Böyük Qələbəmizə aparan yolun başlanğıcı
Siyasət

Böyük Qələbəmizə aparan yolun başlanğıcı

Sentyabrın 27-si Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günündə respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə şəhidlərimizin xatirəsi qürurla yad edilir. 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərdi, bir yumruq kimi birləşərək əsl həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəylik nəticəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dəmir iradəsi, uzaqgörən strategiyası, uğurlu xarici-daxili siyasəti nəticəsində xalqımız tarixinin ən möhtəşəm Qələbəsini qazandı.

Vətən müharibəsində 3 minə yaxın qəhrəman Azərbaycan övladı şəhidlik zirvəsinə yüksəldi, minlərlə vətəndaşımız qazi oldu, sağlamlığını itirdi. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmən günahsız mülki insanları hədəfə alaraq çoxsaylı müharibə cinayətləri törətdi. Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən Mingəçevir və Yevlax şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutuldu. Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı. Lakin təcavüzkar Ermənistan xalqımızın qələbə əzmini sarsıda bilmədi. Çox qısa zamanda "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 30 il işğal altında qalmış kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizləndi.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikal əməliyyatla noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından Azərbaycan xalqına müraciətində bəyan etdi. "Şuşasız bizim işimiz yarımçıq olar", - deyən Müzəffər Ali Baş Komandan müasir müstəqil dövlətimizin banisi ümummilli lider Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Şuşanın işğaldan azad edilməsi, bu əzəmətli məkana üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu.

Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur qaldı. Beləliklə, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatı ilə Kəlbəcər, Laçın və Ağdam rayonları qan tökülmədən Azərbaycana qaytarıldı. Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan Vətən oğullarının qisası döyüş meydanında alındı. Azərbaycanın dünyaya səs salan "Dəmir yumruq" əməliyyatı nəticəsində Ermənistan diz çökdü. Dünya kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin sonda hansı nəticələrə gətirib çıxardığını gördü. Vətən müharibəsinin ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğu bütün dünyaya bəyan edildi.

27 sentyabr Böyük Qələbəmizə aparan yolun başlanğıcı oldu. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim həmrəyliyimiz önəmli rol oynadı. Başqa sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Şübhəsiz, bu şanlı zəfərdə qardaş Türkiyə də daim Azərbaycanın yanında oldu. Zəfərdən sonra ölkə rəhbəri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın 15 İyun - Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsini imzalamaları iki qüdrətli ölkənin münasibətlərini iqtisadi, siyasi və hərbi baxımdan ən yüksək səviyyəyə çatdırdı.

Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, müharibənin davam etdiyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələrlə respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı. Həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan nankor qonşumuz Ermənistan özünün təcavüzkar siyasəti üzündən bütün regional layihələrdən təcrid olunub. Hazırda bu ölkədə siyasi, sosial və iqtisadi böhran fəlakət həddinə çatıb və zaman işğalçıya heç bir uğurlu perspektiv vəd etmir. Revanşist çıxışlarından əl çəkməyən erməni "başbilənlər"i günün reallıqlarını anlamır. Postmüharibə mərhələsində Azərbaycanın regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən təşəbbüs və təkliflərini görməzdən gəlirlər. Xüsusən, son günlər intensiv təxribatlar törədir, Azərbaycanla aparılan danışıqlar prosesini, sülh müzakirələrini pozmağa cəhd edirlər. Lakin ermənilər "Dəmir yumruğ"u heç vaxt unutmamalıdır. İşğaldan azad edilmiş Hadrut qəsəbəsində ucaldılan "Dəmir yumruq" abidəsi xalqımızın, dövlətimizin, rəhbərimizin iradə və əzminin nümayişi, düşmənə əsl göz dağı, dərsdir. Düşmən hər zaman o "Dəmir yumruğ"u başının üzərində hiss etməli və torpaqlarımıza göz dikməyi xəyalına belə gətirməməlidir.

Zamanın Azərbaycanın xeyrinə işləməsi aşkar faktdır. Hazırda işğaldan azad etdiyimiz bölgələrdə genişmiqyaslı quruculuq işləri aparılır. Qarabağda 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu 700 kilometrdən çoxdur. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə daşımalar həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcək. Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq duyğusu yaradır. İşlər sırf plana uyğun şəkildə, ciddi koordinativ formada aparılır. Ötən hər gün məcburi köçkünlərimizin Qarabağa kütləvi qayıdışını daha da yaxınlaşdırır. Qarabağın dirçəldilərək cənnətə çevrilməsi və onun potensialının ölkə iqtisadiyyatına yönəldilməsi prioritet məsələ kimi qarşıya qoyulub. Qarabağda aparılan bərpa-quruculuq işləri ilə paralel Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri də doğma yurda qayıdışın təntənəsidir.

İşğal altında olan torpaqlarımız yüzlərlə qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad edilib. Onlarla mülki vətəndaşımız xəyanətkar düşmənin döyüş cəbhələrindən uzaqlarda yerləşən ərazilərə raket zərbələrindən həlak olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir. Ölkə başçısı şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlət başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə belə deyib: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq".

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: "Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq".

Xalqımız və dövlətimiz mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhidlərimizi anmaq, qazilərimizə diqqət və qayğı göstərmək şanlı bayrağımızı Qarabağda dalğalandırmış, canını Vətən yolunda fəda etmiş qəhrəman igidlərimizin ölməz ruhuna, əsgər və zabitlərimizə vəfa borcumuzdur. Məhz 27 sentyabr - Anım Günü bizə, hər bir Azərbaycan vətəndaşına şəhidlərimizi xatırladacaq, onların xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Elmar ƏLİYEV,

Bakı şəhəri 14 saylı notariat

ofisinin notariusu.