Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə dərinməzmunlu, əhatəli çıxışı respublikamızın hər yerində diqqətlə izlənilib və böyük marağa səbəb olub.
Möhtərəm Prezidentimiz iqtisadi və sosial sahələrdə aparılan uğurlu islahatlar, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində görülən işlərlə yanaşı, bu yaxınlarda Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş hadisələr barədə də konkret, obyektiv, dəyərli fikirlərini ölkə ictimaiyyətinə çatdırıb.
Gədəbəydə baş vermiş hadisənin tamamilə qəbuledilməz olduğunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ən azı səhlənkarlığa yol verdiyini, nəzarətsizlik, passiv mövqe nümayiş etdirdiyini, xarici investor tərəfindən təbiətimizin zəhərləndirildiyini bildirib.
Cənab Prezidentin qeyd etdiyi kimi, yerli sakinlərin bir hissəsi təxribatçıların fitnəsinə uyaraq qanunsuz hərəkətlər ediblər. Bu isə dözülməz və qəbuledilməzdir. Ölkəmizdə onlardan bir neçəsi müəyyənləşdirilib və məsuliyyətə cəlb olunub.
Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 30 il əvvəl başa çatıb. Vətəndaşlar mədəniyyət göstərməli, qanuna tabe olub polisə daş atmamalı idilər. Polisə daş atmaq heç kimə şərəf gətirmir. Vəzifə borcunu yerinə yetirən polis dözümlülük göstərirsə, bu o demək deyil ki, kim istəsə polisə daş ata bilər. Bu, cinayət tərkibli əməldir.
Mən ömrümün 48 ilini daxili işlər orqanlarında xidmətə həsr etmişəm. İstefada olan mayor, Qarabağ müharibəsi veteranıyam. Polisin işinin nə qədər çətin, ağır və şərəfli olduğunu yaxşı bilirəm.
Polis, daxili işlər orqanları dövlətimizin əsas sütunlarından, dayaqlarından biridir. Bütün dövrlərdə polis Azərbaycan dövlətinə, xalqına sədaqətlə, yüksək məsuliyyətlə xidmət edib. Möhtərəm Prezidentimiz də polisin fədakar işini, zəhmətini yüksək qiymətləndirib: "Dözülməz haldır - bütövlükdə həm oradakı təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də bizim nazirliyimizin fəaliyyəti. Yeganə olaraq burada özünü ləyaqətlə aparan Azərbaycan polisi idi. Onu hər kəs bilməlidir. İndi bəziləri ağızlarını büzürlər. Gedin, açın gözünüzü baxın, Amerika polisi ildə neçə nəfəri öldürür-1000 nəfəri. Fransa polisi neçə nəfəri öldürür və nəyə görə öldürür? Bu yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. Mən onlara bəraət qazandırmıram, o dözülməzdir. Əfsuslar olsun ki, insanları öldürən o polisin mütləq əksəriyyəti məsuliyyətdən yayınır. Bir müddətdən sonra onları ya ümumiyyətlə məhkəmədə buraxırlar, ya da ki şərti iş verirlər. Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət".
Cənab Prezidentimizin polisin şərəfli əməyini yüksək qiymətləndirməsi Lənkəran şəhər-rayon polis şöbəsinin kollektivini, 160-a yaxın polis veteranını hədsiz dərəcədə sevindirib.
Yaxşı xatırlayıram. 1988-ci ildə Qarabağ münaqişəsi başlayanda Azərbaycanda ordu yox idi. Ordusuz bir respublikanın müdafiəsinə ilk öncə polis qalxmışdı. Azərbaycan polisi tək cinayətkarlığa qarşı mübarizə aparmır, eyni zamanda ön cəbhədə düşmənlə döyüşür, soydaşlarımızın təhlükəsizliyini qoruyurdu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı yerlə-yeksan olunanda düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşı da qəhrəmancasına həlak oldu. Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi və Xocalı aeroportunun komendantı Əlif Hacıyev yüksək igidlik, şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Cəsur, peşəkar polis zabiti Əlif Hacıyev Azərbaycan polisinin tarixinə şanlı səhifə yazdı, xalqımızın qəlbində əbədi məhəbbət qazandı. Düşmənə sübut etdi ki, daxili işlər orqanlarında çalışan mərd, mübariz, cəsur oğullar Vətən, torpaq uğrunda hər an öz canından keçməyə hazırdırlar.
Azərbaycan polisi erməni millətçilərinin cinayətkar əməllərinə qarşı mübarizədə çoxlu itkilər verib. "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının ilk dəfə 11 şəhid polis əməkdaşına verilməsi heç də təsadüfi deyildir. Əslən Lerik rayonundan olan 24 yaşlı polis zabiti Rövşən Abdullayev Zəngilan rayonunun Qazançı kəndində erməni faşistləri ilə qeyri-bərabər döyüşdə ağır yaralansa da, silahını yerə qoymayıb, erməni dığaları ilə təkbaşına döyüşüb və qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Qarabağ müharibəsində Azərbaycan polisinin 932 əməkdaşı şəhid, 681-i isə əlil olub. Eyni zamanda, 67 polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb. Bu, polisin Vətənə, dövlətçiliyə, xalqa böyük rəşadət, qəhrəmanlıq, sədaqət və misilsiz xidmət nümunəsidir.
O illərdə çalışdığım Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları da növbə ilə cəbhəboyu rayonlara ezam olunurdu. Ağdam, Şuşa, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan və digər rayonlarda postlar qurub, dinc sakinləri düşmənin hücumlarından və əsir düşməkdən qoruyurduq. O illərdə Qarabağda fədakar, nümunəvi xidmətlərimizdən çoxlu Fəxri fərmanlar, təşəkkürnamələr yadigar qalıb. Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi, polkovnik Azər Cahangirov və şöbənin kollektivi polis veteranları ilə daim əlaqə saxlayır, cinayətkarlığa qarşı mübarizədə, gənc polis əməkdaşlarının peşəkarlığının artırılmasında onların zəngin təcrübəsindən istifadə edirlər.
Azərbaycan polisi bu gün də cəbhə rayonlarında ordu birləşmələri, digər hüquq-mühafizə orqanları ilə birgə xidmət aparır. Düşmənlə yaxın təmas xəttində dövlət yol polisinin və post-patrul xidmətinin əməkdaşları vəzifə borcunu peşəkarlıqla, ləyaqətlə yerinə yetirir. Yol polisləri hərbi və mülki təyinatlı nəqliyyat vasitələrini müşayiət edir, onların rahat və təhlükəsiz hərəkətini təmin edirlər. Cəbhə bölgələrində sürücüləri təhlükəsiz yollarla bağlı məlumatlandırır, onlara istiqamət göstərir və qadağan olunmuş ərazilərə hərəkətin qarşısını alırlar. Post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş rejimdə işləyərək cəbhəyanı kəndlərdə ictimai asayişi qoruyur, əhalinin təhlükəsizliyini təmin edir.
Bəli, Azərbaycan polisi andına, vəzifə borcuna daim sadiqdir. Gecə-gündüz iş başındadır. Respublikamızın müstəqilliyi, dövlətçiliyi keşiyində ayıq-sayıq dayanıb. İctimai asayişi, əmin-amanlığı, əhalinin rahatlığını etibarlı şəkildə qoruyur. Dövlətçiliyə, qanunların aliliyinə sadiq olan polis üzərinə düşən məsul, şərəfli vəzifələri layiqincə yerinə yetirir.
Bəxtiyar VƏLİYEV,
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri, istefada olan polis mayoru.