İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda son üç il qələbənin, gücün, quruculuğun, iradənin, ləyaqətli qayıdışın təntənəsi kimi tarixə qovuşur. Dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər deyirlər ki, yurd həsrətimizə, göz yaşlarımıza son qoyulub. Qürurumuz, şərəfimiz döyüş meydanında bərpa edilib, qaralan ocaq yerlərimizin, həyatımızın hərarəti qayıdır, hər an dilimizdə şükranlıq, dualar səslənir. Bizə bu əlçatmaz xoşbəxtliyi, həyat ruhunu yaşadanlara, Qalib Ali Baş Komandan İlham Əliyevə, ordumuza minnətdarıq. Yaxşı bilirik ki, 44 günlük müharibədə tökülən hər damla şəhid qanı bu torpaqların yeddi qatına hopub, şəhidlərin ruhu qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq. Onların əmanətini göz bəbəyi kimi qoruyacaq, bağ-bağat salacaq, bu yerləri laləzara çevirəcəyik.
Böyük quruculuq: yollar, tunellər, körpülər, hava limanları
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin miqyası çox genişdir. Üç il bundan əvvəl düşmənin torpaqlarımıza toxum kimi səpdiyi minaların təmizlənməsi ilə quruculuq işlərinə başlanıldı. On min kvadratkilometr ərazinin minalardan təmizlənməsi üçün əsl mücadilə aparılır. İşğaldan azad edilən bütün rayonlarda yollar demək olar ki, tamamilə dağılıb. Ona görə də, yol təsərrüfatının qurulması, kommunikasiyaların bərpası birinci yerdə dayanırdı. Tarixi qələbədən dərhal sonra Prezidentin göstərişi ilə yolların yenidən qurulmasına və yeni yolların çəkilişinə başlanıldı. Azərbaycan dünyada yeganə dövlətdir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpaquruculuq işlərini əhatə edən nəhəng layihələr reallaşdırılır. Son üç il ərzində Qarabağda və Şərqi Zəngəzurda infrastrukturun yaradılması və bərpasına dövlət büdcəsindən 12 milyard manatdan çox vəsait ayrılıb. Qeyd edək ki, tikinti-quruculuq işləri təsdiq edilmiş plan əsasında aparılır. Heç yerdən və heç kimdən kömək gözləmədən dövlətimizin gücü ilə misli görünməyən layihələr həyata keçirilir. Qəhrəman ordumuzun mədəniyyət paytaxtımız elan olunan Şuşaya doğru irəlilədiyi cığırların izi ilə Zəfər yolunun çəkilişi qısa müddətdə başa çatdırıldı. Bərdə-Ağdam avtomobil yolu tikilir, dəmiryol xətti çəkilir. Qələbədən 8 gün sonra Füzuli rayonunun Alxanlı kəndindən Şuşa şəhərinə yeni və müasir yolun çəkilişi uğurla davam etdirilir. 44 günlük müharibəni qələbə ilə başa çatdıran, bölgədə yeni reallıqlar yaradan, Azərbaycanın ermənilər tərəfindən otuz illik işğal dövründə dağıdılan ərazilərdə quruculuq işlərinə başlaması yeni bir tarixi gerçəklikdir. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə yolların yenidən qurulması işlərinə ilkin olaraq Tərtər rayonundan başlanılıb. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Tərtər şəhərindən Suqovuşana, Suqovuşandan Talış kəndinədək yol yenidən qurulub. Bundan başqa, Füzulidən Şuşaya və Göygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avtomobil yollarının tikintisi həyata keçirilir. Başlanğıcını "Zəfər yolu" adlandırılan Füzuli-Şuşa yolundan götürən Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə aparılır və yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam etdirilir.
Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi qrafik üzrə aparılır. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və birinci texniki dərəcəyə uyğun inşa edilir. Uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu ən iri infrastruktur layihələrdən hesab olunur. Kifayət qədər böyük maliyyə vəsaiti hesabına, həm də yolçəkənlərin, körpüsalanların zəhməti sayəsində yeni, müasir və rahat yollar keçmiş məcburi köçkünləri daha xoş günlərə aparır. Onların Qarabağa və Şərqi Zəngəzura böyük qayıdışı yeni inşa edilən yollardan başlayıb. Qələbə və Zəfər yolları işğaldan azad edilmiş 300-dən çox kənd və şəhərə yenidən həyat gətirəcək. Məsafəni azaltmaq və təhlükəsiz gediş-gəlişi təmin etmək məqsədilə Zəngəzur dağ silsilələrinin altından tunellərin çəkilməsinə qərar verilib. Hazırda Zəngəzur dəhlizi boyunca ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.
Füzulidə cəmi 8 aya yüksək komfortlu və müasir hava limanı, Zəngilan rayonunda da beynəlxalq hava limanı istifadəyə verilib. Onu da qeyd edək ki, həmin rayonlarda əvvəllər heç zaman hava limanı olmayıb. Hər iki hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Hava limanları Füzulinin və Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Dövlətimizin başçısı İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın 2021-ci avqust ayının 16-da Laçına səfəri zamanı Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Bu hava limanının tikintisi çətin relyef şəraitində aparılır. Yeni texnologiyalar əsasında inşa edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olaraq, gələn il istifadəyə veriləcək.
Yeni istehsal müəssisələri
Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, ermənilərin viran etdiyi şəhərlər, kəndlər yenidən salınır, iri infrastruktur layihələr uğurla və sürətlə icra olunur. Dövlətin keçmiş məcburi köçkünlərə hərtərəfli qayğısı onların həyat ümidini və gələcək arzularını, fəal vətəndaş mövqeyini xeyli artırır. İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infastruktur yaradılır. Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parklarında təqdirəlayiq işlər görülür, iqtisadi fəallığın təməli qoyulur, yurd yerlərinə qayıdan köçkünlərə iş yerləri açılır. Ağdam və Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Agentliyin məlumatına görə, həmin sahibkarlıq subyektləri tərəfindən sözügedən sənaye parklarında ümumilikdə, 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirak üçün indiyədək 1500-dən çox şirkət müraciət edib ki, onların da 500-ə qədəri xarici şirkətlərdir. Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir. Laçının Zerti kəndində aqro və sənaye parkları fəaliyyətə başlayıb. Bu günədək həmin müəssisələrdə 430 nəfər işlə təmin olunub.
İşğaldan azad edilən ərazilərdə "ağıllı" həllər
2026-cı ilə qədər əsas hədəf Ağdam, Füzuli şəhərlərini və 32 kəndi yenidən qurmaqdır. Bundan əlavə, Hadrut, Tuğ və Suqovuşan kimi 3 potensial turizm istiqaməti də inkişaf etdiriləcək. Birinci mərhələdə keçmiş məcburi köçkünləri öz ata-baba yurdlarına köçürmək və orada insanların firavan yaşamalarını təmin etmək əsas məqsədlərdən biridir. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Layihə çərçivəsində ən önəmli komponentlərdən biri də "ağıllı kənd" və "ağıllı şəhər"lərin tikintisidir. Artıq məlumdur ki, ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb, yaşayış məntəqəsi sakinlərin istifadəsinə verilib və orada artıq yüzlərlə ailə yaşayır.
Yenidən qurulan Ağalı kəndində küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli su elektrik stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir. Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə "ASAN", "DOST", Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, ictimai iaşə obyektləri yaradılıb. Növbəti belə bir layihə isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində icra ediləcək. Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçiriləcək.
Əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək "ağıllı kənd" kimi bərpa olunması nəzərdə tutulur. Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə ərazisi 470 hektar olan bir kənd tamamilə yenidən qurularaq "ağıllı kənd" kimi bərpa olunacaq. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfər köçürüləcək.
