğurların qazanılmasında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Malıyeva, fizika müəllimi Fikrət Calalov, coğrafiya müəllimi Vasif Şiriyev, kimya müəllimi Şahin Məmmədov, riyaziyyat və informatika müəllimi Səbinə Babayeva və başqalarının əməyi çoxdur.
Məktəb həm də idmançıları ilə tanınır. Şagirdlər şahmat yarışlarında daha çox fərqlənirlər. Rayon üzrə şahmat dərsləri bu məktəbdə keçirilir.
Kollektiv yeni dərs ilinə böyük həvəslə, işgüzarlıqla başlayıb. Sabahın qurucuları olan sağlam, bilikli, vətənpərvər gənclərin yetişdirilməsi məqsədilə bütün qüvvələr səfərbər olunub.
Əlisəfa HƏSƏNOV,
“Respublika”.