Prezident İlham Əliyev Milli maraqlarımızın təminatçısı
Siyasət

Prezident İlham Əliyev Milli maraqlarımızın təminatçısı

Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna və onun alternativsiz davamçısı olan İlham Əliyevə etimad göstərməklə, davamlı inkişafımıza və tərəqqimizə dəstəyini nümayiş etdirdi. İlham Əliyev isə hər bir azərbaycanlının prezidenti olduğunu real işi ilə sübuta yetirərək, apardığı sistemli və kompleks islahatlarla xalqın yüksək rəğbət və məhəbbətini qazanmağa nail oldu.

Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində İlham Əliyev özünün sosial-iqtisadi platformasını açıqlayarkən ölkəmizin dinamik inkişafı, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə sıx inteqrasiyası üçün mühüm işlər həyata keçirəcəyini bəyan etmişdi. Prezident səlahiyyətlərinin icrasına başladığı vaxtdan az sonra dövlət başçısının ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf meyillərini daha da sürətləndirmək məqsədilə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli fərmanı mühüm əhəmiyyətli sənəd oldu. Bu sənəddə qeyri-neft sektorunun gücləndirilməsi, sahibkarlıq mühitinin genişləndirilməsi, ixrac qabiliyyətli müəssisələrin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi kimi məsələlər geniş əksini tapmışdı. Fərmanda həmçinin icra strukturlarının vətəndaşların qanuni tələblərinə və onların zəruri ehtiyaclarına diqqətlə yanaşması vacib məqam kimi göstərilmişdi.

Aradan illər keçəndən sonra birmənalı demək olar ki, düzgün müəyyən edilmiş iqtisadi siyasət prioritetləri dinamik inkişafı təmin etməklə, Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına, regionun lider ölkəsi mövqeyinə çıxarmışdır. İqtisadi inkişafın sürətləndirilməsinə hesablanan müxtəlif Dövlət proqramlarının qəbul edilməsi və ardıcıllıqla həyata keçirilməsi ötən müddət ərzində iqtisadiyyatımızın bütün sahələrində nəzərəçarpacaq tərəqqinin əldə edilməsi naminə həyata keçirilən siyasi kursun düzgünlüyünü sübuta yetirmişdir.

Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaratmış və bu model Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaratmışdır. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyinə rəvac verməkdədir.

Ölkənin iqtisadi inkişafının davamlı olması Prezident İlham Əliyevin iqtisadi siyasətinin təməl prinsipidir. Həm iqtisadi, həm də sosial istiqamətləri nəzərə alan strategiya bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqramları həyata keçirməyi ehtiva edir. İnflyasiya tempinin məqbul səviyyədə saxlanması, valyuta bazarında sabit və proqnozlaşdırıla bilən vəziyyətin təmin edilməsi, valyuta ehtiyatların əhəmiyyətli dərəcədə artırılması və səmərəli idarə edilməsi, dövlət idarəetmə sistemində struktur islahatların həyata keçirilməsi ölkəmizdə iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir. Prezidentin müdrik siyasəti sayəsində neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində yarana biləcək iqtisadi qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə yönəldilmişdir. Məhz bunların nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsində nailiyyətlər əldə edilmişdir. Eyni zamanda, iqtisadi artım əhalinin rifah səviyyəsinin yüksəlməsi üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir.

Azərbaycanın milli maraqlarının müdafiəsini, ölkəmizin sosial-iqtisadi inkişafında davamlılığı və dayanıqlılığı özündə ehtiva edən Prezident İlham Əliyevin çoxşaxəli daxili strategiyası öz milliliyi, müasirliyi, cəsarətliliyi və xoşməramlılığı ilə bərabər, demokratikliyi və aşkarlığı ilə də dünya siyasətçilərinin, dövlət rəhbərlərinin diqqətini özünə cəlb etməkdədir.    

Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaratmış və bu model Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaratmışdır. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyinə rəvac verməkdədir.   

Ölkənin iqtisadi inkişafının davamlı olmasını özünün iqtisadi siyasətinin təməl prinsipi kimi dəyərləndirən Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmini belə vurğulamışdır: "Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək".

