Uzun illər ərzində apardığımız çoxsaylı tədqiqatlar, o cümlədən yerli və beynəlxalq elmi jurnallarda dərc etdirdiyimiz və dünya alimlərinin məqalələrinə, tərəfimizdən alınan ixtiralara, hazırda davam etdirilən çoxsaylı laboratoriya araşdırmalarına baxmayaraq, öz-özünə yetişən, yaxud da asanlıqla yetişdirilə bilən qida və müalicə əhəmiyyətli, el arasında pərpərən adlandırılan bağça pərpətöyünü (latınca "PORTULACA") təəssüflə qeyd etmək istərdik ki, Azərbaycanda hələ də kütləvi istehsaldan və sənaye istifadəsindən kənarda qalmışdır.
Pərpərən dünyanın tropik və subtropik zonalarında, Cənubi Amerika və Afrika ölkələrində, o cümlədən respublikamızda öz-özünə, yəni yabanı halda yetişir. Ədəbiyyat məlumatlarına əsaslanaraq qeyd edə bilərik ki, bir kvadrat metr sahədən 5-6 kiloqram yaşıl pərpərən məhsulu toplamaq mümkündür. Bu bitkinin üstünlüklərindən biri də toxumunun öz-özünə torpağa səpələnərək yetişə bilməsidir.
Müzəffər ordumuzun qələbəsi nəticəsində azad olunmuş torpaqlarımızın boş əkin sahələri bu faydalı bitkinin yetişdirilməsi üçün bu gün geniş imkanlar yaradır. Fikrimizcə, işğaldan azad edilən torpaqlarımızda əkilib yetişdirilmək üçün layiq olan pərpərən bitkisi xammal ehtiyatlarının artırılması üçün ideal mənbədir. Çünki bitki çox qulluq tələb etmir, hətta şoran və az sulu torpaqlarda (ərazilərdə) belə yetişmə və yetişdirilmə imkanlarına malikdir.
Pərpərənin qurudularaq toz halında (un şəklində) çoxfunksiyalı xammal kimi istifadəsi haqqında kifayət qədər əsaslandırılmış elmi məlumatlarımız məqalələrimizdə öz əksini tapmışdır. Bununla yanaşı, qeyd edə bilərik ki, bağça pərpərəninin fitokimyəvi potensialı, nutrisevtik və farmakoloji əhəmiyyəti xalq təbabəti və müasir elmi-tədqiqatlarla da təsdiq olunmuşdur.
Bitkinin saplaqlarından alınan quru tozun kimyəvi tərkibinin zülallar, mineral maddələr, karbohidratlar, yağlar, vitaminlər, xüsusilə C vitamini və s. ilə zənginliyi bu bitkinin necə bir istifadə perspektivinə malik olduğunu təsdiqləyir. Xarici elmi mənbələr hətta pərpərənin həm də omeqa-3 və omeqa-6 yağ turşularının mənbəyi kimi istifadə olunma imkanına malik olduğunu təsdiqləyir.
Xalq təbabəti qədim zamanlardan onu şəkər xəstəliyinə, sidik infeksiyalarına qarşı, ürək-damar və digər xəstəliklərin müalicəsində işlətmişdir. İbn Sina, Çin, Tibet, Hindistan və ərəb ölkələrinin xalq təbabəti loğmanları qədimdən bu bitkinin müalicəvi xassələrindən ətraflı yazmışlar.
Müasir tədqiqatlar bitkinin xərçəng əleyhinə antioksidantlar daşıdığını müəyyən etmiş, onun yarpaqları və zoğlarının çox zəngin bioloji aktiv maddələrə malik olduğunu təsdiqləmişdir. Alimlər pərpərən ekstraktının yoğun bağırsaqlarda yaranan xərçəngin inkişafına ləngidici təsirini də müəyyən etmişlər.
Təcrübələrlə pərpərən tozunun üyüdülmüş un şəklində çörək məhsullarına, ət xammalına, mayonez məhsullarına, konservləşdirilmiş məhsullara, turşudulmuş süd məhsullarına və s. qatılmaqla istifadə texnologiyalarının xeyli hissəsi tərəfimizdən işlənmiş və xarici mətbuatda dərc olunmuşdur. Bu istiqamətdə hətta namizədlik və magistr dissertasiyaları da mövcuddur.
Ən maraqlısı da ondan ibarətdir ki, üyüdülmüş pərpərənin toz halında istifadə olunması, həm də əczaçılıq sənayesi üçün böyük imkanlara malikdir. Pərpərən tozundan istifadə etməklə bir sıra ölkələrdə dərman preparatlarının alınması təcrübəsi fikirlərimizlə üst-üstə düşür.
Onu qeyd edək ki, qurudulmuş pərpərəndən toz halında istifadə edilməsi quşçuluq sənayesinin, xüsusilə broyler cücələrinin yetişdirilməsi sahələrinin inkişafı üçün böyük stimul verə bilər.
Təcrübələr göstərir ki, bağça pərpərəninin yerüstü hissələrinin daha çox və asan 40-600C-də quruducu şkaf və ya vakuum şəraitində qurudularaq toz şəklində əldə edilməsi onun geniş istifadə edilməsi üçün kifayət edir. Bu haqda əsaslandırılmış elmi məlumatlar kifayət qədərdir və bu məqalənin müəllifləri olaraq onlar haqqında hər zaman məsləhət verməyə hazırıq.
Bütün bunlar bir daha onu şərtləndirir ki, digər meyvə-tərəvəz bitkiləri kimi, yerli şəraitdə yetişdirilən pərpərənin (pərpətöyünün) sənaye sahələrində istifadəsinin imkan və