Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2024-cü ilin dövlət büdcəsi müzakirə olunub
Siyasət

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2024-cü ilin dövlət büdcəsi müzakirə olunub

Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin (birinci oxunuş) daxil olduğunu, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini söyləyib.

Komitə sədri bütövlükdə 2023-cü ildə dünyada gedən mürəkkəb proseslər fonunda iqtisadi artımın mülayim templərlə davam etdiyini deyib. Bildirib ki, cari ildə Azərbaycanda Ümumi Daxili Məhsulun artım tempinin ilin sonuna qədər 1,9 faiz olması ilin əvvəlində baza ssenaridə təklif olunub. 2024-cü ildə ölkəmizdə artımın 2,4 faiz, neftin 1 barrelinin orta qiyməti büdcə layihəsində optimist ssenaridə 80 ABŞ dolları nəzərdə tutulub. Bu ilin sonuna inflyasiyanın ölkəmizdə 9,5 faiz, növbəti ildə 5,3 faiz olacağı planlaşdırılır.

Cari ilin 9 ayı ərzində ölkədə iqtisadi inkişaf tamamilə qeyri-neft-qaz sektoru hesabına həyata keçirilib. Ötən müddət ərzində aparılan iqtisadi islahatlar qeyri-neft sektorunun daha çox inkişaf etməsinə, 2024-cü ildə onun ÜDM-də payının 71 faizi keçməsinə səbəb olacaq. Təqdim edilən büdcə layihəsində son 7 ildə ilk dəfə olaraq büdcə gəlirlərinin 51 faizə qədərinin qeyri-neft sektorunun hesabına formalaşması təklif olunur. Bu ilin 9 ayı ərzində Azərbaycanda 91 milyard manata yaxın ÜDM istehsal olunub, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faizə yaxın artım təşkil edir. Qeyri-neft sektorunda 9 ay ərzində artım 3 faizə yaxın olub. Neft-qaz sektorunda 1,5 faiz azalma ÜDM-in ümumi həcminə təsir göstərib. Proqnozlara əsasən, bu ilin sonuna ÜDM-də 1,9 faiz artım müşahidə olunacaq. Cari ilin 9 ayı ərzində orta aylıq əməkhaqqı 923 manatdan çox olub və keçən ilin eyni dövrü ilə müqayisədə 11 faizə qədər artım təşkil edib. 2023-cü ilin 8 ayı ərzində büdcə gəlirləri 106 faiz, xərcləri isə 105,6 faiz təşkil edib.

2024-cü ilin büdcəsi əsasən 4 sütunu - real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı, sabit məzənnə üzərində iqtisadi çərçivənin hazırlanmasını özündə ehtiva edir. Növbəti ildə ÜDM-in 2,4 faiz, qeyri-neft sektorunun 4,6 faiz artması nəzərdə tutulub. Təqdim edilmiş sənədlərdə 3 ssenari - baza, optimist və pessimist ssenarilər təklif olunur. Baza ssenaridə neftin 1 barrelinin qiymətinin 60 ABŞ dolları, optimist ssenaridə 80 ABŞ dolları, pessimist ssenaridə isə 40 ABŞ dolları ətrafında olacağı göstərilir.

Komitə sədri qeyd edib ki, büdcə layihəsində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 282,5 milyon manat, xərclərinin isə 138,2 milyon manat artması planlaşdırılır. Büdcə layihəsində sosial xərclərin 1 milyard 34,5 milyon manat artması planlaşdırılır və bu da insanların maddi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

İclasda maliyyə naziri Samir Şərifov çıxış edib. Nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla, güclü milli iqtisadi resurslara söykənərək Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm əhəmiyyətə malik tədbirlərin maliyyələşdirilməsi üçün zəmin yaradır. Növbəti ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətləri kimi nəzərdə tutulub. Bu prioritet istiqamətlər, həmçinin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" ilə müəyyən edilmiş tədbirlərin icrasının maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin üçdəbiri qədər vəsait ayrılacaq. Bununla yanaşı, əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da nəzərdə tutulub.

2024-cü ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri əsas götürülüb. Ortamüddətli dövr üzrə büdcə vergi siyasətinin formalaşdırılmasında qlobal və regional geosiyasi gərginlik, dünya enerji bazarında qeyri-müəyyənlik, təbii qazın qiymətinin və ölkədaxili neft hasilatının aşağı enməsi kimi bir sıra xarici və daxili faktorlar nəzərə alınıb. Növbəti illərdə büdcə xərclərinin maliyyə təminatında qeyri-neft sektorundan daxilolmaların payının artacağı proqnozlaşdırılır.

Növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Bu, cari il üçün təsdiq olunmuş göstərici ilə müqayisədə 3 milyard 409 milyon manat, cari ilin yenidən baxılma ilə əhəmiyyətli dərəcədə artırılmış dövlət büdcəsi xərclərindən 3 milyard, nisbətdə isə 138 milyon manat çoxdur. Xərclərin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. Gəlirlərin qeyri-neft sektoru üzrə və neft sektoru üzrə bölgüsünün bərabər olacağı gözlənilir. Dövlət büdcəsinin neft-qaz sektorunda məcmu gəlirləri 17 milyard 164 milyon manat nəzərdə tutulub. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 865 milyon manat, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 122 milyon manat və ya 7,5 faiz çox, qeyri-neft sektoru üzrə isə 9 milyard 890 milyon manat, cari illə müqayisədə 905 milyon manat və ya 10,1 faiz çox vəsaitin təmin olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il üçün 5 milyard 900 milyon manat daxilolmalar nəzərdə tutulur və bu cari illə müqayisədə 172 milyon manat və ya 3 faiz çox olacaq. 2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası üçün 4 milyard manat, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə əlavə olaraq 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə ödəniləcək kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsi vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və işğaldan azad edilmiş ərazilərdə müvafiq strukturların yaradılması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

2024-cü ildə dövlət büdcəsi xərclərinin 42,9 faizi, onun cari xərclərinin isə 69,7 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. O, həmçinin dövlət büdcəsində təhsil, səhiyyə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti, mənzil və kommunal təsərrüfatı, kənd təsərrüfatı tədbirləri, ətraf mühitin mühafizəsi, dövlət əsaslı vəsait qoyuluşu, sahibkarlığın dəstəklənməsi, beynəlxalq fəaliyyət və bir sıra digər sahələrə ayrılmış xərclərə dair göstəriciləri nəzərə çatdırıb.

Maliyyə naziri 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı bildirib ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Kəsirin ÜDM-ə nisbəti 2,9 faiz təşkil edəcək.

Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə büdcənin gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.

Samir Şərifov çıxışının sonunda 2024-cü il üçün dövlət və icmal büdcələrinin layihəsinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər prioritet hədəfləri üçün maliyyə təminatı yaradacağını söyləyib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək, 2024-cü il və sonrakı 3 il üçün sosial-iqtisadi inkişafın parametrləri barədə məlumat verib. O, büdcə layihəsinin hazırlanmasının mürəkkəb qlobal şəraitə təsadüf etdiyini söyləyib. Ölkə iqtisadiyyatındakı cari vəziyyət və strateji istiqamətlər barədə danışıb. Nazir qeyri-neft sektorunun bütün istiqamətlərində müşahidə olunan artımla bağlı göstəriciləri diqqətə çatdırıb.

Mikayıl Cabbarov iqtisadiyyata investisiya qoyuluşu, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası üzrə xərclərin icrasının mühüm rol oynadığını deyib. Xarici ticarət balansında böyük həcmdə profisit müşahidə olunduğunu, qeyri-neft sektorunun ixracının artdığını qeyd edib. O, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirlərinin inflyasiyanın azalmasına imkan verdiyini söyləyib.

Nazir ölkəmizin postpandemiya və postmünaqişə dövründə yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu, bu dövrdə yeni nəsil islahatlar vasitəsilə iqtisadi artımın dayanıqlı mənbələrinin hərəkətə gətirilməsinin, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin, innovasiya və ixrac yönümlülüyünün, maliyyə dayanıqlığının daha da gücləndirilməsinin, onun qlobal dəyər zəncirinə səmərəli inteqrasiyasının, yüksək rifah cəmiyyətinin sürətlə formalaşmasının qarşıda duran əsas hədəflər olduğunu bildirib.

İclasda Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edərək mövcud qlobal və daxili iqtisadi mühit, ölkənin valyuta ehtiyatları, Mərkəzi Bankın maliyyə sabitliyinin qorunması, sığorta sektorunda, nağdsız ödənişlər sahəsində vəziyyət, manatın məzənnəsi və bir sıra digər məsələlərlə bağlı fikirlərini açıqlayıb. Sonra o, 2024-cü il üçün ölkənin monetar siyasəti və əsas istiqamətləri barədə məlumat verib.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov çıxış edərək, 2024-cü ilin dövlət büdcə daxilolmalarında gömrük orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün lazımi işlərin həyata keçiriləcəyini söyləyib.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2024-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı palatanın rəyini təqdim edib.

Palatanın sədri rəyin hazırlanmasında istifadə olunan məlumat mənbələrini, riayət edilən tələbləri və standartları diqqətə çatdırıb.

Sonra iclasda 2024-cü ilin dövlət büdcəsi layihəsi ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yekunlaşdırıb və deputatlar "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

“Respublika”.