Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının açılış günü Almaniya nümayəndə heyətindən deputat Frank Şvabenin təklifi ilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi heç bir hüquqi əsasa söykənməyən qərəz və ikili standartdır. Görünən odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına, Şvabenin timsalında isə Almaniyanı muzdlu icraçıya çevirə bilib. İnsan hüquqları və azadlıqlarının dəstəklənməsi, vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinə sədaqət yolu ilə üzvləri arasında böyük birliyə nail olmaq kimi məqsəd müəyyən etmiş Avropa Şurasının bu gün lobbi maraqları naminə kiçilən, Fransa və Almaniya kimi dövlətlərin işğal və separatizmi açıq şəkildə müdafiə edən cılız birliyi formasında təzahür edən reallığını görmək sadəcə təəssüf doğurur.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının Nizamnaməsinin preambulasında ifadə olunan "Ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq", eyni zamanda İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın preambulasında ifadə olunan, "10 dekabr 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməli olduğunu nəzərə alaraq" təsisata qoşulmuşdur. Hətta 2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev "Bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına" inam ifadə etmişdi. Lakin ötən dövr ərzində Parlament Assambleyasının Avropa Şurasının Nizamnaməsi və Avropa Konvensiyasına, habelə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə zidd olaraq özünü daha çox ermənipərəst, islamofob və türkofob dairələrin platforması və qeyrilərini qəbul etməyən orta əsr təfəkkürlü radikal dini klub kimi apardığının şahidi olmuşuq. Xüsusən, bəşəri dəyər olan insan haqları və demokratiya kimi meyarlar AŞPA-nın fəaliyyətində ucuz təsir alətinə çevrilib. Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsində qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsipindən bəhs edildiyi halda, Azərbaycana münasibətdə bu yanaşma faktiki olaraq işlək olmayıb. Ən azı quruma daxil olduğumuz 2001-ci ildən 2020-ci ilə qədərki dövrdə davam edən işğal faktoru nəticəsində bir milyona yaxın Qarabağ və Şərqi Zəngəzur sakininin təməl haqlarını AŞPA faktiki olaraq görməzdən gəlib. Azərbaycanda 2023-cü ilin sentyabr ayına qədər mövcud olmuş və əsas bəşəri təhlükəsizlik məsələlərinin təməlində dayanan amillərdən biri olan separatizm probleminə dair AŞPA bir dəfə də olsun real mövqe göstərməyib. Əksinə, Azərbaycanın hərbi-siyasi yolla, eyni zamanda beynəlxalq humanitar hüququn prinsiplərini rəhbər tutmaqla işğala, təcavüzə son qoyması Qərbin bir sıra dairələri kimi, AŞPA-da da isterikaya səbəb olub. Bu gün Ermənistanın özünün bu reallıqla barışdığı bir mərhələdə Avropa Şurası ASALA-dan, yaxud terrorçuların siyasi qanadı olan "Daşnaksütyun"dan fərqli davranmayaraq prosesləri qəbul etmək istəmir. Bu gün Azərbaycan və Ermənistan arasında 7 dekabr birgə bəyanatı fonunda xoşniyyət ifadəsi təcrübəsi yarandığı, Bakı və İrəvanın birbaşa təmaslara başladığı, sülh prosesi çərçivəsində müzakirə olunan sənəd layihəsində Qarabağ adlı bir inzibati vahidin yer almadığı bir situasiyada AŞPA rəsmən "Qarabağdan erməni sakinlərin zorakılıqla çıxarılması" kimi absurd iddialar irəli sürür. İndiki məqamda, Avropa Şurasının bu yanaşması, Ermənistanda revanşistlərin yenidən ümidləndirilərək dirçəldilməsi, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad mühitinə zərbə vurmaqla regionda sülh və sabitlik üçün açıq təhdiddir.
Əgər AŞPA insan haqlarının ayrılmaz, universal, ali və konsensual xarakter daşıması reallığını qəbul edirsə, sayı hər ötən gün şişirdilən Qarabağ ermənilərinin könüllü köçündə prinsipial olaraq həssasdırsa, 350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququnu niyə görməzdən gəlir? Görünən odur ki, AŞPA-nın "həssaslığı" yalnız ucuz və təcavüzkar məqsədlərə xidmət edir.
