"İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
İkinci Qarabağ müharibəsinin gedişində dövlət başçısı İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavab olaraq bu fikirləri səsləndirmişdi. Ali Baş Komandanın bu sözləri Azərbaycan xalqının qəlbində bir ümid oyatmış, müharibənin gedişində qazandığımız ardıcıl qələbələr Şuşanı bir nəfəs qədər bizə yaxınlaşdırmışdı. 28 il düşmən tapdağında qalan qədim şəhərimiz Şuşa heç vaxt ermənilərin olmayıb. Bu şəhər qatillərin, baş kəsən cəlladların, canilərin deyil, bəstəkarların, yazıçıların, xanəndələrin yurd-yuvası olub. Həm də ümummilli liderin sevdiyi bir şəhər olub Şuşa. Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək, Şuşa başda olmaqla işğalda olan Qarabağı azad etmək idi. Bunun üçün çox çalışsa da qiymətli ömrü Şanlı qələbəmizi görməyə yetməmiş, Şuşanı azad etməyi layiqli davamçısı İlham Əliyevə vəsiyyət etmişdi.
Dövlət başçımız Prezident seçildiyi gündən etibarən Heydər Əliyevin vəsiyyətinə sadiq qalaraq ərazi bütövlüyümüzü bərpa etmək üçün durmadan çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan əsk-hücum əməliyyatlarından sonra xalqımıza sevindirici xəbərlər verən Ali Baş Komandan həmin il noyabrın 8-də Şəhidlər xiyabanında bu sözlərlə Azərbaycan xalqını müjdələmişdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!". Prezidentin bu sözlərindən sonra böyük-kiçik, Şuşanı görən-görməyən, damarlarında azərbaycanlı qanı axan hər bir insanın qəlbinə sevinc, üzünə təbəssüm, ruhuna rahatlıq, gözlərinə işıq gəlmişdi. Bu gün Azərbaycan tarixinə Zəfər günü kimi daxil oldu.
Şuşa şəhəri mənəvi baxımdan Azərbaycan üçün önəmli olduğu kimi, həm də strateji cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi. Şəhərin erməni qəsbkarlarından azad edilməsi Vətən müharibəsində Zəfər qazanmaq üçün vacib amil idi. Erməni ordusunun hərbi və siyasi rəhbərliyi də bunu yaxşı anlayırdı və Şuşanın müdafiəsinə çox yaxşı hazırlaşmışdı. Yerləşdiyi coğrafi mövqeyi ilə alınmaz qala rolunu oynayan şəhərin tez bir zamanda fəth olunacağına işğalçı ordunun özü belə inana bilmirdi. Lakin milli ruhda yetişən hərbçilərimiz yüksək zirvələri aşaraq şəhərə daxil olmuş, əlbəyaxa döyüşlərdə düşməni məğlub etmişdi. Hətta düşmən də bu qəhrəman hərbçilərimizin şücaətinə həsəd aparıb. Erməni əsgərləri çıxışlarında bildiriblər ki, onları şəhərin girişində gözləyərkən, qəflətən şəhərin içində atışma səsləri eşitdik. Şuşaya haradan gəldiklərini bilmirdik. Sonradan başa düşdük ki, qayalara dırmanaraq şəhərə giriblər. Çox az sayda olmaqlarına baxmayaraq, hərbçilərimiz tez bir zamanda döyüşlərdə üstünlüyü ələ ala bilmişdi.
Mayın 10-da ulu öndər Heydər Əliyevin 100 illik yubileyi günü Prezident İlham Əliyev xalqa müraciətini də təsadüfən Şuşadan etməmişdi. Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı Şuşanı Zəfərimizin rəmzi və tacı adlandırmışdır. Həmçinin xalqa müraciət etdiyi meydan da simvolik məna daşıyırdı. Məhz bu məkanda qəhrəman hərbçilərimiz Şuşanın azad olunması ilə bağlı Müzəffər Ali Baş Komandana raport vermiş və həmin meydanda yerləşən binanın damına Azərbaycan Bayrağını qaldırmışdılar. Digər bir səbəb də Heydər Əliyevin bu şəhəri böyük məhəbbətlə sevməsi olub. Ümummilli lider Şuşanı adi bir şəhər deyil, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük bir tarixi abidə kimi görürdü. Dəfələrlə vurğulayırdı ki, bura mütləq yenidən qayıdacağıq.
Bütün ərazilərimizə olduğu