Diversifikasiya iqtisadiyyatın davamlılığının təminatıdır
Bundan 20 il öncə 2003-cü il 31 oktyabr tarixində Azərbaycan xalqının böyük dəstəyi və səs çoxluğu ilə prezident seçilən İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilib.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyi, təhlükəsiz həyatı və ərazi bütövlüyü, qarşıya qoyduğu hədəfləri bir-bir yerinə yetirəcəyi, bəlkə də həmin dövrdə bir çoxları üçün şirin yuxu kimi görünən strateji vəzifələri icra edəcəyi üçün and içib: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm".
Prezident İlham Əliyev yeni bir Azərbaycan yaradacağı üçün and içib, onu gözləyən ağır, lakin həlli vacib məsələlərin icrasına başlayıb. Nə idi bu vəzifələr? Prezident İlham Əliyev düz 20 il öncə Azərbaycan xalqının qarşısında hansı vədlər verdi? İlk növbədə, sabitlik və təhlükəsizlik. Daha sürətli və hərtərəfli inkişaf. Dövlət başçısı güclü dövlət qurmağa, hər mənada yeni bir Azərbaycan yaratmağa tələsirdi. Çünki yalnız güclü iqtisadiyyat sayəsində dünyada söz sahibi olmaq, beynəlxalq arenada öz ayaqları üstündə durmaq, regional və qlobal oyunlarla mübarizə aparmaq, ən nəhayət Qarabağı işğaldan azad etmək mümkün idi. Atılan ilk addım Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi tanıdılması, yeni bir Azərbaycan imicinin formalaşdırılması idi.
Lakin məlumdur ki, yeni qlobal imicin arxasında iqtisadi güc olmasa, heç nəyə nail olmaq mümkün deyil. Dünya hansı iqtisadi imkanlara malik olduğunu görməlidir. Heç şübhəsiz ki, bu siyasətin də əsasını ulu öndər Heydər Əliyev "Əsrin müqaviləsi" ilə qoymuşdur.
Bu, başlanğıc və gələcək iqtisadi inkişaf üçün möhkəm baza idi. Əsas məqsəd həmin bazadan məharətlə istifadə edib Azərbaycanı həm neft, həm də qeyri-neft sektoru üzrə qlobal layihələrin mərkəzinə çevirmək və iqtisadiyyatı şaxələndirməklə hərtərəfli inkişafa nail olmaq idi. Prezidentin düz 20 il öncə qarşıya qoyduğu strateji hədəf kimi. Məhz Heydər Əliyevin qurucusu olduğu iqtisadi bazanı Prezident İlham Əliyev inamlı şəkildə diversifikasiya (şaxələndirmə) etdi.
Görülən bütün bu işlər nəticəsində qazanılan uğurlara rəqəmlərin gözü ilə nəzər salsaq görərik ki, son 20 il ərzində ölkə iqtisadiyyatına yatırılan sərmayələrin ümumi həcmi 300 milyard dolları keçib. Əlavə olaraq, onun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub. Xarici valyuta ehtiyatları 47 dəfədən çox artaraq 66 milyard dolları keçib. 2003-2022-ci illərdə ümumi daxili məhsul 7,3 milyarddan 78,7 milyard dollara yüksəlib. Qeyri-neft sektoru üzrə ümumi daxili məhsul 3,4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb, xarici ticarət dövriyyəsi isə 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ümumi daxili məhsul üç dəfəyə yaxın artaraq 13256 manat təşkil edib. Ötən 20 il ərzində ölkənin strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara qədər artıb. Orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib. Məhz bu dövrdə ölkədə yoxsulluq səviyyəsi 44,7%-dən 5,5%-ə enib.
Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclardan da asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 % olduğu halda, 2022-ci ildə 9,5% təşkil edib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir. Ölkə başçısının strateji inkişaf kursu nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
20 il ərzində ölkəmizdə iqtisadi sahədə davamlı hərəkətlilik qeydə alınıb. Azərbaycanın rəqəmsal texnologiyalara keçid sahəsində də qazandığı uğurlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) təsis edilməsi bir daha təsdiqləyir. Mərkəzin yaradılmasının əsası 2020-ci il 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. 2021-ci ilin aprelində Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı baş tutub. Bu, MDB məkanında açılan ilk belə mərkəzdir.
Prezident İlham Əliyev 20 il ərzində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, müasir, demokratik və hüquqi Azərbaycan dövlətini qurdu. Dövlət başçısının bütün çıxışlarının mahiyyətində dayanan "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik yolu ilə, inkişaf yolu ilə gedəcəyik" tezisi dünənimizə və işıqlı gələcəyimizə dünyaşöhrətli liderimizin qəti və inamlı baxışıdır.
Beləliklə, cənab İlham Əliyev ilk prezident seçilməsindən keçən şanlı 20 il ərzində dövlətçiliyimiz tarixində layiqli varis, görkəmli dövlət xadimi, beynəlxalq miqyasda tanınmış təcrübəli siyasi xadim olduğunu bütün parametrlər üzrə sübut etmişdir.
Tacir SADIQOV,
"Respublika".