Ölkəmiz hər zaman Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istəyini bildirsə də, dünya birliyi beynəlxalq hüququ reallaşdırmaq üçün təcavüzkar Ermənistana lazımi təzyiq göstərməmiş, əksinə, onun himayədarı rolunda çıxış etmişdir. BMT qətnamələrini və Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü Azərbaycan Ordusu 44 günlük savaşda bərpa etdi. Ermənilərin sərhəddə törətdikləri davamlı təxribatlar sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Bununla rəsmi İrəvan bir daha sübut edir ki, Brüsseldəki danışıqlara ciddi yanaşmır.
Ermənistan rəsmi olaraq sərhədləri bəlli olmayan ölkə statusundadır. Daxili çəkişmələr və regionda yaratdığı destabil vəziyyət ilə hərbi cəhətdən zəifləməsinə baxmayaraq, silahlanmağa, Qarabağda yaşayan yerli icmaları dövlətimizə qarşı yönəltməyə çalışır. Hayların xain planları bununla bitmir. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılan minaların xəritəsinin tam olaraq verməkdən imtina etməsi, yaxın günlərdə Rusiya sülhməramlılarının nəzarəti ilə silah nəqlinin həyata keçirilməsi bu planın tərkib hissəsidir. Eləcə də yeni himayədar axtarışında olan Ermənistanın Avropa sülhməramlılarının əraziyə cəlb olunması tələbi də diqqətdən yayınmamalıdır. Ermənistanla Azərbaycan arasında gərginliyə və regionda sülhün əldə edilməsinə əsas əngəl olan Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi məsuliyyət zonasında erməni silahlı birləşmələrinin olmasıdır.
Belə ki, Ermənistan silahlı qüvvələrinə məxsus silahlı texnika və qoşun hissələri üçtərəfli Bəyanata zidd olaraq hələ də ərazilərimizdə qalmaqdadır. Ermənistan rəsmiləri isə bunu inkar edərək, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bütün bunlarla yanaşı, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti apardığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində mina basdırılması əməlləri davam edir. Ermənistan rəhbərliyi nəinki imzasına hörmət göstərməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmir, hətta bölgədə ən ağır hərbi təxribatları törətməklə gərginlik yaratmaqda davam edir. Ötən müddət ərzində Ermənistan hərbi-siyasi rejiminin atdığı addımlar onların sülh prosesindən uzaq olduqlarını açıq-aşkar göstərir. Buna rəğmən Azərbaycan tərəfi yenə özünün humanizm prinsiplərinə sadiq qalaraq Qarabağda məskunlaşmış mülki erməni əsilli Azərbaycan vətəndaşları üçün Laçın yolunu açıq saxlayır və onların təhlükəsizliyini təmin edir. Bütün bunlar ölkəmizin sülhə yönələn bütün təkliflərə səmimi və dürüst olduğunu həm regionda, həm də dünyada sübut edir. Ermənistan rəhbərliyi danışıqlar masasında, beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə bəzəkli və "sülh tərəfdarı" kimi saxtakar açıqlamalar versə də, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq və 10 noyabr 2020-ci tarixli üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək üçün bütün təxribatlara əl atır, ənənəvi riyakarlıqla yenə də bütün tərəfləri aldatmağa çalışır. Hazırda rəsmi İrəvan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq işlərini ləngitmək, sülh müqaviləsi üzrə danışıqlara imkan verməmək üçün bütün səylərini səfərbər edib.
Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zonanın yaradılması beynəlxalq gündəlikdə əsas yeri tutmalıdır. Ermənistandan birmənalı olaraq sonuncu hərbi texnikasını və əsgərini Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindən sözdə deyil, real əməldə çıxarılması müzakirəsiz tələb olunmalıdır. Əks təqdirdə, Ermənistanın təxribatları davam edəcək. Bununla yanaşı, Ermənistan sülhə məcbur edilməlidir. Ermənistan rəhbərliyinin hər dəfə təxribatlar törətdikdən sonra himayədarlarının üstünə qaçıb, riyakarlıq etməsinə və revanşizmin baş qaldırmasına son qoyulmalıdır.
Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı hər cür təhdidlərə layiqli cavab vermək gücündədir. Ermənistan ötən əsrin 90-cı illərinin təsirindədir, amma unudur ki, Azərbaycan bu gün həm iqtisadi, həm hərbi, həm də siyasi olaraq bölgənin lider dövlətidir. Ölkəmiz BMT qətnamələrinin icrası üçün düşməni sülhə də məcbur etmək gücündədir. Bu həqiqət işğalçılara havadarlıq edən bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən anlaşılmalıdır. Artıq ikili standartlar və anti-Azərbaycan mövqeyi Ermənistanı xilas edə bilməz. Ermənilər üçün ən yaxşı çıxış yolu bütün hərbi-siyasi təxribatlara son qoyaraq Azərbaycanla sülhə gəlməkdir. Azərbaycan Prezidenti dövlətimizin sülh mesajlarını və bunu qəbul etməyənlərə isə cavabı açıq ifadə edib. Qarşı tərəf üçün seçim hələ də gec deyil.
Nurlan ABDALOV,
“Respublika”.