Yeni yanaşma: alternativ və bərpa edilən enerji
1990-cı illərdə xaricdən elektrik enerjisi idxal edən Azərbaycan bu gün dörd ölkəyə elektrik enerjisi ixrac edən dövlət kimi tanınır. Üstəgəl, Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq. Bərpaolunan enerji növlərinin inkişafı da həmin məqsədə yönəldilib. Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisinə hazırlıq görülür. Xudafərin və Qız qalası su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək. Mütəxəssislərin fikrincə, Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın külək və gün enerjisi potensialı var. Qələbədən sonrakı üç il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik təsərrüfatı yenidən qurulur.
Ehtimal edilir ki, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsi başlayıb. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib. Təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə dəfələrlə qəti mövqe bildirib ki, azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. İlk belə nümunə Zəngilan rayonunun Ağalı kəndində yaradılıb, əhali Günəş enerjisindən istifadə edir, "ağıllı kənd" yeni dövrün başlanığıcı hesab olunur. Qarabağ və Şərqi Zəngəzur bölgələrində hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Mütəxəssislərin qənaətinə görə, bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir.
Ləyaqətli və şərəfli qayıdış
Vətən müharibəsində Azərbaycanın qələbəsi bir çox yeni reallıqlar yaradıb, ən əsası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə aparılır, qarşıya qoyulan hədəflərə doğru böyük addımlar atılır. Erməni faşizmi tərəfindən dağıdılan, yerlə-yeksan edilən bütün şəhər və kəndlərdə tikinti, bərpa-quruculuq layihələri Prezident cənab İlham Əliyevin birbaşa nəzarəti və dövlət başçımızın təsdiqlədiyi "Azərbaycan 2030: milli prioritetlər", "Strateji Fəaliyyət Planı" və "2022-2026-cı illər üçün Dövlət Proqramı" kimi strateji sənədlər əsasında icra olunur. Yeri gəlmişkən, həmin sənədlər yenidənqurma və inkişaf prosesinin 4 əsas mərhələsini müəyyənləşdirir. Onlardan birincisi, ümumi və baş planların layihələndirilməsi, ikincisi, minatəmizləmə və baza infrastrukturunun yaradılması, üçüncüsü, sosial, ictimai və iqtisadi infrastrukturun tammiqyaslı şəkildə yenidən qurulması və inkişafı, dördüncüsü isə keçmiş məcburi köçkünlərin Böyük Qayıdışıdır.
Böyük Qayıdış Proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. Qeyd edək ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər 2026-cı ilədək həyata keçiriləcəkdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulub ki, 2026-cı ilədək azad edilən ərazilərdə 34 500 mənzil və fərdi yaşayış evi tikiləcək. Tədbirlər planına əsasən həmin evlər 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında inşa ediləcək. Böyük Qayıdışla bağlı Dövlət Proqramının əsas məqsədi işğaldan azad edilən ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, həmin ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirməkdən ibarətdir.
Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Laçında yeni inkişaf, quruculuq, bərpa və yenidənqurma dövrü başlayıb. Otuz illik həsrətdən sonra laçınlılar yeni və modern üslubda inşa edilən doğma şəhərlərinə qayıdırlar. Qeyd edək ki, düşmən tapdağından azad olunan Laçın şəhərində 10 ay əvvəl yenidənqurma, bərpa işləri başlayıb və sürətlə davam edir. Şəhərin küçə və meydanlarında, yaşayış məhəllələrində aparılan abadlıq işləri yenidən dirçəldilən Laçına xüsusi gözəllik, laçınlılara isə rahatlıq gətirir. Böyük Qayıdış Proqramının mühüm tərkib hissələrindən biri olan Laçına ilk köç bu ilin may ayına təsadüf edib. Belə ki, Müstəqillik Günü ərəfəsində 20 ailə 31 illik həsrətdən sonra doğma Laçın şəhərinə köçürülüb. Qeyd edək ki, 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.
Salman ALIOĞLU,
"Respublika".