Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistan parlamenti sədrinin ölkəmiz haqqında yalan və əsassız iddialarına cavab verib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin sədri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı meşələrimizi və qoruqlarımızı məhv edən, təbii sərvətlərimizi qanunsuz istismar edən, torpaq və çayları çirkləndirən bir ölkənin nümayəndəsi kimi Ermənistan parlamenti sədrinin Azərbaycanın suveren ərazilərində hər hansı "ekoloji narahatlıqlar" barədə danışmağa mənəvi haqqının olmadığını bildirib.
S.Qafarova diqqətə çatdırıb ki, Ermənistan tərəfi nədənsə Beynəlxalq Məhkəmənin əsassız saydığı və Ermənistanın Azərbaycan hökuməti tərəfindən Laçın yolunda etirazların təşkili və dəstəklənməsinə dair, eləcə də Ermənistandan təbii qaz tədarükünün və digər ictimai xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı iddialarını tamamilə rədd etməsi barədə susur. Məhkəmənin qərarı, həmçinin Laçın yolundan qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün istifadənin yolverilməzliyinə dair Azərbaycanın mövqeyi ilə də uyğundur.
Qeyd olunub ki, Azərbaycanın erməni vətəndaşlarına qarşı hansısa "terror" iddialarının absurdluğu onların 30 illik işğal dövründə etnik təmizləmə və kütləvi qətllər törətmiş, 1 milyona yaxın azərbaycanlını öz doğma yurdlarından zorla qovaraq Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə məhv edən bir ölkənin nümayəndəsi tərəfindən irəli sürülməsindədir.
Milli Məclisin sədri, həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış, Qazax rayonunun 7 kəndini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzərində işi davam etdirməlidir.