Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonu qəbul edib.
Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə S.Əliyeva Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ombudsman müvafiq sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, habelə İsveçin və digər ölkələrin ombudsmanları ilə ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edib. Müvəkkil Beynəlxalq Ombudsmanlar İnstitutu və regional ombudsman institutları şəbəkələri çərçivəsində sıx əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söyləyib.
Müvəkkil müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması məqsədilə faktaraşdırıcı missiyaların həyata keçirildiyini, yerində araşdırmaların aparıldığını və əldə edilən faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərildiyini bildirib. Ombudsman müharibə cinayətlərini törədən şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsinin bu kimi halların yenidən təkrarlanmasına zəmin yaratdığını diqqətə çatdırıb.
"Respublika".