Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Azərbaycanın siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrdə öz sözünü demiş qadınlar xüsusilə XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib.
Qadın emansipasiyası, qısa müddətdə qadınlar arasında savadsızlığın ləğvi, onların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir. Tarixən olduğu kimi, bu gün də qadınlar cəmiyyətimizin fəal üzvləridir.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyətində qadın məsələsi xüsusi yer tutur. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb.
Ümummilli liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Azərbaycan qadınına ən yüksək qiyməti ulu öndər Heydər Əliyev verib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini təmin etmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur.
Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm Fərman da imzalamışdır. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir".
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda yeni siyasi və iqtisadi sistem qurulmuş, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmişdir. Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub.
Tamam CƏFƏROVA,
Milli Məclisin deputatı.