"Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var". Bu fikirləri yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşü zamanı bildirib.
Bu gün Azərbaycan Respublikası dünya dövlətləri ilə siyasi-iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlıq edir. Regionda sülhün tərəfdarı kimi qəbul edilən respublikamızın mədəniyyəti, mənəvi dəyərləri başqa xalqlar və dövlətlər üçün böyük maraq doğurur. Odur ki, xarici dövlətlər də Azərbaycanla mədəni əlaqələrə, humanitar əməkdaşlığa böyük üstünlük verirlər. Bir sıra dövlətlərdə Azərbaycanın mədəniyyət mərkəzləri açılıb. Azərbaycanda da müxtəlif ölkələrin, o cümlədən Misir Ərəb Respublikası, Türkiyə, İran, Rusiya, Ukrayna və sair dövlətlərin mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu mədəniyyət mərkəzləri öz ölkələri ilə Azərbaycan arasında mədəni, humanitar sahədə bir körpü rolunu oynayır.
Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi bir sıra tədbirlər keçirir, Azərbaycanın gənc yazarları ilə görüşlər, film həftələri, sərgilər və s. təşkil olunur. Azərbaycanla Misir arasında tarixən dostluq əlaqələri olub. Qədim alban və kopt xristian kilsələri arasındakı yazışmalar, ölkəmizin ərazisində tapılmış, orta əsrlərə aid Misir sikkələri, ticarət əlaqələri, erkən və orta əsrlərdə qurulmuş diplomatik əlaqələr də bunu təsdiqləyir. Hələ keçmiş sovet dövründə də hər iki dövlət arasında mədəniyyət və elm sahələrində əlaqələr mövcud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində və hazırkı dövrdə də ölkələrimiz arasında siyasi-iqtisadi-ticari-təhsil və mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Qeyd edək ki, ötən illər ərzində hər iki ölkə arasında mədəniyyət əlaqələri əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, 2005-ci ildə Misirdə Azərbaycan Mədəniyyət Günləri, 2014-cü ildə isə Bakıda Misir Mədəniyyət Günləri keçirilib. Azərbaycan 2015-ci ildə Qahirə Beynəlxalq Kitab Sərgisində, Misir isə elə həmin ildə Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.
2021-ci il dekabrın 8-dən 10-dək Misirin paytaxtı Qahirə şəhərində keçirilən ikinci Ali Təhsil və Elmi-Tədqiqatlar üzrə Qlobal Forumu çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə açılan sərgi də unudulmaz anlarla yadda qalıb.
Bu gün Azərbaycanda bir sıra dövlətlərin mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi olduqca müsbət haldır. Bu qurumlar mədəniyyətləri, insanları, dövlətləri bir-birinə yaxınlaşdırır, dostlaşdırır, sülhü və multikultural dəyərləri ifadə edir, mədəniyyətlər arasında körpü yaradır.
Nurəngiz ADİLQIZI,
"Respublika".