Qalib ölkənin Zəfər seçkisi
Siyasət

Qalib ölkənin Zəfər seçkisi

Yanvarın 8-i saat 18:00-da qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb. Bununla da "Zəfər" seçkilərində yeni mərhələyə start verilib.

MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə verdiyi açıqlamada artıq işğaldan azad edilmiş ərazilərdə də mərkəzi seçki komissiyalarının yaradıldığını bildirib.

2024-cü il 7 fevral tarixində xalqımız yenidən öz siyasi iradəsini ortaya qoyacaq. Bu dəfə qalib xalq olaraq ölkəmizin hər bir bölgəsində keçiriləcək seçkilərin şahidi olacağıq. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilərin keçirilməsi də məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bir sözlə, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini Zəfər seçkisi adlandırsaq daha düzgün olar.

Növbədənkənar adlandırılsa da, bu seçki elə zamanında təyin olunub.  Belə ki, ölkəmiz ərazi bütövlüyünü təmin edib. Ölkə daxilində separatizm ocaqları söndürülüb.  Bu seçki ilə ölkəmizin tarixində yeni mərhələ başlayacaq.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini bəzi xarici qüvvələr hələ də qəbul etmir.  Cənubi Qafqaz regionunda bərqərar olacaq sülhü həzm edə bilməyən qara qüvvələr hələ də öz "demokratik" təxribatlarından əl çəkmirlər. Azərbaycanda seçki keçirilməsini tez-tez tələb edənlərin qərəzli mövqe nümayiş etdirmələri siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Növbədənkənar seçkilərin təyin edilməsi və  bununla bağlı Xarici İşlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq təşkilatlara dəvət  notalarının göndərilməsi həm də onu göstərir ki, Azərbaycan islahatlar həyata keçirməkdən, ədalətli seçki mühitini təmin etməkdən heç də çəkinmir. Ulu öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən  Prezident İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanmışdır. Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərə tutarlı cavab olacaq. Prezident İlham Əliyevin dediyi kimi,  "Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın". Bu, Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.

Azərbaycan xalqı dəmir siyasi iradəyə malik və verdiyi hər bir sözünə əməl edən qalib liderin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyi üçün əzmkarlıq nümayiş etdirəcək.  7 fevral tarixində xalqımızın  seçimi ölkəmizin xoşbəxt gələcəyi və güclü, qüdrətli, qalib Azərbaycan naminə olacaq.

Əminliklə söyləmək olar ki, fevralın 7-də şəffaf şəraitdə keçiriləcək azad və ədalətli prezident seçkiləri ölkəmizdə demokratiyanın təntənəsinə çevriləcək, Azərbaycan  xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcəkdir.

Aiza ŞABANOVA,

"Respublika".