Prezident İlham Əliyevin dövlət başçısı kimi qazandığı uğurlar hələ birinci prezidentlik dövründə özünü bariz surətdə göstərmişdir. Dediklərimizin əyani sübutu kimi, Prezident İlham Əliyevin 2008-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasdakı nitqindən ayrı-ayrı parçalara diqqət yetirək:

  • Bu gün mən... son beş il ərzində görülən bəzi işlər haqqında öz fikirlərimi demək istəyirəm. Hesab edirəm ki, mənim buna haqqım çatır. Çünki iki gündən sonra mənim prezidentlik dövrüm başa çatır. Beş il ərzində çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Beş il ərzində görülən işlər, əlbəttə ki, bizi həm sevindirir, həm də növbəti məsələlərin həllinə çağırır. Biz böyük qürur hissi ilə deyə bilərik ki, beş il ərzində qarşımıza qoyduğumuz əsas məsələləri uğurla icra etdik. Ancaq növbəti illərdə bizi daha böyük işlər gözləyir.
  • 2003-2008-ci illərdə Azərbaycanın iqtisadiyyatı, ümumi daxili məhsul 2,7 dəfə artıbdır. Mən hesab edirəm ki, bu, dünyada tarixi bir nailiyyətdir. Mən yaxın keçmişdə tarixdə ikinci elə ölkə tanımıram ki, beş il ərzində iqtisadiyyatı təxminən 3 dəfə artsın.
  • Bizim iqtisadiyyatımız çox güclənibdir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollardır. Bu, keçid dövrünü yaşayan ölkələr üçün çox böyük göstəricidir.
  • Azərbaycanda beş il ərzində sənaye istehsalı 2,7 dəfə artıbdır.
  • Neft hasilatı 2003-cü ildə 15,4 milyon ton idi, 2008-ci ildə 52 milyon ton təşkil edibdir.
  • Yəni 2003-cü ildə Azərbaycanda qaz hasilatı 5.5 milyard kubmetr idi, 2008-ci ildə isə 26 milyard kubmetr qaz hasilatı gözlənilir. Qazlaşdırma 2003-cü ildə 62 faiz, 2008-ci ildə 84 faiz təşkil edir. Son beş il ərzində 14 rayonun qaz təchizatı təmin olunmuşdur.
  • 2003-2008-ci illərdə Azərbaycanda 700 meqavat gücündə 8 elektrik stansiyası tikilibdir. 2009-cu ilin birinci yarısına qədər yeni stansiyalar tikiləcək və onların gücü 1000 meqavat olacaqdır. Beləliklə, beş il ərzində 1700 meqavat əlavə güc yaradılıbdır və bu, demək olar ki, Azərbaycanda bütün illərdə yaradılmış elektrik enerjisi istehsalı gücünün təxminən yarısıdır, ondan bir qədər azdır.
  • Dövlət büdcəsinin xərcləri 2003-cü ildə 1 milyard 200 milyon dollar idi. 2008-ci ildə Azərbaycanın icmal büdcəsi 15 milyard dollardan çoxdur.

2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil edirdi. 2008-ci ilin oktyabr ayında təxminən 17 milyard dollardır.

Bütün bu göstərilənlərlə yanaşı, beynəlxalq təşkilatlarla əməkdaşlıqda yalnız Azərbaycan xalqının mənafeyini yüksək tutan Prezident İlham Əliyevin siyasəti sayəsində milli iqtisadi müstəqilliklə dünyəvi proses olan qloballaşma arasında optimal uzlaşmanın əldə olunması məhz Azərbaycanın iqtisadi inkişaf modelinin uğurlarından biri kimi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qloballaşma şəraitində böyük uğurlara səbəb olmuş və ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırmış daxili və xarici siyasətinin yüksək dəyəri həm də qloballaşma prosesinə xas olan iki bir-birinə əks universallıq və unikallıq kimi xüsusiyyətlərin uzlaşdırılmasıdır. Məhz unikallığı və universallığı eyni dərəcədə vacib sayaraq cənab İlham Əliyev onların hər birinin prinsipcə mümkün hesab edilə bilən mənfi nəticələrinin yaranmasına qarşı siyasət aparmaqla bütün sahələrdə Azərbaycanın müstəqil mövqeyinin tanınmasına nail olmuşdur. Dövlət quruculuğu siyasətində optimal universallıq və optimal unikallıq yolu Azərbaycanı dünyada sakitlik və stabillik adasına, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, beynəlxalq tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkana çevirmişdir.

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizdə inkişaf etmiş ölkələrlə bərabərhüquqlu və qarşılıqlı əlverişli əməkdaşlığa dair bir çox layihələr baş tutmuş və bu sahədə yeni-yeni addımlar atılmaqdadır.    

Müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin qayəsini daha çox sosial ədalətə nail olmaqla yanaşı, ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqə yol verilməməsi, ikili standartların fəsadlarının azaldılmasına dair ardıcıl, cəsarətli və həm də dərin düşünülmüş mübarizə təşkil edir.

Son 20 ildə diqqətçəkən mühüm məqamlardan biri də əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən strateji problemlərin və hadisələrin müzakirəsini keçirməkdən ibarət olan Davos Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin qlobal iqtisadiyyatda və siyasətdə mühüm rola malik problemlərin müzakirəsində fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdikləri çoxsaylı və yüksək səviyyəli işgüzar görüşləridir.

Xatırladaq ki, bu görüşlərdə Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulmuşdur. Bu məqsədlə, Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin mübadiləsi həyata keçirilmişdir. Prezident İlham Əliyev Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək demişdir ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlət başçısı bəyan etmişdir ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək.

Son illərdə Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu da imzalanmışdır. Sənədə əsasən forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılmışdır. Onu da qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının çağırış və imkanlarını həyata keçirməkdir.

İmzalanma mərasimində Prezident İlham Əliyevin söylədiyi fikirlər yeni dövrün çağırışlarına ünvanlanmışdır: "Bu, bizim əlaqələrimizin yeni səhifəsi üçün yaxşı başlanğıcdır... Biz çox fəxr edirik ki, Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq".

Tədbirdə Dünya İqtisadi Forumu prezidentinin cənab İlham Əliyevə ünvanladığı sözlər də diqqət çəkir: "Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq".

Artıq bir reallıqdır ki, yaxın onilliklərdə qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə hər bir ölkənin sürətli və dayanıqlı inkişafının əsasını təşkil edəcək. Xarici analitiklər belə bir cəhətə xüsusi diqqət yetirirlər ki, uğurların və əldə edilən nailiyyətlərin müqabilində İlham Əliyev əsla eyforiyaya qapılmır, mövcud situasiyanı düzgün qiymətləndirərək optimal qərarların qəbul edilməsinə və onların həyata keçirilməsinə nail olur.

Ötən 20 ildə cənab İlham Əliyev beynəlxalq aləmlə də balanslaşdırmanı qoruyub saxlamış, heç bir dövlətin və ya alyansın təsiri altına düşməmiş, yaxud onlara qollarını geniş açmamış, eyni zamanda ölkəsinə düşmənlər də qazandırmamışdır. Çoxvektorluluq, çevik alyanslar strategiyası quruca sözlər deyildir. Bütün bunlar uzunmüddətli inkişaf üçün nəhəng potensialı təmin edir və özlüyündə müstəqil xarici siyasətin həyata keçirilməsinə etibarlı təminat verir. Çoxvektorluluq - geosiyasi qruplaşmalardan heç birinə qoşulmadan, çevik xəttə malik olmaq imkanını yaxın qonşularla və daha uzaq xariclə dostluq münasibətlərini yüksək qiymətləndirmək deməkdir.

Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir. Bu sahədə daha böyük uğurlara imza atmaq üçün şəffaflığın və rəqabətqabiliyyətliliyin gücləndirilməsinin böyük əhəmiyyəti vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 20 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Ötən 20 il ərzindəki uğurlarımız və onun zirvəsi kimi dəyərləndirilməyə layiq Şanlı Qələbəmizlə Ali Baş Komandanımız tərəfindən Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyulmuşdur.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin söylədiyi "Yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür" məzmunlu fikirləri artıq özünü doğrultmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 20 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Ötən 20 il ərzindəki uğurlarımız və onun zirvəsi kimi dəyərləndirilməyə layiq Şanlı Qələbəmizlə Ali Baş Komandanımız tərəfindən Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyulmuşdur.

Çox səciyyəvidir ki, şəffaflıq və korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuş, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir.

Biz artıq Böyük Qayıdış mərhələsində mühüm uğurlara imza atmaqdayıq.

Ən vacib problemlərdən biri də budur ki, bu yeni şərait, zaman və məkan dönəmində öz istiqamətimizi düzgün müəyyənləşdirərək və ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin bərpa edilib çiçəklənməsinə ən optimal vasitələrlə nail olaq. Bütün bu göstərilənlər Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlarda öz vacibliyini və həlli istiqamətlərini tapmışdır ki, bunların da sırasında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə prioritet təşkil edir.

Ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir.

Qeyd etmək lazımdır ki, bu məqsədlə ölkəmizdə həyata keçirilən tədbirlər getdikcə daha böyük vüsət almaqdadır.

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor.