Azərbaycanın təşəbbüsü ilə İstanbulda TDT-yə üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin görüşü keçirilib
Siyasət

Azərbaycanın təşəbbüsü ilə İstanbulda TDT-yə üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin görüşü keçirilib

Sentyabrın 2-də İstanbulda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin (müşavirlərinin) qeyri-rəsmi görüşü keçirilib.

AZƏRTAC TDT-nin saytına istinadla xəbər verir ki, Təşkilatın İstanbuldakı binasında keçirilən tədbirdə üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Katibliyin təmsilçiləri də iştirak ediblər.

Görüşdə üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanaraq, Təşkilatın fəaliyyətinin genişləndirilməsinin önəmi qeyd olunub.

İştirakçılar Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək TDT-nin 10-cu Zirvə Toplantısının təşkilinə dair məsələləri də müzakirə ediblər. Zirvə Toplantısı çərçivəsində imzalanacaq sənədlərin Türk dünyasında əlaqələrin inkişaf etdirilməsi və ortaq hədəflərə nail olunması baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə, həmçinin beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsi məsələsi də müzakirə edilib.

Nümayəndə heyətləri bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın təşviq edilməsi, birgə təşəbbüslər üçün potensial imkanları dəyərləndiriblər.

Toplantı "Türk Dünyasına Baxış-2040" və "TDT 2022-2026 Strategiyası" çərçivəsində Türk Dövlətləri Təşkilatının inkişaf edən qlobal mühitdə türk dövlətləri arasında daha dərin əməkdaşlığın təşviq olunması öhdəliyinə uyğun olaraq, konstruktiv dialoq və strateji planlaşdırma baxımından platforma rolunu oynayıb.