Ölkəmiz kifayət qədər resurslara malikdir
İqtisadiyyat

Ölkəmiz kifayət qədər resurslara malikdir

İstismara hazırlıq işləri gedən yataqlar da bunu deməyə əsas verir

"Bizim digər layihələrimiz və "Abşeron" qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, "Abşeron"da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, "Şəfəq", "Asiman", "Ümid", "Babək", Naxçıvan", "Qarabağ" - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür". Bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Sovet İttifaqının dağılmasından sonra Xəzər dənizi regionunun geosiyasətində neft və qaz mühüm rol oynayır. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi Xəzər hövzəsi ölkələrinin iqtisadi inkişafında məhz karbohidrogen resurslarından əldə olunan gəlirlər mühüm amilə çevrilib. Region dövlətləri 1990-cı illərin əvvəllərində müstəqillik qazandıqdan az sonra öz milli maraqlarına əsaslanan enerji siyasəti həyata keçirməyə başlayıblar.

Xəzəryanı dövlətlərin zəngin karbohidrogen ehtiyatlarına malik olması onlara dünya enerji bazarına mühüm töhfələr vermək imkanı yaradıb. Bu gün Xəzər hövzəsi ölkələri müxtəlif enerji bazarlarına neft-qaz tədarük edir. Bununla yanaşı, onlar ixrac həcmini artırmaqla, eyni zamanda ixrac marşrutlarını da şaxələndirməkdə maraqlıdırlar. Hazırda Türkmənistanla Qazaxıstan enerji resurslarını əsasən Çin və Rusiyaya tədarük edir. Azərbaycanın karbohidrogen resursları isə onlardan fərqli olaraq, Avropa və Trans-Atlantik məkanına ixrac olunur.

Məlumdur ki, Xəzərin okeana çıxışı yoxdur. Həmçinin, regionun karbohidrogen resursları əsas enerji tədarükçülərindən uzaqda yerləşir. Bu baxımdan, bölgədə neft-qaz ixracı üçün infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edirdi. Beləliklə də Azərbaycan özünün neft və qazını ilk dəfə beynəlxalq bazarlara çıxarmaq üçün layihələr reallaşdırdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi qaz xətti kimi meqalayihələr həyata keçirdi. Bu iki enerji layihəsi Azərbaycanın uğurlu enerji siyasətinin nəticəsidir.

Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra onun enerji təchizatı coğrafiyası Azəri-Çıraq-Günəşli neft yatağının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri sayəsində əhəmiyyətli dərəcədə genişlənmişdir. Nəticə etibarilə ölkə uzun illərdir ki, təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarını neftlə təmin edir. XXI əsrdə isə Azərbaycanın enerji sənayesi nəhəng "Şahdəniz" yatağında aşkar edilmiş təbii qaz ehtiyatları sayəsində sürətlə inkişaf edir.

"Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minmişdir. Bu isə Azərbaycan iqtisadiyyatına irihəcmli xarici investisiyaların yönəldilməsinə imkan yaradıb. "Şahdəniz" yatağından Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2007-ci ildə Gürcüstan və Türkiyə kommersiya qaz nəqlinin başlanması ölkəni qaz ixracatçısına çevirdi və Azərbaycanın enerji sənayesi tarixində yeni bir səhifə açdı. Cənub Qaz Dəhlizi sayəsində isə Azərbaycanın enerji ehtiyatları ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çıxdı, ölkəmizin bu qitəyə irihəcmli qaz təchizatçısına çevrilməsinə şərait yaratdı.

"Şahdəniz" yatağının işlənməsinin növbəti mərhələsi, yəni "Şahdəniz 2" 2013-cü ildə təsdiqlənib və dünyanın ən böyük və mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada BP şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturdur. Həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc seqmentidir.

2022-ci ilin iyul ayında Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən 2027-ci ilə qədər təbii qazın təchizat həcminin ən azı iki dəfə artırılması planlaşdırılır və bunun üçün geniş potensial mövcuddur. Buna əminlik yaradan əsas məqamlardan biri gələcək illərdə istismara verilməsi planlaşdırılan "Abşeron", "Ümid", "Babək", "Asiman", "Şəfəq" və başqa yataqlardır.

Azərbaycan yaxın zamanlarda yalnız neft və qaz deyil, eyni zamanda elektrik enerjisi ixracatçısı kimi də tanınacaq. Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı ilkin dəqiq təhlil aparılıb. Günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə dünyada ikincidir. Belə əminlik ifadə edilir ki, nəhəng enerji şirkətləri külək potensialına malik Kəlbəcər, Laçın və ölkəmizin ən günəşli yerlərindən biri olan Cəbrayılda da layihələr həyata keçirməyə maraq göstərəcəkdir.

Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində gələcək perspektivlərdən danışarkən deyib: "...yaşıl enerjiyə gəldikdə, yenə də burada Azərbaycan öz rolunu oynayacaq. Çünki yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb. Yəni qazla, neftlə bağlı bütün məsələlər həll olunub. Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq".

Bəli, Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru əmin addımlarla irəliləyir, qlobal dünya düzənində layiq olduğu yeri təmin edir. Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilərək dünyanın enerji xəritəsinə mütəmadi əlavələr edən ölkəmizin önəmi getdikcə artır.

Zümrüd QURBANQIZI,

"Respublika".