Qərbin regionda hamıya məlum, məchul bir sərgüzəşti
Siyasət

Qərbin regionda hamıya məlum, məchul bir sərgüzəşti

Vətən müharibəsindən sonra Azərbaycan bütün danışıqlar formatında fəal iştirak edib. Ölkəmizin Moskva, Brüssel, Vaşinqton danışıqlarında iştirak etməsinin əsas səbəbi qısa müddət ərzində regionda davamlı sülhə nail olmaq istəyi ilə bağlıdır.

Ancaq bizim istəyimizdən asılı olmayaraq vasitəçilər bir çox məqamlarda elə mövqe nümayiş etdiriblər ki, danışıqlar prosesində ciddi nəticələr əldə olunmayıb. Ona görə də Azərbaycan Ermənistana vasitəçisiz danışıqlar aparmağı təklif edir.

Həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel, Moskva və yaxud digər şəhərlərdə yox, regiondadır" fikirləri də rəsmi Bakının iki ölkə arasında sülhün gələcəyi ilə bağlı aydın mövqeyini ifadə edir. Azərbaycan uzun illərdən sonra sülh üçün yaranmış imkanın ayrı-ayrı güc mərkəzlərinin geosiyasi iddialarına qurban verilməsini istəmir və bu səbəbdən Ermənistanı da məsuliyyətli davranmağa dəvət edir. Azərbaycan tərəfi rəsmi şəkildə bəyan edir ki, bir sıra dövlətlər birtərəfli mövqe tutduqları üçün çətin ki, vasitəçi roluna iddia edə bilsinlər.

Hazırda Cənubi Qafqaz bölgəsi və burada yaşanan hadisələr üzərindən böyük geosiyasi oyun oynanılır. Ermənistanın bölgəyə başqalarını daxiletmə planları və sülh prosesini manipulyasiya cəhdləri davam edir. Rəsmi İrəvan isə Hindistan, Fransa və başqalarından silah almaqla prosesin Vaşinqton, Paris və Brüssel tərəfindən manipulyasiyası ilə problemi həll edəcəyini düşünür. Yanlış düşünürlər, problemin daha gərgin fazaya daxilolma riski artır. Ona görə də, məsələnin regionun daxilində həllini tapması son dərəcə önəmlidir.

Qərb Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlayanda, maddi-mədəni irsini vandallıqla məhv edəndə, insanları öz yurdlarında vəhşicəsinə deportasiyaya məruz qoyanda, Xocalıda soyqırımı və digər insanlığa sığmayan hərbi cinayətlər törədəndə ağzına su alıb susubdu. Lakin Qərb ölkələrinin Azərbaycanın öz gücünə Ermənistanın işğalına son verməsi ilə bağlı qətnamələr qəbul etməsi, o cümlədən beynəlxalq hüquq qaydalarına uyğun şəkildə öz ərazi bütövlüyü və suverenliyini təmin etməsinə qərəzli mövqe sərgiləməsi onların bölgədə dayanıqlı sülhdə maraqlı olmadığını göstərir. Əgər belə olmasaydı, Qərb ölkələri sülhün əldə olunmasında o zaman konstruktiv mövqe sərgiləmək üçün İrəvana təzyiq edərdilər. Amma biz bunun əksini görürük. Qərb bölgədə sülhün əldə olunmaması üçün İrəvana təzyiq edir.

ABŞ və Fransa son zamanlar Cənubi Qafqazla bağlı daha aqressiv, radikal mövqe ortaya qoymağa başlayıb. Bu, özünü xüsusilə Ermənistanı silahlandırmada və Bakı ilə İrəvan arasında israrlı vasitəçilik səylərində göstərir. Hazırkı ritorika əslində Qərbin məğlubiyyətini etiraf etməsinin təzahürüdür. Onlar başa düşürlər ki, Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Bu isə Qərbin riyakarlığının, yalan və oyunlarının qarşısını alır. Rəsmi Vaşinqtonun, həm də Parisin bölgə ilə bağlı öz planları var. Onlar Cənubi Qafqazdakı təsir güclərini artırmaq istəyirlər. Bu isə regiondakı gərginliyin davam etməsini və Rusiyanın ərazidəki təsir dairəsinin zəifləməsini tələb edir.

Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq Qərbin yeni strategiyasının əsasını təşkil edir. Bu, Rusiyanın cənub sərhədlərinin mühasirəyə alınması və Qara dənizə çıxış imkanlarının məhdudlaşdırılması deməkdir. Ona görə də, Rusiya Qərbin son addımlarını özünün milli təhlükəsizliyi üçün təhdid hesab edir. Qərbin digər bir niyyəti həm də Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiyaya çıxan nəqliyyat-kommunikasiya dəhlizlərini, Rusiya və İran arasında quru əlaqəsini özünün geosiyasi təsir zonasına daxil etməkdir. Bəzi Qərb ölkələri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı mübarizə aparır. Sosial mediada yayılan məlumatlara görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, əvvəllər də oxşar mübarizə diplomatik maskalar altında aparılıb. İndi bu maskalar çoxdan atılıb və döyüş birbaşa, açıq üzlə davam etdirilir. Həqiqətən bir sıra dövlətlər hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan rəsmən bəyan etdi ki, birtərəfli mövqe tutan ölkələr hansısa vasitəçilik roluna iddia edə bilməzlər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyisə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir. Regionda sülhün və sabitliyin qarantı rolunu oynaya bilmir. Rusiya isə səylərini davam etdirir. Peskovun bəyanatı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin açıqlamasının davamı sayıla bilər. Nikolay Patruşev MDB-dən olan həmkarları ilə noyabrın 7-də keçirilən görüşündə regiondankənar qüvvələrin Azərbaycanla Ermənistan arasında sülhə mane olduğunu demiş və Qərbin Cənubi Qafqazda fəallaşması ilə bağlı Moskvanın narahatlığını dilə gətirmişdi.

Ağ Ev və Yelisey Sarayı hər nə qədər sülh müqaviləsi haqqında danışsalar da, bu açıqlamalar boğazdan yuxarıdır. Çünki sülh müqaviləsi həm də regional əməkdaşlıq mühitinin təmin olunması deməkdir. Bu isə üçüncü güclərin, o cümlədən Qərbin proseslərə müdaxilə imkanını minimuma endirir. Gələcəkdə Cənubi Qafqazda Rusiya ilə Qərb arasında mübarizənin daha da güclənəcəyini proqnoz etmək olar. Bu rəqabət şəraitində konkret olaraq hansı tərəfin qalib gələcəyini demək çətindir. Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirmədiyi, "iki stulda oturduğu" müddət ərzində qurban olacaq. Azərbaycan isə məhz güclü ordusu, diplomatiyası və iqtidar-xalq birliyi sayəsində növbəti sınaqlardan da qalib çıxacaq.

Mustafa KAMAL,

"Respublika".