Birləşmiş Millətlər Təşkilatı 24 oktyabr 1945-ci ildə yaradılıb
BMT -nin yaradılmasında əsas məqsəd beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Müasir çoxşaxəli diplomatiyanın əsas elementi kimi çıxış edən qurumun baş qərargahı Nyu-Yorkda yerləşir. Təşkilatın Vyana, Cenevrə və Nayrobidə də əlavə ofisləri fəaliyyət göstərir.
Birləşmiş Millətlər Təşkilatı adı ilk dəfə 1942-ci il yanvarın 1-də ABŞ, Böyük Britaniya, SSRİ və Çin tərəfindən imzalanmış Bəyannamədə işlənib. Həmin sənədi imzalayan dövlətlər Atlantika Xartiyasında (1941-ci il avqustun 14-də Böyük Britaniyanın baş naziri Uinston Çörçill və ABŞ prezidenti F.D.Ruzvelt tərəfindən qəbul edilmiş bəyanatda) müəyyən edilmiş proqrama qoşularaq hərbi və iqtisadi resurslardan birgə istifadə edəcəklərini bəyan ediblər. 1945-ci ildə isə San-Fransisko Konfransında təşkilatın Nizamnaməsi təsdiq edilib. Həmin il iyunun 26-da 50 dövlətdən olan nümayəndələr bu Nizamnaməyə imza atıb, oktyabrın 24-də isə sənəd qüvvəyə minib. Altı əsas orqandan ibarət olan təşkilatın strukturuna Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və BMT Katibliyi daxildir. BMT tərkibində, həmçinin Dünya Bankı Qrupu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, UNESCO və UNICEF daxil olmaqla bir sıra ixtisaslaşmış beynəlxalq agentliklər, fondlar və proqramlar fəaliyyət göstərməkdədir. 2017-ci ildən etibarən qurumun Baş katibi vəzifəsini portuqaliyalı diplomat Antonio Quterreş icra edir.
Bu gün demək olar ki, dünyadakı suveren dövlətlərin əksəriyyəti BMT-nin üzvüdür. Respublikamız 1992-ci il martın 2-də keçirilən BMT Baş Assambleyasının 46-cı plenar sessiyasında təşkilata üzv qəbul edilib. Həmin gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb. May ayının 6-da isə ölkəmizin nümayəndə heyəti BMT-də fəaliyyətə başlayıb. 1993-cü ildə respublikamızda BMT-nin ofisi açılıb.
O dövrdə ölkəmizdə siyasi hərc-mərclik hökm sürürdü. Xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev BMT-yə üzv olmaqla Azərbaycana yenicə bərpa edilmiş müstəqilliyini möhkəmləndirməyə, beynəlxalq ictimaiyyətlə, xüsusən də Avropa ilə əlaqələri genişləndirməyə şərait yaratdı. Heydər Əliyev hələ ilk günlərdən bu platforma vasitəsilə dünya birliyinin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək üçün əsaslı addımlar atdı, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdi. Sözügedən qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilir, atəşkəs və hərbi əməliyyatların dərhal dayandırılması, habelə işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazilərindən çıxarılması tələb olunurdu. Lakin icra mexanizminin zəif olması, eləcə də beynəlxalq hüququn işləməməsi səbəbindən həmin sənədlərin həyata keçirilməsinə süni əngəllər yaradılırdı. Amma haqq-ədalətin bir gün öz yerini tapacağı hər kəsə məlum idi. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində ölkəmiz 30 il kağız üzərində qalan qətnamələrin icrasını özü təmin etdi. Beləliklə, işğal altında qalmış torpaqlarımız azad olundu, yeni tariximizin ən şanlı və parlaq səhifəsi - Zəfər dastanımız yazıldı.
2011-ci ildə qurumda keçirilən seçkilərdə 155 dövlətin səsini qazanan Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Şübhəsiz, bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik siyasi kurs sayəsində mümkün olub. Həmçinin Azərbaycan 2003-2005, 2012-2013-cü illərdə BMT-nin İqtisadi Şurasına üzv olub. Bundan başqa, 2005-2006 və 2006-2009-cu illərdə təşkilatın İnsan Hüquqları Komissiyasının üzvü seçilmişdir.
Respublikamız, eyni zamanda BMT-nin İnsan Hüquqları Şurası və digər orqan və strukturlarında da təmsil olunur. Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu, UNICEF arasında 2019-cu il oktyabrın 18-də inklüzivlik və erkən uşaqlıq inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanmışdır. 2020-ci ilin mart ayında isə ölkəmiz koronavirus infeksiyasının dünyada yayılma riskinin qarşısının alınması üzrə dünya ictimaiyyətinin səylərinə töhfə vermək məqsədilə 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Həmin vəsait ÜST-ün "Strateji Hazırlıq Planı və cavab tədbirləri" çərçivəsində "COVID-19 Müraciəti" adlandırılan Fonda köçürülüb.
Nəzrin ELDARQIZI,
"Respublika".