Beynəlxalq Qırmızı Xaç Komitəsi... 1863-cü il fevralın 9-da İsveçrənin Cenevrə şəhərində təsis edilən bu təşkilatın əsas fəaliyyəti münaqişə qurbanlarını müdafiə etmək və onlara yardım göstərməkdən ibarətdir. Bu humanitar təşkilat indiyədək üç dəfə "Nobel" sülh mükafatı alıb. 1949-cu il Cenevrə konvensiyalarının, onun 1977-ci və 2005-ci illər Əlavə Protokollarının iştirakçısı olan dövlətlər tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verilib. Bu qurbanlar sırasına isə müharibə yaralıları, əsirlər, qaçqınlar, mülki şəxslər və digər qeyri- döyüşçülər daxildir.
BQXK Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və 192 Milli Cəmiyyətlə birlikdə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir...
Vətən müharibəsi Azərbaycanın qələbəsilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı, tərəflər üzərlərinə öhdəliklər götürdülər. Bəyanata görə, Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi-diplomatik yolla bir güllə atılmadan Azərbaycana qaytarıldı. Dövlətimiz humanistlik nümayiş etdirərək Laçın sərhədindən istifadə etmək üçün ermənilərə imkan yaratdı. İşğalçı ölkə isə bu yoldan çirkin əməllərini həyata keçirmək məqsədilə istifadə edirdi. Belə ki, Qarabağın təbii sərvətləri talan edilib, bu yolla Ermənistana, oradan da dünya ölkələrinə daşınırdı. Həmçinin, bu yolla Qarabağdakı separatçılara silah-sursat, hərbi qüvvə gətirilir, onlar qaçaqmalçılıqla məşğul olurdular. Erməni tərəfi sərhəddə tez-tez təxribatlar törədir, qarşıdurma yaradırdı. Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər bu hərəkətlərindən əl çəkmirdilər. 2022-ci ilin dekabrında baş verənlərə etiraz olaraq ekofəalların 138 gün davam edən aksiyası başladı. Dinc aksiyanın sonunda, 2023-cü il aprelin 23-də Azərbaycanın Ermənistanla sərhədyanı bölgəsində Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi quruldu və Azərbaycan bayrağı qaldırıldı. Ondan sonra da Qarabağ iqtisadi rayonundakı ermənilər bu məntəqədən keçməklə Ermənistanla əlaqə yarada bilirdilər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan şöbəsinin bu yoldan təhlükəsiz istifadəsinə də şərait yaradılmışdı. Ancaq təəssüf ki, beynəlxalq humanitar təşkilat sayılan, insanların həyat və sağlamlığını qorumaq, əzab-əziyyətlərini yüngülləşdirmək məqsədilə yaradılan bu komitə Azərbaycanda mandatına uyğun olmayan fəaliyyətlə məşğuldur. Ümumiyyətlə, bu təşkilat həmişə öz mandatı üzrə həyata keçirilməli olan fəaliyyətdən dolayısı ilə boyun qaçırıb. Bir neçə faktı xatırlatmaq lazım gəlir. Məlumdur ki, Azərbaycanın 4 minə yaxın vətəndaşı itkin sayılır. Bundan başqa, Kəlbəcər rayonunun Başlıbel kəndinin 27 dinc sakini 1993-cü ildə ermənilər tərəfindən güllələnib. Onlardan 12 nəfərinin dəfn edildiyi yer aşkarlansa da, 13 nəfərin meyiti hələ də tapılmayıb. İstər o vaxt, istərsə də sonrakı dövrlərdə beynəlxalq təşkilatlara həmin şəxslərin cəsədlərinin yerinin müəyyənləşdirilməsi ilə bağlı müraciət edilib, ancaq heç bir reaksiya verilməyib. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələrilə əlaqə saxlasalar da, sonradan onların taleləri ilə bağlı hər hansı məlumat verilməyib. Təşkilat 2014-cü ildə DNT məlumat bazası yaratsa da, bunun itkin düşmüş soydaşlarımız üçün heç bir xeyri olmayıb.
Bu yaxınlarda humanitar təşkilatın Qarabağ bölgəsində fəaliyyətində daha ciddi qanun pozuntuları aşkarlanıb. Belə ki, təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıqla məşğul olublar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ ilə bağlı müsahibəsində deyib ki, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minədək soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etmir, onların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır. Bundan başqa, BQXK-nın Xankəndi ofisi hələ də Bakı ofisinə deyil, siyasi cəhətdən Cenevrəyə, logistika cəhətdən İrəvan ofisinə tabedir. Təəssüf ki, BQXK bizim etimadımızdan sui- istifadə edir. Artıq rəsmi qaydada BQXK-nı Azərbaycanın suverenliyinə zidd olan bu praktikaya son qoymağa və Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsinə dair Azərbaycana konkret vaxt cədvəli təqdim etməyə çağırmışıq.
Deməli, bu gün BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir, beynəlxalq və Azərbaycan qanunları ilə tənzimlənmir. Belə olduqda, nəyə görə hansısa beynəlxalq təşkilat Azərbaycanın suveren ərazisində fəaliyyət göstərməlidir? Qarabağda fəaliyyət göstərən BQXK-nın üzvlərinin Azərbaycana mənfi münasibəti də istisna deyil. Əks halda, onlar qaçaqmalçılığa və bu kimi qanunsuzluğa yol verməzdilər. Onlar bu davranışları ilə Azərbaycan qanunlarına hörmətsizlik göstərirlər. Üstəlik, bu təşkilat 44 günlük müharibədə də işğalçı Ermənistanı müdafiə edən mövqe tutmuşdu. Həmin günlərdə təşkilatın humanitar mandatdan istifadə edərək Azərbaycan hərbçilərinin mövqelərini Ermənistan tərəfə ötürməsinə dair məlumatlar da var.
İyulun 12-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında Prezident İlham Əliyev Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiətilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
Zümrüd QURBANQIZI,
"Respublika".