Yaxud Frank Şvabenin "Parisdə yazılmış" çıxışında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması üçün əsas gətirdiyi səbəblərdən digəri - guya Azərbaycanda "siyasi məhbuslar" olması məsələsinin AŞPA kürsüsündən səslənməsi özlüyündə riyakarlıq və saxtakarlıq olmaqla, həm də təhlükəli presedent yaradan ciddi qanunsuzluqdur. Hər kəs çox yaxşı başa düşür ki, əslində nə Şvabeni, nə də onun məlum məzmunda çıxışına dəstək verən təlxəklər yığınını Azərbaycanda konkret cinayət əməlinə görə məhkum olunan dələduz, yaxud barəsində cinayət təqibi davam edən, təqsirləndirilən şəxs maraqlandırmır. Sadəcə, AŞPA-ya bu, anti-Azərbaycan fəaliyyət üçün növbəti mövzudur. Bu gün Azərbaycan Respublikasının özünün prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması, müstəqil davranması neoimperialist güclərin niyyətləri ilə üst-üstə düşmür. Ölkəmizin Vətən müharibəsindən sonra isə özünü həm də ciddi hərbi-siyasi güc kimi təsdiq etməsi, adətən münaqişəli vəziyyətlərdən qidalanan Qərb dairələrinin qazanc və hərəkət imkanını məhdudlaşdırıb. Amma bir reallıq unudulur ki, AŞPA ən azı bizim bölgədə insan haqları barədə danışmaq haqqını itirib. Elə təşkilata üzvlük dönəmimizdə, Gəncədə, Bərdədə, Tərtərdə körpələr raket zərbələri ilə məhv edilərkən susan AŞPA selektiv qaydada hər hansı bir azərbaycanlının hüququnun müdafiəsi barədə necə danışa bilər? İndi "siyasi məhbus" şousu ilə AŞPA faktiki olaraq Azərbaycan məhkəmələrinin qərarlarını və fəaliyyətini şübhə altına alaraq, Azərbaycan hüquq-mühafizə sistemi üzərində təzyiq mühiti formalaşdırmaqla beynəlxalq hüququn prinsiplərini açıq formada pozur. Amma Fransa muzdlusu olan alman deputat da, ona kürsü verənlər də unutmamalıdırlar ki, özünün müəyyən etdiyi meyarlarla işlərə selektiv qaydada baxan, qəbuledilməz hesab etdiyi istənilən şikayəti rədd edən, bir sıra hallarda müraciətləri 5-6 il gözlədən, özünün "vacib" hesab etdiyi işlərə dair 1 həftəyə qərar çıxaran Avropa Məhkəməsindən fərqli olaraq, Azərbaycanda hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilən cinayət prosesini siyasiləşdirmək cəhdləri indidən iflasa məhkumdur.
Bütün bunlar göstərir ki, AŞPA-nın ssenarisinin artıq çoxdan hazır olan anti-Azərbaycan qərarının insan hüquqları ilə heç bir bağlılığı yoxdur və təəssüf ki, Avropa Şurası özünün Nizamnaməsində "həqiqi demokratiyanın əsasları hesab etdiyi şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi prinsiplərini" bu dəfə də alətə çevirir.
Biz ümumbəşəri dəyərlərə sadiq olaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətimizi bəyan etmiş və o cümlədən də AŞPA-ya da bu istiqamətdə əlverişli platforma kimi yanaşmışıq. Lakin 23 illik üzvlük dönəmimizdə Avropa Şurası bəşəri ideallar naminə Azərbaycanın gözləntilərini faktiki olaraq doğrultmayan bir təşkilatdır. Biz Avropa ilə sağlam münasibətlərin dərinləşdirilməsində israrlıyıq və bunun üçün isə riyakar mexanizmə çevrilmiş Avropa Şurası Parlament Assambleyasına ehtiyac duymuruq. Azərbaycan üçün Avropa hansısa qeyri-hüquqi məqsədlər güdən klublar yox, ayrılıqda strateji müttəfiqlik münasibətlərində olduğumuz, enerji təhlükəsizliyini birbaşa təmin etdiyimiz və milli təhlükəsizliyində rol aldığımız tərəfdaşlarımız və bundan sonra əməkdaşlığımızı dərinləşdirmək niyyətində olduğumuz digər dost dövlətlərdir.
Bəhruz MƏHƏRRƏMOV,
millət vəkili.