İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Bakı Alüminium Profil” Məhdud Məsuliyyətli Cəmiyyətinin(MMC) dövlətə məxsus paylarının 85 faizinin və əmək kollektivi üzvlərinə güzəştli satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5B ünvanında yerləşən “Bakı Alüminium Profil” MMC-ninümumilikdə 3.121.538 manat həcmində öhdəlikləri var və onlarınrestrukturizasiyası şərtləri müsabiqə qalibi ilə imzalanacaq müqavilədə nəzərə alınacaqdır.
MMC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 3 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2,8 milyon manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Xadırladaq ki, dövlət müəssisələrinin özəlləşdirilməsi iqtisadiyyatda mühüm rol onamaqla, büdcənin formalaşdırılmasına əhəmiyyətli təsir göstərir.
Nəriman Cavadov,
“Respublika”.