Qaradağlı faciəsini törədənlər beynəlxalq axtarışa verilmişdir
Digər xəbərlər

Qaradağlı faciəsini törədənlər beynəlxalq axtarışa verilmişdir

Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, eləcə də müharibə, terrorçuluq və digər cinayətlərin istintaqının aparılması, hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.

2005-ci il may ayının 5-dən isə həmin cinayət işinin istintaqı üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik öz təşəbbüsü əsasında Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılmışdır. Bundan sonra, cinayət işinin ibtidai araşdırılması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılmışdır. Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi Firad Əliyev bildirir ki, cinayət işi üzrə sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətləri törətmiş şəxslərin - Xocalı soyqırımı, Qaradağlı soyqırımı, Bağanıs-Ayrım soyqırımı, Meşəli soyqırımı, Kərkicahan soyqırımı, əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, terrorçuluq cinayətləri və digər hadisələr üzrə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onların müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmişdir. Həmçinin barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilmişdir.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevral ayının 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olmaqla 67 nəfəri qəsdən öldürmüş, 2 nəfərə müxtəlif bədən xəsarətləri yetirməklə onların sağlamlığına ağır zərər vurmuş, 49 nəfəri isə girov götürmüşlər.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı faciəsi üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışa verilmişdir.

Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mehparə ƏLİYEVA,

"Respublika".